Ordumuz böyük talançılığa da son qoydu

Daha Ermənistanın Qarabağla heç bir iqtisadi bağlılığı ola bilməz

Erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək


Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan işğal altındakı Azərbaycan torpaqlarında yağmalama ilə məşğul olduqlarını etiraf edib. O deyib ki, müharibəyə qədər Qarabağda təxminən 100 min ton buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi. İndi isə həm taxıl sahələrinin, həm də su elektrik stansiyalarının əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçib. Baqratyan indiki hökuməti bu sözlərlə tənqid edib: “Mövcud hakimiyyətin yarıtmaz siyasətinə görə Ermənistan Dağlıq Qarabağı buğda və elektrik enerjisi ilə təmin etməli olacaq. Halbuki, Dağlıq Qarabağın ildə yığılan 100 min ton buğda Ermənistanın buğdaya olan tələbatının 25 faizini ödəyirdi. Buğda tarlalarının əksəriyyəti Azərbaycanın nəzarətinə keçdi. İndi bu yüz min ton buğda Ermənistandan Qarabağa tədarük edilməli olacaq. Eyni problemlər elektrik enerjisi ilə də ortaya çıxacaq. Azərbaycan Ordusu bir rayonda üç su elektrik stansiyasına sahib olub. Deməli, Qarabağın elektrik enerjisi təchizatını da Ermənistandan təmin etmək lazım gələcək. Bundan əlavə, bir neçə böyük müəssisə Azərbaycanın nəzarətinə keçib”. 

Bu açıqlama Ermənistanın illərdir Azərbaycan ərazilərindəki zənginlikləri talamasının daha bir sübutudur. Baqratyan hələ onu deməyib ki, Ermənistan Kəlbəcərin və Zəngilanın yeraltı sərvətlərindən milyonlarla və bəlkə də milyardlarla dollar əldə edib. Məsələnin başqa tərəfi də var. Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına riayət etmələrini və Azərbaycan pasportlarını daşımalarını tələb ediriksə, bu bölgənin Ermənistan iqtisadiyyatı ilə bağlılığına da son qoymalıyıq. Dağlıq Qarabağda tədavüldə manat olmalı, büdcəsi, gəlirləri və xərcləri Bakı ilə razılaşdırılmalıdır. 

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə bildirib ki, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yerüstü və yeraltı təbii sərvətlərimizi talan etməsinə dair çoxsaylı faktlar və bu cür etiraflar var. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun Qarabağı işğaldan və terrorçulardan azad etməsi nəticəsində bu cinayətə və talançılığa son qoyulur:

“Bəzi qanunsuz talanlarla bağlı Azərbaycan prokurorluğunda cinayət işləri açılıb. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Lakin indiyədək heç bir reaksiya verilməyib. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı var idi və 30 il ərzində Ermənistan bunları istismar edib. Bölgədə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.

Bundan əlavə, meşələrin qırılaraq satılması, su mənbələrinin vəhşicəsinə istismarı, həmin ərazilərdə narkotika plantasiyaları salınması kimi cinayət işləri də beynəlxalq məhkəmədə qaldırılmalıdır. Aran Qarabağda böyük taxıl əkinləri var idi ki, bu taxıl Ermənistana daşınırdı. İndi bu mümkün olmayacaq”. 

İqtisadçı vurğulayıb ki, Prezidentin tapşırığına əsasən vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndiriləcək: “Bəzi məlumatlara görə, söhbət ən azı 300 milyard dollarlıq təzminat tələbindən gedir.

Bundan başqa, bu prosesdə iştirak edən xarici şirkətlərin və vətəndaşların da məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Yaxın günlərdə azadetmə əməliyyatı başa çatacaq və bütün torpaqlarımızın yerüstü sərvətləri kimi, yeraltı sərvətləri də öz həqiqi sahibinə - Azərbaycan xalqına və dövlətinə qayıdacaq”. 

E.Bayramlıya görə, erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək: “Buradan əldə edilən gəlirlər Qarabağın bərpası və yenidənqurması üçün böyük töhfə verəcək.

Ermənistanın isə gəlirləri xeyli azalmış olacaq. Onsuz da iqtisadiyyatı dağılmış, defolt həddinə gəlmiş ölkə üçün bu, daha bir sarsıdıcı zərbədir. Ermənilərin yaşamasına icazə verilən ərazilərimizdə siyasi olduğu kimi, iqtisadi hakimiyyət də Azərbaycana məxsus olacaq.

Ermənistanla bu bölgənin heç bir iqtisadi bağlılığı ola bilməz. Yalnız burada yaşayan ermənilərə sosial yardımlar mümkündür. Ermənistana gedib-gələn ermənilər özləri ilə bir neçə şey aparıb gətirə biləcək. Bu da nəzarət altında olacaq”.