Donbasda müharibənin başlanması üçün geosiyasi şərtlər uyğun deyil - Politoloq

"Rusiya Ukraynanın real hərbi gücü ilə qarşılaşsa, danışıqlarda güzəştə gedəcək"

 "Ukraynanın Donbasda separatçılara qarşı əks-əməliyyat keçirməsi, Rusiyanin ciddi müqaviməti ilə üzləşə bilər".

Bunu "Sherg.az"a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Rusiyanın müdaxiləsi uzunmüddətli muharibə deməkdir və Ukraynanın qələbəsi ilə yekunlaşa bilməz:

"Hazırkı situasiyada Donbasda müharibənin başlanması üçün geosiyasi şərtlər uyğun deyil. Qarabağ müharibəsi ilə Donbas münaqişəsi fərqlidir. Kiçik lokal hərbi əməliyyatlarda Kiyevin üstünlüyü olsa da, miqyaslı müharibəni aparmaq iqtidarında deyil. Əgər ABŞ prosesdə birbaşa yer alarsa, nailiyyət əldə etmək olar. Qeyd edim ki, Türkiyənin Ukrayna üzərində təsiri formalaşıb. Bu ölkəyə ixrac etdiyi "PUA" Ukraynanın hərbi gücünü artırsa da, bu, həlledici qələbənin əldə edilməsinə gətirib çıxara bilməz".

Analitik hesab edir ki, Türkiyə Rusiyaya təzyiq etmək üçün Donbas münaqişəsindən istifadə etmək iqtidarındadır:

"Məhz Qarabağ məsələsində Moskva-Ankara arasında fikir ayrılıqları Donbasda da aktivliyə gətirib çıxarır. Qarabağ məsələsində Rusiya anti-Türkiyə mövqeyi tutacağı təqdirdə Ankara Donbasda Moskvaya qarşı təzyiq edə bilər. 
Türkiyənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi prosesində Rusiya ilə ciddi fikir ayrılıqları var. Moskva bir çox məsələlərdə Ankaranın iştirakını hərbi cəhətdən qəbul etmir. Qarabağda təkcə öz hərbi birləşmələri ilə üstünlüyünü qorumağa çalışır".

Siyasi şərhçi vurğulayıb ki,  ABŞ-da Co Bayden prezidentliyə rəsmən başlayandan sonra Ukraynanı hücum və latel silahlarla təchiz edəcək:

"Həmçinin Ankara da PUA sistemləri ilə təmin edəcək. Donbasda Rusiya Ukraynanın real hərbi gücü ilə qarşılaşsa, danışıqlarda güzəştə gedəcək. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və ölkəmizə daima dəstək verib. Azərbaycan BMT və digər təşkilatlarda Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsvermədə daha aktiv olmalıdır".