İflic və başsız ölkə...

Ermənistan tarixinin ən ağır günlərini yaşayır

Paşinyanın diktator hakimiyyəti uzun sürməyəcək

Ermənistanda hökumətin tənqidçilərinin cərgəsi hər ötən gün sürətlə artır. Məğlubiyyət acısı ilə barışmayanlar, döyüşlərdə övladlarını, qohumlarını itirənlər, siyasətçilər, iqtisadi böhrandan əziyyət çəkənlər, iş yerlərini itirənlər, bir sözlə, cəmiyyətin bütün təbəqələri baş nazirdən narazıdır. Narazılığın ifadə edilməsi açıq müstəviyə - mitinqlərə, nümayişlərə, küçədə polislə əlbəyaxa olmaq mərhələsinə daxil olub. Narazı kütlənin fikrincə, Paşinyanın idarəçilik komandası heç bir problem həll etmək iqtidarında deyil, ona görə də mütləq istefa verməlidir.

“Sputnik Ermənistan”ın məlumatına görə, Prezident Armen Sarkisyan Moskvada erməni icması ilə görüşündə vurğulayıb ki, Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər. Prezidentin sözlərinə görə, onlar Azərbaycana bütün cəbhələrdə, o cümlədən informasiya məkanında uduzublar. Sarkisyan Paşinyanı istefaya çağırıb: “İstənilən ölkədə belə bir faciəyə səbəb olan hökumət istefaya getməlidir. İndi Ermənistan başqa ölkədir, əvvəlki kimi davam etmək olmaz. Böhrandan çıxmağın sivil yolları var: - erkən seçkilər, xalqın razılığı əsasında hökumətin qurulması və s. Keçid hökumət öz sahəsi üzrə ixtisaslaşmış şəxslər tərəfindən təşkil edilə bilər, onu isə ümumi etimadı qazanmış şəxs qurmalıdır”.

“Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan millət vəkili Mikael Melkumyan öz feysbuk səhifəsində yazıb ki, əgər Paşinyan iki il yarım müddətdə Dağlıq Qarabağ məsələsində müsbət addım ata bilməyibsə, o zaman istefa versin: “İndi xarici və daxili proseslərə təsiriniz yoxdur, yəni dövlətimizin milli maraqlarına xidmət edə bilməyəcəksiniz”. “Armnews” televiziyasında çıxış edən politoloq Karen Bekaryan da bildirib ki, Paşinyan danışıqları məhv etdi, indi isə həyasızcasına yalan yazır:

“O, kimi axmaq hesab edir? Bu, növbəti həyasız yalandır, çünki onun özü şəxsən danışıqlar prosesini dalana dirəyib. Sən bütün danışıqlar prosesindəki gedişləri sarsıdırsan və anidən, hazırlaşmadan, məsləhətləşmədən bəyan edirsən ki, “Dağlıq Qarabağı” təmsil edə bilməzsən. Qısa müddət sonra bəyan etdin ki, “Qarabağ Ermənistandır və nöqtə”. Edilən bəyanatların heç birinin bir-biri ilə bağlılığı olmayıb. Bütün diplomatik korpus, dövlət aparatı iflic oldu”. 

Ermənistandakı prosesləri “Şərq”ə təhlil edən millət vəkili Anar Məmmədov deyib ki, Paşinyan onun istefasını tələb edən xalqa qarşı repressiya siyasətini davam etdirdiyi müddətcə etirazçıların mitinqləri davam edəcək və daha da genişlənəcək. Deputatın sözlərinə görə, Azərbaycan qarşısında acı məğlubiyyətə uğrayan baş nazir iqtidardan getməmək üçün diktatura rejimini hər gün daha da sərtləşdirir:

“Paşinyan demokratik azadlıqların tapdanmasını adi hala çevirir, fərqli düşünənləri ciddi şəkildə cəzalandırır. O, siyasi partiya rəhbərlərinin, siyasi fəalların saxlanılmasına göstəriş verir, deputatlara qarşı hücumlar təşkil edir.

Hətta Qarabağda döyüşən, ancaq varlığından xəbər olmayan əsgərlərin valideynləri etiraz səslərini ucaltdıqlarına görə polis zoraklığına məruz qalırlar. Bütün bunlarla bərabər, İrəvana gələn Qarabağ ermənilərinin məskunlaşma ilə bağlı yerli ermənilərlə ədavəti bir daha sübut edir ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil. Onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.

Ermənistana gələnlərin çox az hissəsi vətəndaşlıq almaq arzusunda olur, on minlərlə insan isə Ermənistan vətəndaşlığından imtina edir. Bunun başlıca səbəbi işğalçı ölkənin baş nazirinin indiyə kimi xalqını aldadıb, həqiqəti gizlətməsidir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda böhranın dərinləşəcəyi istisna deyil. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığı güclənəcək”. 

Parlament üzvünün fikrincə, Paşinyanın hakimiyyətdə uzun müddət qalmaq istəyi mümkün olmayacaq:

“Əvvəlki dövrlərdə ölkədəki hakimiyyət iqtidarda qalmaq üçün daxili auditoriyaya Ermənistanı “qalib ölkə” kimi təqdim edirdilər. Necə deyərlər, xəstə təfəkkürü və işğal siyasətini bütün erməni cəmiyyətinə sırıyırdılar. Amma bu siyasətin Ermənistanı iflic vəziyyətinə salması son illərdə özünü daha qabarıq büruzə verdi.

Paşinyan da hakimiyyətə gəldikdən sonra əvvəlki iqtidarların siyasətini davam etdirdi. İndi bu amil aradan qalxıb. “Qalib Ermənistan” mifi darmadağın olub. Erməni xalqı reallığın fərqinə varmaqdadır.

İstənilən halda ölkədə baş verənlər yeni toqquşmalar və vətəndaş qarşıdurması üçün münbit şərait yaradıb. Ermənistanda daha xaotik hadisələrin baş verəcəyi isə qaçılmazdır. Böyük tənəzzül yaşayan və işğal siyasətinin qurbanı olan Ermənistan üzləşdiyi problemlərdən uzun müddət xilas ola bilməyəcək.

Əfsuslar olsun ki, Avropa dövlətləri, beynəlxalq təşkilatlar Yerevanda yaşananlara səssiz qalır, iqtidarın repressiyalarından, qanunsuz əməllərindən, insan haqlarına təcavüzündən qətiyyən bəhs etmirlər”.