Psixoloqlar da "qollarını çırmalasın" ! – “Şəhid ailələri və qazilərə dəstək...”

“Onlara psixoloji dəstəyin göstərilməsi ilə bağlı model hazırlansın”

“Müharibədən sonra post-travmatik stress pozuntusu deyilən psixoloji narahatlıqlar yaranır”

“Psixoloji yardımla yanaşı döyüş iştirakçıları cəmiyyətə inteqrasiya edilməlidirlər”

Haqq savaşımızın  böyük qələbəmizlə son çatmasından dolayı sevincliyik. Lakin qəbul etmək lazımdır ki, müharibənin müəyyən fəsadları olur. Məsələn şəhidlik zirvəsinə ucalan oğullarımızın acısı, qazilərimizin fiziki məhdudiyyətləri, ailələrinin hazırki durumu hər birimizi düşündürür. Həm qürurluyuq, həm də onların problemlərini həll etmək, mənəvi dəstək vermək üçün səfərbərik.

Bir sözlə, döyüş iştirakçılarının problemləri yalnız fiziki yaralarla yekunlaşmır. Müharibənin dəhşətli səhnələrini, əsgər yoldaşlarının ölümünü gözləri ilə görən igidlərimiz psixoloji travmalar da alırlar. Məğrur başlarını daim dik tuturlar. Amma gözlərindəki kədəri, ağrını görürük. Belə bir məqamda onlara psixoloji dəstək göstərilməlidir. Yəni psixoloqlar həm şəhid ailələri, həm də qazilərlə söhbətlər aparmalı, travmalarını aradan qaldırmalıdırlar.



Elə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov da “Sherg,az”a açıqlamasında söylədi ki, şəhid ailələrinə və qazilərə psixoloji yardım göstərməyin birmənalı tövsiyə olunduğunu söyləyib:

 “Müharibədən sonra psixoloji dəstəyin göstərilməsi dünya təcrübəsində də mövcuddur. Hazırda həmin işin həyata keçirilməsi ilə bağlı müxtəlif modellər var. Onlardan istifadə etmək olar. Müharibədən sonra post-travmatik stress pozuntusu deyilən psixoloji narahatlıqlar yaranır. Döyüşdən qayıdanlar normal həyata adaptasiyada çətinlik çəkirlər. Ailədə, işdə müəyyən problemləri olur, depressiyaya düşə bilirlər. Çünki savaşda əsgər yoldaşlarını itirib, müharibənin dəhşətlərini görüb. Ona görə psixoloji dəstəyi hansı formada göstərilməsi haqqında düşünülməlidir. Şübhəsiz ki, kor- təbii formada həyata keçirmək olmaz.

Psixoloji yardım işləri sistemsiz aparılsa, bu, gələcəkdə böyük problemlərə yola açacaq. Ona görə də bu istiqamətdə görülən işlər koordinasiya olunmalıdır. Söhbət təkcə psixoloji yardımdan getmir. Məsələn Əmək  və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə və Müdafi Nazirliyi birgə iş görməlidir. Psixoloji yardımla yanaşı döyüş iştirakçıları cəmiyyətə inteqrasiya edilməlidirlər. Onlar qeydiyyata alınıb, düzgün iş şəraitləri ilə təmin olunmalıdırlar”.

E.Rüstəmov, həmçinin diqqətə çatdırıb ki, məsələ ilə bağlı Psixologiya və Tədqiqatlar instutu işlərə başlayıb:

“Sonda hansı modelin üzərində dayanılacağına qərar veriləcək.  Müharibə iştirakçılarına yardım  işini  həyata keçirmək çətin proses deyil. Çünki dövlətin özünün balansında kifayət qədər maddi texniki baza var. Sadəcə kadrları səfərbər edib, təlimlər keçmək lazımdır. Onları qısa müddətdə hazırlayıb, işə cəlb etmək olar.

Sonrakı mərhələdə məcburi köçkünlərin qayıtması, təhsil müəssisələrinin bərpası işlərində psixoloji müşayiət vacibdir. Onu da qeyd edim ki, indiyənə qədər təmənnasız işlər görülüb.

Müharibənin ilk günündən Psixologiya və tədqiqatlar İnstutunda döyüşçülər, onların yaxınlarına  psixoloji yardım göstərilir. İşlər görməyə də davam edəcəyik. Nəzərə almaq lazımdır ki, onlar bir ya da iki nəfər deyil. Hansısa əlahiddə şəkildə, kimlərsə həyat keçirə bilməz. Ona görə koordinasiya olunmalıdır. Ayrı-ayrı psixoloji mərkəzlərə də yönləndirilə bilər”.

Psixoloq yardımlarıın göstərilməsində “YAŞAT” fondunun da dəstəyinin ola biləcəyini xüsusi vurğulayıb:

“ Bu imkan verir ki, işlər əlaqəli şəkildə görülsün. Azərbaycanda mövcud olan  digər qurumlarla da işlər görülə bilər. Yetər ki, həmin model hazırlansın. Hazırda  müzakirələr aparılır. İstərdim ki, bütün işlərdə peşəkarlar iştirak etsin, fikirlərini bildirsin. Hazırlanan model də Azərbaycan reallığını nəzərə alsın. Burda Amerika, Avropa və digər ölkələrin təcrübələrindən faydalanıb, ortaq bir layihə hazırlamaq olar”.