Bu "döyüş"də ABŞ daha çox itirəcək, Türkiyə isə... - AKTUAL ŞƏRH 

“ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya ədalətsiz qərardır”

“Türkiyə nə etməlidir? Öz hava məkanını təhlükələrə açıqmı qoymalıdır?”

“Sanksiya Amerikanın Türkiyə kimi müttəfiqini itirməsinə səbəb olacaq”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ tərəfindən ölkəsinə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə münasibət bildirib. R.T. Ərdoğan deyib ki, ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur.
Onun sözlərinə görə, ABŞ-ın məqsədi Türkiyəni özündən asılı vəziyyətə salmaqdır: 

“Bu, necə müttəfiqlikdir?! Ötən həftə də Avropa İttifaqının Türkiyəyə sanksiya tətbiqi məsələsi vardı. Niyə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb? Çünki ABŞ öz əlindəki hava hücumundan müdafiə sistemlərinin satışına icazə vermir. F-35 təyyarələrinin minə yaxın hissəsini Türkiyə istehsal edib ABŞ-a verir. Senatda çıxan əngəllərlə yanaşı, bu sistemləri almaq üçün bizim tələblərimizin heç birini qarşılamayan ABŞ üzərimizə sanksiya silahını çəkdi. Bu bəhanədir. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. Bizi özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bunu yaydıqları hesabatlarda da büruzə verirlər”.

Türkiyə Prezidenti qeyd edib ki, ölkəsi belə bir halla ilk dəfə rastlaşmır və indiki çətin vəziyyətdən çıxmaq üçün müdafiə sənayesi sistemini daha da gücləndirəcəklər: “Türkiyə 1974-cü ildə də Kipr məsələsində belə bir vəziyyətlə üzləşdi. İndiki müdafiə sənaye sistemimizin gəldiyi vəziyyətin başlanğıcı o vaxtdan qoyuldu. Türkiyə artıq bu cür sanksiyalarla məşğul olub qalmayacaq. Əlbəttə problemlərimiz olacaq, amma hər problem bizə daha başqa çıxış və həll yolları açacaq”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub.



AĞ Partiya sədri Tural Abbaslı Tramp administrasiyasının hakimiyyətdən getdiyi ərəfədə qardaş ölkəyə qarşı tətbiq etdiyi sanksiyanın nə ilə nəticələncəyinə dair fikirlərini “Sherg.az”la bölüşüb:

Amerika ilə Türkiyə arasında münasibətlərin yenidən gərginləşdiyini deyən partiya sədri hər zamankı kimi Amerikanın günahkar olduğunu vurğulayıb:
“Amerika soyuq müharibə bitdikdən, yəni Sovet İttifaqı dağıldıqdan sonra bütün dünyada təkbaşına hegemonluq etmək niyyətindədir. Təkqütblü dünya yaratmaq istəyir. Təbii ki, bu niyyətlərini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir. Məsələn bəzi dövlətlərə siyasi, bəzilərinə isə iqtisadi sanksiyalar tətbiq edir. İraq, Suriya və Əfqanıstan kimi dövlətlərə isə birbaşa qoşun yeridir. Əslində artıq Amerikanın bu siyasəti dünya dövlətləri tərəfindən qəbul olunmur.

Ona görə də Amerikanın siyasəti öz effektivliyini itirib. Hazırkı dövr elə bir zamandır ki, nə qədər güclü olursan ol, digər dövlətlərlə əməkdaşlıq və müttəfiqlik etmədən ətrafındakı dövlətlərlə düşmən kimi yaşaya bilməzsən”.

T.Abbaslı qeyd edib ki, Amerika-Türkiyə münasibətlərinin gərinləşməsi Türkiyədə itkilərə səbəb olur. Lakin bu, ən pis halda iqtisadi itkilər ola bilər:
“Amerika Türkiyə kimi yeganə səmimi müttəfiqini itirməklə regionda təsir imkanlarından məhrum olacaq. Fikrimcə, Tramp gedər ayaq belə populist addımlar atmamalıdır. Çünki Tramp və Baydenlər gəldi gedərdir, amma Amerika siyasəti davam edir”.

Partiya sədrinin sözlərinə görə, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiya ədalətsiz qərardır:

“Türkiyə Amerikaya illər ərazində “Patriot” hava hücümundan müdafiə komplekslərini almaq üçün müraciət edib. Lakin Amerika müxtəlif bəhanlələrlə bu sistemləri satmaqdan imtina edib. Bəs Türkiyə nə etməlidir? Öz hava məkanını təhlükələrə açıqmı qoymalıdır? Təbii ki, Amerika satış etmək istəmirsə, Türkiyə alternativ mənbələrə müraciət etməli və özünün təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmaq hüququnu kimsəyə, heç Amerikaya da verməməlidir. Bu baxımdan sanksiyalar yersiz və əhəmiyyətsiz addımlardır. Bu,  Amerikanın Türkiyə kimi müttəfiqini itirməsinə səbəb olacaq”.

T.Abbaslı sanksiyaların uzun müddət davam edəcəyinə inanmadığını söyləyib:

“Çünki amerikanlar ölçüb-biçməyi sevən xalqdır. Onlar bu sanksiyalarla gəlir və itkilərini hesablayacaqlar və görəcəklər ki, itkiləri daha çoxdur. Yəqin ki, Bayden hökuməti sanksiyaları aradan qaldıracaq və Türkiyə ilə bərabərhüquqlu və bərabərtərəfli müttəfiqlik, əməkdaşlıq etməyə çalışacaq. Dövlət, müxalifət və xalq olaraq birmənalı şəkildə Türkiyənin yanındayıq və hər zaman da olmalıyıq!”.