Zəfərlə bir az da gücləndik

Qarabağda qazanılan qələbə doğru siyasətin nəticəsidir

Azərbaycanla yaxşı münasibətdə olan Avropa dövlətlərinin prosesə qoşulmasına imkan yaratmaq məqsədəuyğundur

Məlum olduğu kimi Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Brüsseldə Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Ara Ayvazyan və Ceyhun Bayramovla üçtərəfli görüş keçirməyə cəhd göstərsə də, bu, mümkün olmayıb. Borrel deyib ki, hər iki nazir onunla ünsiyyətdə olduqlarına görə, sədr üçtərəfli - Avropa İttifaqı, Ermənistan və Azərbaycan arasında əlaqə yaratmağa çalışıb. Ancaq bu, mümkün olmayıb və Borrel hər iki nazirlə ayrılıqda görüşüb və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Aİ sədrinin sözlərinə görə, onun təşəbbüsünə səbəb Avropa İttifaqı Tərəfdaşlıq Şurasının gündəliyində Aİ-nin iki düşmən Qafqaz dövləti ilə qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi məsələsinin yer alması olub: “Noyabrın 10-da Rusiyanın nail olduğu atəşkəs haqda razılaşma şübhəsiz ki, növbəti qurbanların qarşısını aldı. Ancaq keçən həftə, təəssüflər olsun ki, biz hər iki tərəfdən atəşkəsin pozulmasına dair məlumatlar eşitdik. Atəşkəs rejiminə tam əməl olunması əvvəlkitək məcburidir”. Borrel Aİ-nin ATƏT-in Minsk qrupu formatını tam dəstəklədiyini və iki həmsədrin münaqişənin hərtərəfli və davamlı həllilə bağlı danışıqları davam etdirməsini gözlədiyini təsdiqləyib. Ümumiyyətlə, müharibədən sonra həm Minsk qrupu çərçivəsində, həm də ondan kənarda bir sıra Qərb dövlətlərinin və təşkilatlarının Qarabağdakı proseslərə qoşulmaq istəyi artıb. ABŞ və Fransanın cəhdlərindən sonra, Almaniya, İtaliya və İspaniya kimi ölkələr də bölgədə boy göstərmək üçün canfəşanlıq edirlər. Azərbaycan ictimaiyyətində Minsk qrupuna, həmsədrlərə olan münasibət bəllidir. Demək olar ki, böyük əksəriyyət 30 ilə yaxın heç bir nailiyyət əldə etməyən vasitəçilərin proseslərdə yenidən iştirakına kəskin etiraz bildirir. Hesab edilir ki, 10 noyabr Bəyannəməsi əsas götürülərək, Qərb dövlətlərini regiondakı proseslərə çox da yaxın buraxmamaq lazımdır. Lakin başqa cür düşünən siyasi şərhçilər də az deyil. Onlar isə vurğulayırlar ki, Rusiya faktorunu nəzərə alaraq, Avropa ölkələrinin, ələlxüsus ABŞ-ın Cənubi Qafqazda daha aktiv rol oynamasına şərait yaradılmalıdır. Əks halda bölgə tamamilə Rusiyanın təsir dairəsinə düşəcək. Onu da qeyd edək ki, Ermənistan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ sazişi imzalayıb, Azərbaycan isə bu sənədi imzalamayıb, qarşılıqlı əlaqələri ehtiva edən sənədləri hələ də müzakirə edir.

Məsələni dəyərləndirən siyasi şərhçilərin fikrincə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində zaman-zaman gərginliklər olub. Bu gərginliklər ayrı-ayrı Avropa İttifaqı rəsmilərinin bəyanatlarında, hadisələrə yanaşmasında özünü çox göstərib. Reallıq odur ki, Avropa İttifaqına daxil olan ölkələrin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü tanıyır, geniş iqtisadi əlaqələrimiz var.

Hətta bəzi Avropa ölkələri Azərbaycan əleyhinə hansısa ciddi qərarların qəbuluna əngəl belə yaradırlar. Ancaq sirr deyil ki, Aİ-də bizi istəməyən, hər zaman Ermənistanın tərəfini tutan dövlətlər də var və həmin dövlətlər daxilimizdə olan problemlərdən tez-tez öz məqsədləri üçün istifadə edirlər. Buna rəğmən, Ermənistan 44 günlük müharibə dövründə bir-iki ölkə istisna olmaqla Aİ-ni əleyhimizə qaldıra bilmədi. Ona görə də hesab edilir ki, Avropa İttifaqı ilə əlaqələrimizi yoluna qoyduqdan sonra Qərb ölkələrinin Dağlıq Qarabağdakı olaylarda yer almasına imkan yaratmaq mümkündür. 
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə deyib ki, 44 günlük müharibədən və 10 noyabr bəyannaməsindən sonra Qərb ölkələri prosesdən tamamilə kənarda qalıblar. Ekspertin sözlərinə görə, son günlər müəyyən aktivlik nümayiş etdirən Avropa dövlətləri az da olsa Qarabağda rol oynamaq üçün müxtəlif təşəbbüslər göstərirlər: “ABŞ, Fransa, Almaniya bölgədə söz sahibi olmaq uğrunda ciddi düşünürlər və bəzi addımlar atırlar. Hər zaman Qərbə inteqrasiyanın zəruriliyi vurğulanır. Amma Azərbaycan dövlətinin və xalqının Avropa strukturlarına qarşı inamsızlığı, hətta nifrəti təbiidir. Çünki 30 ilə yaxın problemin həllində heç bir rol oynamayan Qərb ölkələri 44 günlük Vətən müharibəsində də qərəzli mövqe sərgilədilər. Birbaşa işğalçı Ermənistanın tərəfini tutdular. Əslində Qərbin yenidən fəallaşmasının səbəbləri bizə bəllidir. ABŞ və Avropa ölkələri Cənubi Qafqazda Rusiyanın oturuşmasından və kənar qüvvələri yaxına buraxmamasından ciddi narahatdırlar. Həmin ölkələrin rəsmiləri də öz bəyanatları ilə Moskvaya qarşı olduqlarını büruzə verirlər. Fikrimcə, bu müdaxilələr regionda Türkiyə-Rusiya münasibətlərinin daha da yaxınlaşmasına, koordinasiyalı fəaliyyətinə təkan verən amillərdir. Belə halda Qərbin aktivliyi bizim maraqlarımıza da cavab verir. Məncə, Kremli müəyyən mənada neytrallaşdırmaq üçün bəzən Avropa ölkələri ilə sıx əməkdaşlığı gözardı etməməliyik. Müəyyən sazişlərə imza atmaq da mümkündür. Qərblə bütün münasibətləri kəsə bilmərik, bu, doğru olmaz”. 

Ə.Məmmədli vurğulayıb ki, Minsk qrupunun həmsədrlərini isə ümumiyyətlə, bölgədəki proseslərə yaxın buraxmamalıyıq:

“Xüsusən, Fransa ilə münasibətlərə yenidən baxılmalıdır. Əgər artıq “Dağlıq Qarabağ münaqişəsi”ndən söhbət getmirsə, həmsədrlərin burada hansısa formada iştirakına da ehtiyac duyulmur. Qərb ölkələri ilə ayrı-ayrılıqda əməkdaşlıq etmək, məsləhət bildiyimiz dövlətlərin Qarabağda olmasına imkan yaratmaq daha məqsədəuyğundur”. 

Politoloq Qabil Hüseynli də “Şərq”ə vurğulayıb ki, Avropa ölkələri indiki məqamda bölgədə söz sahibi olmaq funksiyasını itiriblər. Ekspertin sözlərinə görə, son proseslər səbəbindən istənilən təşəbbüs Qərb dövlətlərinin əlindən çıxıb. Analitikin fikrincə, Ankara ilə gərgin dövr yaşayan Fransa, Yunanıstan, Almaniya kimi dövlətlərin, bütövlükdə Avropa Birliyinin Türkiyə-Azərbaycan yaxınlaşmasına, eləcə də Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasına reaksiyası ürəkaçan deyil. Bu mənada regionda yeni anti-Qərb cəbhəsinin yaranacağı ehtimalları səslənir və Azərbaycana Avropada təzyiqlərin olacağı xəbər verilir:

“ABŞ və Avropa ölkələrini daha çox narahat məqam bundan sonra ümumiyyətlə Cənubi Qafqaza girə bilməmək reallığıdır. Əgər bu gün belə bir təhlükə varsa, bunun günahı elə onların özündədir. Çünki Qərb dövlətləri əksər hallarda ikili siyasətə üstünlük veriblər, bəyanatları hər zaman subyektiv olub. Baş verən prosesləri olduğu kimi şərh etməyiblər. Ədalətli mövqe sərgiləmək əvəzinə daim ürkək və balanslı siyasəti çıxış yolu biliblər. İndi də bu cür yanaşmanın narahatlığını yaşayırlar. Ancaq yenə də əməli addım atmaq əvəzinə Moskvanın bölgədəki missiyasından şikayətlənirlər, quru bəyanatlar verirlər. Ortada 28 illik Minsk qrupu nümunəsi var. Həmsədr ölkələrin münaqişənin həlli istiqamətində necə işlədikləri hamımıza bəllidir. Nəinki prosesin irəliyə doğru getməsində heç bir addım atmadılar, işğalçı və təcavüzkar ölkəyə - Ermənistana qarşı bir dəfə də olsun təzyiq göstərmədilər, sanksiya tətbiq etmədilər. Onsuz da Azərbaycan ictimaiyyəti həmsədrlərdən əlini üzmüşdü, ancaq onları bölgədən birdəfəlik qova bilmədiyimiz üçün məcburi qaydada mənasız səfərlərinə, dözürdük. Separatçı rejimin başçısı ilə görüş keçirmələrinə göz yumurduq. Ancaq indi fürsət yaranıb ki, qərəzli Qərb dövlətlərinin ayağını Cənubi Qafqazdan birdəfəlik kəsək”. 

Ekspert vurğulayıb ki, Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın cəhənnəmə göndərdiyi “status” məsələsini və status-kvonu canlandırmaq üçün heç kimə imkan verməməliyik:

“Qarşıda ciddi danışıqlar mərhələsi durur. Əldə edilmiş nailiyyətlərin, yəni sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin artıq biz sülh sazişində əksini tapdırmalıyıq. Bu nöqteyi-nəzərdən Rusiya-Türkiyə və Azərbaycan-Ermənistan dördlüyü birlikdə məsələni həll etməlidir. Baxmayaraq ki, Türkiyənin proseslərə qatılmasını Ermənistan istəmir. Azərbaycan Türkiyənin proseslərdə iştirakını, hətta silahlı qüvvələrinin bölgəyə gətirilməsi məsələsini israrla tələb edib və bu, artıq həyata keçməkdədir. Rusiya-Türkiyə-Azərbaycan münasibətlərində hər hansı ürəkbulandıran situasiya, tərəfləri qane etməyən ciddi məqamlar hələ ki yoxdur. Rəsmi Bakının etirazları dərhal nəzərə alınır. Əlbəttə, Qərblə əlaqələrin kəsilməsi, bütün Avropa ölkələrinə nifrət bəslənməsi də yanlış olar. Azərbaycanla qarşılıqlı əməkdaşlıq niyyətində olan xeyli Avropa ölkəsi var. İndiki məqamda həmin ölkələri Qarabağda iqtisadi əməkdaşlığa sövq edə bilərik. Amma həmin dövlətlərin üçtərəfli saziş fonunda siyasi sövdələşməyə cəlb olunması müəyyən problemlər yarada bilər”.