Kreml Qafqazı daha çox özünə bağlamağa çalışır

Moskvanın siyasi strategiyasında dəyişiklik görünmür

"Koçaryanın Rusiyaya səfəri sırf siyasi xarakter daşıyır. Lakin nəticənin uğurlu olduğunu söyləmək olmaz"


Ermənistan mətbuatı keçmiş prezident, “Qarabağ klanı”nın əsas fiqurlarından olan Robert Koçaryanın Moskva səfərinin təfərrüatlarını dəqiqləşdirə bilməyib. Üçgünlük səfər yekunlaşsa da, eks-prezidentin belə həssas dönəmdə Rusiyaya hansı səbəbdən üz tutması, kimlərlə görüş keçirməsi qaranlıq qalıb. “Qraparak” bununla bağlı yazıb ki, Koçaryanın ofisindən məsələ ilə bağlı məlumat vermək istəmirlər: “Viktor Soqomyan yalnız bunu deyib ki, səfər özəl xarakter daşıyıb, başqa bir informasiya verə bilmərik.

Əldə etdiyimiz məlumata görə, Koçaryan iddia edildiyi kimi Moskvaya AFK “Sistema”nın idarə heyətinin illik toplantısına qatılmaq məqsədi ilə getməyibmiş. Onun Rusiya ziyarətinin əsas hədəflərindən biri siyasi görüşlər keçirmək olub. Oğlu Levon Koçaryan isə səfərlə bağlı qısa olaraq “hər şey yaxşı keçdi” deyib…” Qəzet, həmçinin iddia edib ki, əslində Koçaryanın Moskvada elə də əhəmiyyətli görüşləri olmayıb. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bəyan edib ki, Qarabağ savaşının aktiv hərbi fazası bitdikdən sonra məğlub Ermənistanda siyasi proseslər xeyli aktivləşib. Politoloqun sözlərinə görə, müharibə bitəndən bu günə qədər Yerevanda hər gün etiraz mitinqləri təşkil edilir və Paşinyanın istefası tələb olunur. Ekspertin fikrincə, mitinqlərin ilhamverici qüvvəsi əslən qarabağlı ermənilər və eks-prezident Koçaryandır:

“Rusiyanın təkidi və dəstəyi ilə həbsdən qurtulan Koçaryan Paşinyanı devirmək üçün ciddi fiqur sayılsa da, baş nazirin daxili və xarici dəstəyi kifayət qədər böyükdür. İki aydan artıq bir müddətdə təhqir, söyüş və ciddi siyasi təzyiqlərə baxmayaraq, Paşinyan kreslosunu qoruyur. Əslində bu məqam Ermənistanın sahibi Rusiyanı narahat edir. Qarabağda başlayan azadlıq hərəkatımız nəinki Ermənistan, hətta Rusiyanın özü üçün də gözlənilməz oldu. Rusiya Qafqazada möhkəmlənmək xəyalı ilə bir gecənin içərisində hərbi kontingentini Qarabağa daşıdı. Bu, Paşinyanın maraqlarına da uyğundur. Çünki onun siyasətində Rusiya hərbi bazasını Ermənistandan çıxartmaq planı var. Paşinyan istəyir ki, Rusiya Ermənistandan çıxaraq Qarabağda yerləşsin. Eyni zamanda Paşinyan sürətlə Avropaya inteqrasiyanı düşünür. Rusiya isə təbii ki, “nə  yardan doyur, nə də əldən qoyur”. Moskvanın siyasi strategiyasında dəyişiklik görünmür”.

Analitikə görə, Kreml hər iki Qafqaz ölkəsini daha çox özünə bağlamağa çalışır:

“Bu səbəbdən mütəmadi olaraq Koçaryanla məsləhətləşmələr aparılır. Koçaryanın Moskvaya sahib olduğu daşınmaz əmlakını və bank aktivlərini satmaq məqsədilə getdiyi bildirilsə də, inandırıcı görünmür. İndiyə qədər keçmiş sovet respublikalarından olan heç bir oliqarx Rusiyada olan əmlakını sata bilməyib. Rusiya “kupçasız çayxana” modeli ilə idarə olunur və bu ölkədə əmlak sahibləri çox asanlıqla var-dövlətlərini itirə bilərlər. Ona görə də Koçaryanın səfəri sırf siyasi xarakter daşıyır.

Lakin nəticənin uğurlu olduğunu söyləmək olmaz. Çünki Paşinyana qarşı təşkil edilən etirazlar dişsizdir. Ermənistan rəhbərliyi qalıcı sülh üçün zəruri addımlar atmazsa, xalqın gələcəyi çox qaranlıq olacaq.

Erməni xalqı hipnozdan ayılaraq dörd tərəfdən türklərlə əhatə olunduğunu görməlidir. Çıxış yolu isə türklərə qarşı ərazi iddialarından əl çəkərək sədaqət və mehriban qonşuluq şəraitində yaşamağı öyrənməkdir. Əks təqdirdə ermənilərin perspektivi yoxdur.

Böyük ehtimalla Koçaryan Kremldən siyasi aktivliyi artırmaq göstərişi alıb. Paşinyanın devrilməsi Rusiya üçün çox önəmlidir. Əgər Paşinyan siyasi iradə göstərə bilsə, ölkədəki qaragüruhu təmizləmək şansı əldə edər”.