Çin necə oldu koronavirusun öhdəsindən gəldi? - İZAH

Mübarizənin effektiv olmasında dövlət sektoru ilə vətəndaş cəmiyyəti arasında olan düzgün koordinasiyanın olması vacib rol oynayıb

“Çinin "COVİD-19"a qalib gəlməsi hələ də çox adamda sual doğurur. Sual edilir, necə oldu ki, Britaniya, Fransa, İtaliya kimi Qərb ölkələrində əhalinin sayı Çindən dəfələrlə az olduğu halda, xəstəlikdən ölənlərin sayı bu ölkələrdə Çini on dəfələrlə üstələdi? Necə oldu ki, Azərbaycanda yoluxanların sayı Çini keçdi? Hər şeydən əvvəl Çində təkmil epidemiyaya mərkəzləşdirilmiş reaksiya sisteminin olması əsas məqamlardan biridir. 2000-ci illərdə Çində SARS epidemiyası dövründə olanlardan sonra cəmiyyət koronavirus alovlanması zamanı baş verənlərə çox diqqətlə yanaşırdılar. Təsadüfi deyil ki, "COVİD-19" epidemiyası başlayan dövrdə (30 dekabr,2019) həkim Li Venlian "WeChat" qrupunda naməlum atipik pnevmoniya başladığını bildirərək, KT görüntüsünü qrupa yerləşdirir və qrup üzvləri və onların yaxınlarını ehtiyat tədbirlərini görməyə çağırır”.

Bu fikirləri “Şərq”ə açıqlamasında həkim-nevroloq Pərviz Axundov deyib. Həkim əlavə edib ki, həmin mesaj qısa zamanda bütün şəhərə yayıldı:

“Həkimi polis şöbəsinə çağırıb izahatı alınsa da, artıq bir neçə günə həkimin narahatlığı özünü doğrultdu. 10 yanvar 2020 tarixində Çin virusun gemom ardıcıllığını dərc etmişdi və virusun aşkarlandığı Uhan 76 günlük sərt izolyasiyaya alındı. Bu dövrdə ictimai nəqliyyat dayandırıldı. Tezliklə analoji tədbirlər Hubey əyalətinin digər şəhərlərində tətbiq edilməyə başlanıldı. Məhdudlaşdırma tədbirləri arasında ailə məhdudiyyətləri-hər ailədən 1 nəfərin bir neçə gündən bir evdən çıxması və lazımi məhsulları alması da yer alırdı. Cəmi bir neçə həftəyə SARS-CoV-2 təyini üçün əhali sayı 11.000.000 olan Uhanda 9.000.000 analiz icra edildi. Yoluxmuşlarla kontaktda olanlar effektiv milli proqramlarla nəzarətə alındı. İnsanlar təhlükəni anlayır, ciddi şəkildə tibbi maskalardan istifadə edirdilər. Səsgücləndiricilərlə təchiz edilmiş dronlar havadan nəzarət edir, qaydaları pozanlara xəbərdarlıq olunurdu”.

P.Axundov vurğulayıb ki, sənaye ölkəsində qısa zamanda külli miqdarda tibbi maskaların və qoruyucu geyimlərin istehsalı çətinlik yaratmadı:

“Eyni zamanda stadionlarda, təqdimat mərkəzlərində sürətlə "Fangcang" xəstəxanalar şəbəkəsi (13.000 yerlik) yaradıldı, orda yüngül və orta ağırlıqda xəstəlik keçirənlər izolyasiya edildi, vəziyyəti ağırlaşanlar isə qısa zamanda ordan ixtisaslaşmış xəstəxanalara köçürülürdü. Bu şəbəkənin sayəsində yoluxmuş insanlar evdə qalmadı və ailədaxili yoluxmaların qarşısı alındı.

10 mart 2020-ci ildə Fanqkan xəstəxanalar şəbəkəsinə artıq ehtiyac yox idi. Bu vaxtlardan mübarizə mərkəzi artıq xaricdən ölkəyə gələn yoluxmuşların izolyasiyası ilə məşğul olmağa başlamışdı.

Model tədqiqatda, aparılmış bu tədbirlər sayəsində ölkədə 1,4 milyon yoluxmanın və 56.000 ölümün qarşısının alındığı ortaya qoyuldu. Ümumilikdə onu deyə bilərəm ki, Çində mübarizənin effektiv olmasında dövlət sektoru ilə vətəndaş cəmiyyəti arasında olan düzgün koordinasiyanın olması vacib rol oynayıb”.