Həkim-terapevt: Qəfil ölümlər həm də koronavirusun fəsadlarıdır

Son zamanlar səhhətində problem yaranan insanların sayında artım müşahidə olunur

“Hər bir xəstəliyin yaranma səbəbi və orqanizmə fəsadları var. Koronavirus ürək-damar, infarkt və iflic təhlükəsini artırırdı”


  COVID-19 özündən arxaya müxtəlif xəstəliklər qoyaraq dünya ilə vidalaşdı. Hərçənd Ümümdünya Səhiyyə Təşkilatı başda olmaqla alimlər, mütəxəssislər COVID-19-un heç də başa çatmadığını, sadəcə, şəkil dəyişdirərək fərqli adlarla Yer kürəsində indi də “meydan suladığı”nda israr edirlər. Haqsız da sayılmazlar. COVID-19 “omikron”, “eris”, “pirola”... variantları üzə çıxdı (elə bil avtomobil markalarıdı – M.R). Bunlar COVID-19 virusu qədər kəskin olmasalar da, insanların sağlamlığını zəiflədəcək gücdədirlər. Virus xəstəlikləri indi də davam edir. Amma ad fikirləşib tapa da bilmirlər artıq. Hamı “bu nə virusdusa, yapışdı, buraxmır”, deyə şikayətçidir. Qəfil ölümlərin artma səbəbini də başa çatmış pandemiya və COVID-in törəmələrində axtarırlar.  Tibb mütəxəssisləri hər nə qədər “qəfil ölüm” deyə bir şey yoxdur, səbəblərə baxmaq lazımdır”, söyləsələr də, elin ağzını büzmək çətindir. 

  Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qəfil ölümlər adlanan hadisələri əslində, ürək-damar xəstəliklərinin törətdiyini bildirdi: 
- El arasında buna qəfil ölüm deyirlər, bəli. Amma qəfil ölüm olmur. Hər bir xəstəliyin yaranma səbəbi və orqanizmə fəsadları var. Bunlar da insanın vəfatı ilə nəticələnir. Son illərdə ürək xəstəlikləri, damar tutulmaları, hipertoniya, infarkt, insult, böyrək, qara ciyər çatışmazlığı xəstəlikləri artıb. Bunların hər birinin səbəbləri var. Burada irsiyyət, genlər də rol oynayır, insanların necə həyat tərzi keçirdikləri də. İnsan necə həyat tərzi keçirir, necə qidalanır, iş şəraiti necədir, işindən razıdırmı, evdə vəziyyət normaldırmı, necə istirahət edir, normal yuxu rejimi varmı, əsəb, stress keçirirmi, ruhi-psixoloji durumu hansı vəziyyətdədir, hansı xəstəliklər keçirib, xroniki xəstəlikləri varmı... Görürsünüz, nə qədər səbəblər var. Bunlar hamısı aydınlaşmalı, müəyyənləşməlidir ki, bu insanın konkret sağlıq durumu nə vəziyyətdədir. 

  Ş.Məmmədov son zamanlar  səhhətində problem yaranan insanların sayında artım olduğunu təsdiq etdi: 
- Bunun səbəblərindən biri, əlbəttə ki, COVID-19 pandemiyası idi. Məlumdur ki, koronavirus ürək-damar, infarkt və iflic təhlükəsini artırırdı, bunu ÜST də təsdiqləmişdi. Bu virus damarlarda daralma yaradırdı, bu da infarkt, iflic ehtimalını artırırdı. Xüsusən, şəkərli diabet, qan təzyiqi, qanda xolesterol səviyyəsi yüksək olanlarda fəsadları daha çox olurdu. Ümumiyyətlə, xroniki xəstələr, qan təzyiqi yüksək olanlar, diabet xəstələri daim risk altındadır. Tədqiqat alimləri bildirib ki, koronavirus infeksiyası yalnız ürək damarlarını tutmaqla kifayətlənmir, xolesterolla mübarizə aparan hüceyrələri yoluxduraraq xolesterinin mənfi xüsusiyyətlərindən yararlanır. Bu da koronvirusa yoluxmuş xroniki xəstəliyi olanlar üçün təhlükə dərəcəsini artırır. Xolesterolla mübarizə aparan hüceyrələrə yoluxan virus xolesterolun səviyyəsini də artırır. O cümlədən, koronavirusun qrip virusuyla birləşməsi də çox təhlükəlidir. Ona görə də mütəxəssislər hər hansı yoluxma zamanı mütləq ciddi müayinə və müalicə  olunmağı gözardı etməməyi məsləhət görürlər. Damarların tutulması ürək çatışmazlığına, infarktlara, beyinə qan sızmalarına, ani beyin qan dövranının pozulmasına – insultlara gətirib çıxarır. “Qəfil” adlandırılan ürək dayanmaları daha çox kardioloji problemlərdən baş verir. Hazırda ürək-damar xəstəlikləri 40-60 yaş dövrü insanlar arasında geniş yayılıb. Sağlamlığa ziyanlı vərdişlər, qeyri-normal həyat tərzi ürək xəstəlikləri riskini artırır. 

Ş.Məmmədov qeyd etdi ki, ürək-damar xəstəliklərinin artması fiziki passivlik və qidalanma ilə də əlaqəlidir: 
- Tənbəllik, zərərli vərdişlər – siqaret, spirtli içki, təəssüf ki, həm də narkomaniya artıb. İnsanlar idmanla gündəlik məşğul olmur, az hərəkət edirlər, fiziki aktivlik çox zəifdir. Yağlı qidalar, enerji içkiləri, süni şəkər, fəst-fudlar, geni dəyişmiş meyvə-tərəvəz, bunlar hamısı sağlamlığa ziyan vurur. Xüsusilə, gecə vaxtı yağlı qidaların qəbulu qanda xolesterin səviyyəsini yüksəldir, maddələr mübadiləsinin pozulmasına və tədricən damarlarda atiromaların olması və daralmasına gətirib çıxarır. Düzgün qidalanmanın olmaması, yuxu rejiminin pozulması, gərgin iş rejimi, beynin yorulması, bunlar hamısı birlikdə bütövlükdə orqanizmi yorur. Yorğun orqanizm də müəyyən bir vaxtadək dözür.