“İnsanlar bunu nəzərə almalıdır, dövlətlər nəzərə almalıdır və sürprizlərə hazır olmalıdırlar. Buraxılan səhvlər təkrarlanmamalıdır”
Ümumdünya Səhiyyə Təşkilatı Xəstəliklərə Nəzarət üzrə Ümumavropa Şəbəkəsini (NDC) fəaliyyətə keçirib. Bu barədə ÜST-nin Avropa Bürosu bəyanat yayıb. Bəyanata görə, bu addım gələcək pandemiyalara daha hazırlıqlı olmaq üçün atılıb. Məlumata görə, yeni departamentin vəzifəsi Avropada potensial riskləri qlobal təhlükələrə çevrilməzdən öncə müəyyən etmək və azaltmaq, həmçinin bunlarla bağlı hazırlığı artırmaqdır. Qeyd edilir ki, NDC-nin rəhbər qrupunun müvəqqəti sədri UKHSA-nın (ÜST-nin Avropa Regional Bürosu Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi) baş icraçı direktoru Cenni Harris olacaq.
Dünyanı həqiqətən də yeni pandemiya dalğası bürüyəcəkmi? Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında təhlükənin real olduğunu dedi:
" İlk növbədə qeyd edim ki, XXI əsr virus əsri hesab edilə bilər. Hətta COVID-dən öncə də ÜST insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qarşıda bizi gözləyən qrip pandemiyasının olacağını göstərmişdi. Bu, 1 il sonramı olacaq, 10 il sonramı, konkret vaxt məlum deyil. Amma bu, mütləq olacaq. Virusun mutasiyaya uğraması nəticəsində elə bir forma əmələ gələcək ki, pandemiya şəklini alacaq, , “İspan qripi”ndə olduğu kimi. Bəli, pandemiya olacaq. Bu, elmi proqnozdur. Gözləniləndir, planlaşdırılır. Və ÜST də xəbərdarlıq edir. Bəşəriyyət buna hazır olmalıdır. Koronavirus pandemiyası acı həqiqəti ortaya qoydu ki, dünya ölkələri buna hazır deyildi, ölkələr arasında koordinasiya yetərli olmadı, nəticədə COVID-19 qısa müddətdə qlobal pandemiyaya çevrildi, dünyanı bürüdü. Bu, həqiqətdir. İnsanlar bunu nəzərə almalıdır, dövlətlər nəzərə almalıdır və sürprizlərə hazır olmalıdırlar. Buraxılan səhvlər təkrarlanmamalıdır".