Müalicə olunmadıqda, ağrılar daimi xarakter ala bilər
“Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır”. Bu sözləri Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora çüxurunun olması ilə səciyyələnən xroniki xəstəlikdir. Həzm sistemi xəstəlikləri arasında geniş yayılıb. Mədə xorasına 50-60, onikibarmaq xorası isə 30-40 yaşlarında daha çox təsadüf edilir: “Xora xəstəliyinin meydana çıxması çoxsaylı amillərin təsiri nəticəsində baş verir. Bunlara mədənin turşu-şirə ifrazının, yığılma-boşalma qabiliyyətinin, qan təchizatının, selikli qişanın trofıkasının sinir-humoral tənziminin pozulması və s. amillər aiddir. Xoranın birbaşa əmələ gəlməsi isə mədəyə təsir edən “aqressiv” faktorlarla “müdafiə” amilləri arasında tarazlığın pozulması nəticəsində meydana çıxır. Qeyd etdiyimiz pozğunluqlar nəticəsində toxumalarda qan dövranı pozulur, selikli qişanın turş mədə şirəsinin təsirinə qarşı müqavimət qabiliyyəti aşağı düşür, müəyyən nahiyyədə selikli qişa əriyir və yerində xora əmələ gəlir.
“Helicobacter pylori” adlanan bakteriya xoranın əmələ gəlməsində mühüm rol oynayır. Bu bakteriya insanların 50-80 faizində var. Lakin mədəsində bu mikrob yaşayan insanların heç də hamısında xora əmələ gəlmir. Burada həm genetik, həm də qidalanma tərzinin xüsusiyyətləri, stress amili, siqaret və alkoqol qəbulu kimi zərərli vərdişlər, bəzi dərman preparatlarının istifadəsi və s. rol oynadığı bildirilir”.
Həkimin sözlərinə görə, xəstəlik gedişinə görə qastriti xatırladır, əsas əlaməti ağrılardır. Ağrı tutmaları ildə bir neçə dəfə, çox vaxt yaz və payızda baş verir. Orta hesabla bir aya qədər davam edir. Müalicə olunmadıqda, ağrılar daimi xarakter ala bilər: “Xora xəstəliyinin əlamətləri xoranın yerləşmə yerindən, ölçüsündən və ağırlaşmasından asılıdır. Xəstəlik zamanı mədə nahiyəsində xarakterik ağrılar baş verir və bu ağrılar kürəyə, belə vurur”.