Manatın oynaq dövrə qədəm qoymasının zamanı yetişib

"İsrarla eyni məzənnəni saxlamaq gələcəkdə ciddi iqtisadi fəsadlara gətirib çıxarar"

"Yumşaq şəkildə devalvasiyaya getsək, buna həm cibimiz öyrəşər, insanlar panikaya düşməz, həm də sahibkarlar üçün stimul olar"

“2020-ci ildə dünya iqtisadiyyatında mühüm problemlərlə üzləşəcəyimiz bəlli idi”. Bu sözləri Milli Məclisin dünən keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. MB rəhbəri bildirib ki, cari ilin əvvəlindən başlayan pandemiya böhranı mövcud problemlərə ikiqat təsir etdi. Məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil. Bu ilin ortasında isə qlobal iqtisadiyyat mənfi anlamda özünün pik nöqtəsinə çatdı: “Neft qiymətləri 16-69 dollar arasında dəyişdi.

Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb”. Elman Rüstəmovun sözlərinə görə, son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur: “Büdcə qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşir.

Daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməyə ehtiyac var. Gələn ilə 3-4 faiz inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.



MB sədrinin açıqlamalarını “Şərq”ə təhlil edən iqtisadçı Natiq Cəfərli bildirib ki, bütün ölkələrdə büdcənin müzakirəsi ən mühüm hadisə hesab olunur. Ekspertin fikrincə, büdcə iqtisadi pasportdur və qarşıdan gələn bir il ərzində hansı işin necə görüləcəyini müəyyənləşdirən ən önəmli faktordur:

“Bizdə büdcə müzakirələri problemlidir. Çünki müzakirələr çox dar çərçivədə və olduqca qısa zaman kəsiyində aparılır. Bu da keyfiyyətli müzakirə və diskusiyaların qarşısını alır. Cəmiyyətin maraq qrupları, siyasi təşkilalar, QHT-lər, KİV nümayəndələri büdcə müzakirələrində ayrı-ayrılıqda yaxından iştirak etməli, müəyyən təkliflər səsləndirməlidir. Bizdə sanki hökumət büdcəni özü hazırlayır, özü də müzakirə edir. Çağırışlar, problemlər var. Mərkəzi Bank sədri Elmar Rüstəmovun açıqlamaları əslində bir çox məsələyə işıq tutur.

Klassik iqtisadi nəzəriyyəyə görə, büdcə kəsiri bir neçə mənbədən maliyyələşə bilər. İlk mənbə özəlləşmədir. Yəni dövlət öz mülkiyyətində olan qurumların bir qismini özəlləşdirməklə büdcə kəsirini kompensasiya etməyə çalışır. Ancaq Azərbaycanda böyük özəlləşmədən söhbət getmir. Ən yaxşı halda 140 milyon manatın özəlləşmə yolu ilə büdcəyə daxil olması gözlənilir ki, bu da 7,5 milyard manatlıq kəsirin bağlanması üçün çox az məbləğdir”. 

İqtisadçı vurğulayıb ki, ikinci yol daxili, yaxud xarici borclanmaya getməkdir:

“Xarici borclanma ilə bağlı rəsmi məlumat yoxdur, daxildə isə 2 milyard manata yaxın borclanmaya gedilməsi nəzərdə tutulur. Maraqlı məqam odur ki, istiqrazlar dövriyyəyə buraxılarkən onun alıcısı vətəndaş yox, bank sektoru olur. Banklar məmnuniyyətlə öz sərmayələrini dövlət istiqrazlarına qoyacaq. Çünki bu, sabit gəlir mənbəyidir.

Lakin belə olan halda bank sektoru ölkə iqtisadiyyatının dirçəldilməsi üçün kreditləşmədən daha da uzaqlaşır, biznes kreditləri vermir. Digər yol isə devalvasiyadır, yəni manatın məzənnəsinin dəyişdirilməsidir. Bununla Neft Fondundan transfertlərdə dəyişikliklər edilir. Xarici valyutaya qənaət olunur, daxili istehsal stimullaşdırılır və s. İstənilən ölkə milli valyutanın dəyərdən düşməsini düşünülmüş addımlarla ixracatı stimullaşdıran amilə çevirə bilər. Bu yollardan hansının seçiləcəyi hökumətlə Mərkəzi Bankın qərarından asılı olacaq”. 

N.Cəfərli bəyan edib ki, devalvasiya iqtisadi məsələdir, ancaq təəssüf ki, ölkəmizdə devalvasiya iqtisadi kateqoriyadan daha çox “siyasi məsələ”, “sabitlik simvolu” kimi təqdim olunur. Bu, doğru yanaşma deyil:

“Qardaş ölkədə milli valyutanın hansı həddə qədər dəyərdən düşməsi bəllidir. Məgər bunun baş verməsi Türkiyədə ciddi çaxnaşma, siyasi böhrana səbəb oldu? Təbii ki, yox. Rusiya rublu ilin əvvəlindən 15 faiz dəyər ititib, amma şimal qonşumuzda heç kim bunu özünə dərd etmir, müzakirəsini aparmır. Biz də manatın məzənnəsini lazımsız diskusiya mənbəyi olmaqdan çıxarmalıyıq. Manatın oynaq dövrə qədəm qoymasının zamanı yetişib. İsrarla eyni məzənnəni saxlamaq gələcəkdə ciddi iqtisadi fəsadlara gətirib çıxarar. Yumşaq şəkildə devalvasiyaya getsək, buna həm cibimiz öyrəşər, insanlar panikaya düşməz, həm də sahibkarlar üçün stimul olar. Anlayıram, hökumət düşünür ki, devalvasiyaya gedərsə, inflyasiya baş verəcək, qiymətlər artacaq, sosial gərginlik yaranacaq.

Ancaq nəzərə alaq ki, bunun alternativi yoxdur və məzənnənin saxlanması daha pis nəticələr verə bilər”.