İdeya qiymətlidir

AzTV TRT kanalı ilə ortaq uşaq kanalı yaradır

Qulu Məhərrəmli: "Bu, ilk növbədə milli inkişaf və strateji baxımdan çox önəmlidir"

AzTV Türkiyənin TRT kanalı ilə birgə uşaq kanalı yaratmağı planlaşdırır. Bunu televiziya sədri Rövşən Məmmədov qurumun 2019-2020-ci illər üzrə hesabatını təqdim edərkən bildirib. Sədr deyib ki, bununla bağlı AzTV-yə TRT tərəfindən müraciət edilib və birgə platforma şəklində uşaq kanalının yaradılması təklif olunub. R.Məmmədovun sözlərinə görə, uşaq kanalının yaradılması 5 ayın, 1 ilin işi deyil. Bu kanalın yaradılması üçün bir neçə il lazımdır: “ARB-Günəş kanalı var.

Amma TRT-nin istədiyi budur ki, bunu AzTV ilə reallaşdırsın. Bunun üçün güclü heyət, texniki imkanlar lazımdır. Yeni layihələr işlənməlidir. Milli uşaq televiziyasının yaradılması üçün iş aparılır, amma buna zaman lazımdır”. Sədrin qənaətincə, bu proses azı 3-4 il çəkər: “Uşaq televiziyası ən çox maliyyə aparan kanaldır. Təkcə uşaq cizgi filminin hazırlanmasının 1 dəqiqəsinin qiyməti təxminən 1000-2000 manat vəsait tələb edir”.

Təşəbbüslə bağlı fikirlərini “Şərq”lə bölüşən teletənqidçi, professor Qulu Məhərrəmli deyib ki, uşaq kanalı ilə bağlı Azərbaycanda son 15-20 ildə dəfələrlə məsələ qaldırılıb, təkliflər edilib. Ancaq professor təəssüflə qeyd edib ki, indiyədək layihələri reallaşdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, reallaşan və bu gün fəaliyyət göstərən yeganə layihə “ARB-Günəş” kanalıdır:

“Hesab edirəm ki, mövcud imkanlar çərçivəsində Azərbaycanda ən məqbul uşaq kanallarından biri “ARB-Günəş”dir. Ara-sıra baxıram və sevinirəm ki, bizim də uşaq kanalımız var. Əgər TRT bununla bağlı təşəbbüs göstərirsə, Azərbaycanın ən imkanlı kanalı ilə reallaşdırmağı düşünürsə, bu, ilk növbədə milli inkişaf və strateji baxımdan çox önəmlidir.

İstənilən millətin inkişafı üçün uşaqların düzgün tərbiyəsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan çox dəyərli təşəbbüs sayıram. Amma necə reallaşdırılacaq? Ortaq uşaq kanalının yaradılması nə dərəcədə mümkündür? Sözün açığı, bununla bağlı müəyyən problemlərin olduğunu düşünürəm”. 

Q.Məhərrəmlinin fikrincə, TRT ilə AzTV arasında peşəkarlıq və status baxımından, eyni zamanda problemə yanaşma məsələsində ciddi fərqlər var:

“Yaxın müddət ərzində bu ideyanın reallaşmasını mümkünsüz sayıram. Bunun üçün ən azı 3-5 il vaxt tələb olunur. İlk növbədə ortaq məxrəci müəyyənləşdirmək lazımdır. Amma Azərbaycanda uşaq kanalı ilə bağlı bir konsepsiya hazırlamaq mümkündür.

Türkiyədə çoxlu sayda uşaq kanalları mövcuddur. Qardaş ölkə uşaq kanalı ilə bağlı çoxillik təcrübəyə malikdir. Bu sahədə TRT də böyük imkanlara sahibdir. Ancaq bizdə uşaq kanalına keçid üçün baza yoxdur.

Heç düz-əməlli uşaq verilişləri, bütün uşaqların maraq göstərdiyi seriallar da çəkilmir. Bütün hallarda ideya qiymətlidir və mümkün qədər çalışıb reallaşdırmaq lazımdır”.