"Biz o torpaqlara kütləvi şəkildə qayıtsaq..."

Əziz Ələkbərli: "Ermənilərlə birgəyaşayış kimi narahatlığımız qalacaqmı, buna ehtiyac olacaqmı? Əlbəttə, yox!"

Üçtərəfli bəyanatdan sonra mütəmadi müzakirə olunan və fikir ayrılıqlarına səbəb olan mühüm məsələlərdən biri də Xankəndi və ətraf bölgələrdə ermənilərlə azərbaycanlıların birgəyaşayışıdır. Ötən həftə Sosial Tədqiqatlar Mərkəzinin sorğusundan aydın oldu ki, respondentlərin 70 faizə yaxını, bəzi bölgələrdə isə 80 faizi ermənilərlə birlikdə yaşamaq fikrindən çox uzaqdır. Ölkə ictimaiyyətində də ümümi baxış odur ki, baş verən bu qədər dəhşətli hadisələrdən və düşmənin nifrət siyasətindən sonra yenidən ermənilərlə bir yerdə olmaq toqquşmalara, qarşıdurmalara gətirib çıxarar.

Lakin əhəmiyyətli bir qisim düşünür ki, Azərbaycan torpaqlarında, ələlxüsus Xankəndi və ətraf rayonlarda ermənilərin çoxluq təşkil etməməsi, yenidən qondarma “dövlət” sevdasına düşməməsi üçün Qarabağın dağlıq hissəsində birgəyaşayışa şərait yaradılmalı, bölgədə azərbaycanlıların say çoxluğuna nail olunmalıdır. 

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Şərq”ə açıqlamasında bildirib ki, Xankəndi və ətraf bəzi bölgələrdə ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olduğunu dilə gətirməkdən çəkinməməliyik. Deputat vurğulayıb ki, ermənilər xalqımıza qarşı o qədər cinayət əməlləri törədiblər ki, özləri də birgəyaşayışın mümkün olacağına, yəni Azərbaycan xalqının bu cinayətləri onlara bağışlayacağına inanmırlar:

“Mən 30 ildə Qarabağ erməniləri arasında Azərbaycana qarşı hərbi və mülki cinayətdə iştirak etməyən erməninin olduğuna qətiyyən inanmıram. Aydındır ki, belələri köçüb Qarabağda yaşamağa cəsarət etməyəcəklər. Çünki bilirlər ki, separatçı Araik, Koçaryan, Sarkisyan başda olmaqla nə qədər belə cinayətkar erməni varsa, zaman-zaman həbs olunub Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. Nəhayət, həmin ərazilərdə, o cümlədən Xankəndində Azərbaycanın suveren hüquqları tam təmin edildikdən, dövlət atributlarımız bərpa olunduqdan sonra, ermənilərin orada yaşayıb-yaşamamasının nə önəmi var?!

Axı, biz humanist xalqıq, nəinki insanların, Allahın yaratdığı heyvanların da hüququnu qoruyan millətik. Hesab edirəm ki, hazırda bu məsələ bizi çox narahat etməməlidir. Bizi daha çox postmüharibə dövründəki vəzifələrimiz düşündürməlidir. 44 gün ərzində düşmənə qarşı müharibədə hansı mütəşəkkilliyi nümayiş etdirmişiksə, bundan sonra həmin mütəşəkkilliyi işğal altından azad edilən ərazilərimizin sürətli bərpası və məskunlaşma məsələsində sərgiləməliyik.

Müharibəyə getmək üçün hərbi səfərbərlik idarələrinin qarşısına toplaşan insan izdihamı yaxında fəaliyyətə başlamalı olan Köçürmə komissiyalarının qarşısında da müşahidə olunmalıdır. İndi sizdən soruşuram, biz o torpaqlara qısa vaxtda kütləvi şəkildə qayıtsaq, ermənilərlə birgəyaşayış kimi narahatlığımız qalacaqmı, buna ehtiyac olacaqmı? Əlbəttə, yox! O zaman mənfur erməni də it kimi quyruğunu qısıb oturacaq, çünki artıq onlar da bilirlər ki, Qarabağ Azərbaycandır!”. 

Parlament üzvü 10 noyabr üçtərəfli bəyanatının əhəmiyyətindən də bəhs edib:

“Ermənistan tərəfi sənədə imza atmaqla münaqişə tərəfi, işğalçı ölkə olduğunu təsdiqlədi. Etiraf etdi ki, Azərbaycan ərazisinin işğalına və bu torpaqlardakı bütün hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Deməli, bununla bağlı beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək. Bu, həm də o deməkdir ki, tək Ermənistan yox, işğalçı müharibədə düşməni dəstəkləyən ölkələr də işğalçıdır. Onlar da cinayətlərə görə Ermənistanla bir sırada məsuliyyət daşıyırlar və onlar da Azərbaycana təzminat ödəməlidir.

Üçtərəfli bəyanata əsasən, Laçın koridoru da daxil olmaqla Azərbaycanın bütün beynəlxalq sərhədlərinə tam nəzarəti təmin etməliyik. Bu, bizim BMT tərəfindən tanınan suveren hüququmuzdur”.