Məğlubiyyətin günahkarları: Suçlu yalnız Paşinyan deyil - Siyasi şərh

"Reallıq dərk olunmayana qədər erməni xalqının üzərinə günəş doğmayacaq" 

"Qarabağın iqtisadi resursları Ermənistanın əlindən çıxıb. Hələ qarşıda milyardlarla dollar təzminat məsələsi qalır".
Bu barədə "Sherg.az"a politoloq Ceyhun Əhmədli deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistanda sosial-iqtisadi təlatümlərin miqyası genişlənir:

"Çıxılmaz vəziyyətdə olduqlarını dərk edən Ermənistan rəsmiləri mövcud reallıqla barışmağa məcbur olublar. Ermənistan prezidenti Armen Sarkisyanın etirafları da bu baxımdan diqqəti cəlb edir. Onun etirafları Ermənistan dövlətinin mövcud durumunu güzgü kimi əks etdirir. Sarkisyan Ermənistanın bir dövlət olaraq diz çökdüyünü hərbi, siyasi, sosial-psixoloji, demoqrafik və digər sferaları təhlil etməklə çox dəqiq şəkildə əsaslandırdı. Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazandığını acizanə şəkildə etiraf edən Ermənistan prezidenti məğlubiyyətin bütün günahını Paşinyan iqtidarının üstünə yıxmağa meyillənir. Burada isə qeyri-səmimilik özünü göstərir. Sadalanan problemlərin və məğlubiyyətin etirafı müsbət haldır. Ən azından ona görə ki, düşmən ölkənin rəhbərliyi seçdikləri yolun yanlış olduğunu gec də olsa anlamağa başlayır. Amma bütün baş verənlərin günahkarı qismində indiki hakimiyyəti görmək, problemin fundamental səbəblərindən diqqəti yayındırmaq anlamına gələ bilər". 

C.Əhmədlinin fikrincə, belə yanaşma Ermənistanın birdəfəlik xilası üçün yollar açmır:

"Ermənistan təməlindən uğursuz dövlətdir. Birmənalı şəkildə deyə bilərik ki, düşmən ölkənin düçar olduğu bugünkü ağır vəziyyətin əsas günahkarı faşizm ideologiyasından istifadə edən keçmiş hakimiyyətlərdir. Bir sözlə, qonşu ölkələrə qarşı ədavət və ərazi iddiaları üzərində qurulmuş bu zərərli ideologiyadan imtina edilmədiyi təqdirdə, erməni xalqının xilası və nicatı mümkün deyil. Ona görə də Armen Sarkisyan yaxşı olardı ki, bu etiraflarının davamı olaraq işğal siyasətinin Ermənistana ancaq bədbəxtçilik gətirəcəyi reallığını da dilinə gətirsin. Bu reallıq dərk olunmayana qədər erməni xalqının üzərinə günəş doğmayacaq".