Hələlik yerli əhali hazır deyil

Çox uzaq gələcəkdə Qarabağda birgəyaşayışı müzakirəyə çıxarmaq və tədricən reallaşdırmaq mümkündür

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış üçtərəfli bəyanatdan sonra mütəmadi müzakirə olunan və fikir ayrılıqlarına səbəb olan məsələlərdən biri də Xankəndi və ətraf bölgələrdə ermənilərin azərbaycanlılarla birgəyaşayışıdır. Bununla bağlı bir müddət əvvəl Sosial Tədqiqatlar Mərkəzinin sorğusu keçirilib. Qarabağda azərbaycanlılarla ermənilərin birgəyaşayışına dair əhali arasında sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə aparılıb. Sorğunun nəticələrinə görə, respondentlərin 70 faizə yaxını Qarabağın inzibati ərazilərində birgəyaşayışın mümkün olmayacağını, 20 faiz insan isə bir neçə ildən sonra gündəmə gətirilə biləcəyini deyiblər. Ermənilərlə birgəyaşayışın mürəkkəb proses olduğunu bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 09-13 oktyabr 2020-ci il tarixlərində Qobu qəsəbəsindəki məcburi köçkünlər arasında keçirdiyi “Qarabağa Böyük Qayıdış” sorğusunda da respondentlərin 72 faizi erməni əhali ilə yaşayışın qeyri-mümkün olduğunu söyləmişdi.


Ölkə ictimaiyyətinin də ümumi baxışı budur ki, baş verən dəhşətli hadisələrdən və düşmənin nifrət siyasətindən sonra yenidən ermənilərlə bir yerdə olmaq toqquşmalara, qarşıdurmalara gətirib çıxarar.

Lakin ekspertlərin bir qismi düşünür ki, Azərbaycan torpaqlarında, ələlxüsus Xankəndi və ətraf rayonlarda ermənilərin çoxluq təşkil etməməsi, yenidən qondarma “respublika” sevdasına düşməməsi üçün Qarabağın dağlıq hissəsində birgəyaşayışa şərait yaradılmalı, bölgədə azərbaycanlıların say çoxluğuna nail olunmalıdır. 

Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır və ölkəmizdə bir çox millətlər bərabərhüquqlu vətəndaş kimi sərbəst yaşayırlar. Ancaq ermənilərlə birgəyaşayış məsələsində müəyyən çətinliklərin olacağı istisna edilmir.

Xüsusən indiki məqamda ermənilərə etimad sıfırdır. Buna rəğmən bölgədə Azərbaycan qanunlarına tabe olan, siyasi ambisiyalarla çıxış etməyən ermənilərin dinc yaşamasına ciddi etiraz edilmir. 

Prezident İlham Əliyev də Qarabağda azərbaycanlılarla ermənilərin birgəyaşayış məsələsinə dəfələrlə toxunub və rəsmi Bakının konkret mövqeyini bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, ermənilər Azərbaycan qanunlarına tabe olmaqla, ölkəmizin vətəndaşları kimi sərbəst və rahat həyat sürə bilərlər. Ölkə rəhbəri Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində dövlətin mövqeyinin dəyişməz olduğunu söyləmişdi.

Vurğulamışdı ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin və oraya qayıdacaq azərbaycanlıların bir yerdə yaşamasında problem görmür. Yəni bir ölkə ərazisində və iki toplum çərçivəsində azərbaycanlılarla ermənilərin birlikdə yaşaması mümkündür:

“Azərbaycanda minlərlə erməni var. Onlara söz deyən yoxdur. Bizim vətəndaşlarımızdır. Erməni xalqı ilə heç bir problemimiz yoxdur.

Erməni xalqı öz hakimiyyətinin əsiridir. Mən tam əminəm ki, erməni və Azərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilər və azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda 300 minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar bir kənddə yaşayırlar və aralarında problem yoxdur.

Türkiyədə, Rusiyada bir yerdə yaşayırlar. Nə üçün burada yaşamasınlar? Xatirimdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində.

O bir dostluq bayramı idi. Yəni o, mənim şahidi olduğum mənzərədir. İstəyirik ki, yenə də birlikdə yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq”.

Prezident diqqətə çatdırıb ki, əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərsə, birgəyaşayışı reallaşdırmaq olar:

“O qədər də asan olmayacaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq. Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər”.

Xankəndi və ətraf bölgələrdə məskunlaşmış Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı da az deyil. Yerevan hakimiyyətinin, oyuncaq “respublika”nın uzun illər həyata keçirdiyi qorxu və təhdid siyasətinin nəticəsini hamıdan daha yaxşı görən Qarabağ erməniləri ac-yalavac həyatdan beziblər.

Onlar lap çoxdan Ermənistan dövlətinin nəzarətindən çıxmaq və Azərbaycanın tabeliyində firavan yaşamaq arzusundadırlar. Sadəcə həyatları risk altında olduqları üçün düşüncələrini açıq ifadə etməkdən çəkinirlər. Elə indi də qorxu altında aqibətləri ilə bağlı veriləcək qərarları gözləyirlər. 

İctimaiyyət nümayəndələrinin fikrincə, indiki mərhələdə ölkə əhalisinin, xüsusən qarabağlıların ermənilərlə birlikdə yaşamaq istəməməsi başadüşüləndir. Amma müəyyən zaman keçdikdən sonra birgəyaşayışın reallaşması qaçılmazdır. Hətta Xankəndi və ətraf rayonlarda azərbaycanlıların say baxımından daha üstün olması üçün xüsusi köç proqramı hazırlanmalı və tətbiq edilməlidir. 

Millət vəkili Aydın Mirzəzadə “Şərq”ə açıqlamasında vurğulayıb ki, azərbaycanlılarla ermənilərin birlikdə yaşaması 200 ilə yaxın tarixi olan çox mürəkkəb bir məsələdir. Deputatın sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və indiki Prezidentimizin davam etdirdiyi düşünülmüş siyasət nəticəsində bu problem həllini tapmaqdadır:

“Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və əvvəlki qanuni sərhədlərimizi nəzarət altına alıb. Rəsmi Bakı bundan sonrakı problemlərin siyasi yolla həll olunacağını bildirib. Qəti olaraq vurğulanıb ki, Dağlıq Qarabağın “status” məsələsi yoxdur və olmayacaq. Azərbaycan ərazisində yaşayan bütün insanlar bizim vətəndaşlarımızdır. Digər dövlətlərin daxili işlərimizə qarışmasına qətiyyən imkan verilməyəcək. Əlbəttə, qısa zamanda hər şeyin ideal olacağını, hadisələrin problemsiz cərəyan edəcəyini iddia etmək yanlış olardı. Şübhəsiz ki, müəyyən çətinliklər və anlaşılmazlıqlar olacaq. Amma gec-tez bütün problemlər çözüləcək. İlk növbədə Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasına son qoyulacaq. Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər nazirinin Qarabağa gəlməsi, orada separatçılarla təmas qurması beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi. Buna görə də Azərbaycan tərəfi ən yüksək səviyyədə Ermənistana sərt xəbərdarlığını bildirdi. Azərbaycanın bütün ərazilərində hansısa qanunsuz fəaliyyətin həyata keçirilməsi yolverilməzdir”. 

Parlament üzvü vurğulayıb ki, erməni və azərbaycanlıların yanaşı yaşaması, tam etimadın əldə edilməsi üçün müəyyən zaman keçməlidir:

“Bu istiqamətdə addımlar atılır. Ermənistanda az da olsa toplumun bir hissəsi Azərbaycanla normal münasibətlərin qurulmasının vacibliyini dərk edirlər. Moskvada Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən Ermənistan baş nazirinin üçtərəfli görüşündə birgəyaşayışla bağlı məsələnin müzakirəsi mümkündür. Azərbaycanın suverenliyi və torpaqlarımızda hər hansı qanunsuz fəaliyyəti leqallaşdırmaq məsələsi isə heç bir masada müzakirə mövzusu olmayacaq. Diqqətə çatdırım ki, hələ Azərbaycanın tam nəzarətində olmayan Xankəndi və ətraf bölgələrdə Rusiya sülhməramlıları Azərbaycanın razılığı əsasında fəaliyyət göstərirlər. Onların Azərbaycan ərazisindən keçməklə humanitar yardım missiyasını icra etməsi də məhz rəsmi Bakının icazəsi sayəsindədir. Başqa cür ola bilməz. Torpaqlarımızda söz haqqı Azərbaycan dövlətidir və bu reallıq bundan sonra da dəyişməyəcək”.

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov isə “Şərq”ə bildirib ki, Qarabağda birgəyaşayışın reallaşması üçün azərbaycanlılar və ermənilər psixoloji cəhətdən buna hazırlıqlı olmalıdır. Siyasi şərhçinin qənaətincə, hələlik yerli əhali buna tam hazır deyil. Onun fikrincə, STM sorğularının nəticələri təbii qarşılanmalıdır:

“Birgəyaşayışdan qabaq həlledici məsələlər var. Öncə Qarabağda siyasi-hərbi, iqtisadi problemlər tam həllini tapmalı, yarımçıq proses qalmamalıdır. Ən əsası isə Dağlıq Qarabağdakı mülki ermənilər separatçılıqdan vaz keçməli, iddiaları olmamalıdır. Bölgədəki bütün ermənilər Azərbaycan qanunları çərçivəsində yaşamalıdır. Hazırda buna mane olan bir sıra məqamlar mövcuddur.

Məsələn, erməni hökumətləri və Qriqoryan kilsəsi azərbaycanlılarla ermənilərin birlikdə həyat sürməsinə daim qarşı çıxıb. Bütün mümkün variantları ortadan qaldırıblar. Məncə, Moskva görüşündən sonra Dağlıq Qarabağın təhlükəsizliyi, sülhməramlıların missiyası və kommunikasiyaların açılması məsələləri gündəmdə olacaq. Çox uzaq gələcəkdə birgəyaşayışı müzakirəyə çıxarmaq və tədricən reallaşdırmaq mümkündür”. 

Z.Məmmədov deyib ki, Xankəndi və ətraf rayonlarda azərbaycanlılar ötən əsrlərdə də yaşayıblar. Ancaq çar Rusiyasının və sovet imperiyasının qəsdən həyata keçirdikləri bölücülük siyasəti nəticəsində soydaşlarımızın bir çoxu Dağlıq Qarabağdan zorla uzaqlaşdırılıb:

“Çətinliklərə rəğmən, birinci Qarabağ müharibəsinə kimi azərbaycanlılar həmin ərazilərdə ermənilərlə birlikdə yaşamağa davam edib. Erməni quldurlarının işğalçılığı sayəsində doğma yurdlarından didərgin düşüblər.

Problemin həlli qarabağlıların yurdlarına geri dönməsini də özündə ehtiva edir. Xankəndidə mütləq şəkildə azərbaycanlılar da olmalıdır.

Ümumiyyətlə, Dağlıq Qarabağ Azərbaycanın digər rayonlarından heç nəyi ilə fərqlənməməlidir. Bir müddət sonra o istiqamətdə daxili miqrasiya baş verə bilər ki, bu da insanların Xankəndi, Xocalı və Xocavəndə köçü deməkdir. İstənilən halda narahatlığa əsas yoxdur.

Dövlətimiz yaxın dövrlərdə birgəyaşayışı dialoqlar nəticəsində tənzimləyəcək. İndiki məqamda isə əsas hədəfimiz bölgədəki siyasi və hərbi problemlərdir”.