Dolların məzənnəsi aşağı düşəcək - Ekspert

Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər cür imkanlara sahibdir"

 Son günlər valyuta hərracında dollara tələbdə artım müşahidə edilir. Yanvarın 12-də keçirilən valyuta hərracında tələb 142,2 milyon dollar olub və bu da ondan əvvəlki tələblə müqayisədə 2 dəfə çoxdur.

Mərkəzi Bankın açıqlamasına əsasən nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək. Yəni, Mərkəzi Bank manatın ucuzlaşması ilə bağlı məlumatların əsassız olduğunu bildirsə də, ekspertlər iddia edirlər ki, manatın məzənnəsini dəstəkləyən addımlar atılmalıdır. İqtisadçılara görə, son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası yoxdur. Çünki hazırda dövriyyədə olan manat kütləsi azdır. Mərkəzi Bankın siyasəti dövriyyədə olan manat kütləsinin azaldılmasına yönəlib. Məqsəd devalvasiya və inflyasiya ilə mübarizədir. Ancaq bunun nə dərəcədə doğru olub-olmadığı başqa məsələdir. 

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı da “Sherg.az”a açıqlamasında vurğulayıb ki, dollar və ya hər hansı xarici valyutaya tələbin artması üçün heç bir səbəb yoxdur, əskinə azalması üçün hər cür səbəb var.

Ekspert bildirib ki, Mərkəzi Bankın manat kütləsini azaltmağa çalışdığı bir vaxtda bu hərracdakı artım başqa səbəblə bağlıdır: 

“Məncə, Amerikada baş verənlərlə bağlı dünyada dolların məzənnəsi aşağı düşəcək. Ona görə də manatın ucuzlaşması üçün heç bir səbəb görmürəm. Baxmayaraq ki, keçən ildən bütün qonşu ölkələrin valyutası dollara nisbətdə ucuzlaşıb. Düzdür, yanacağın bahalaşması ilə bağlı bir qədər inflyasiya olacaq və bu qarşısıalınmazdır. Lakin Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər cür imkanlara sahibdir. Hesab edirəm ki, hazırda manatın dollara real məzənnəsi 1:1-dir. Çünki axırıncı devalvasiyadan sonra manat xeyli möhkənlənmişdi. Üstəlik neftin qiyməti də devalvasiya vaxtı 30 dollar idisə, indi 60 dollara yaxındır. Mərkəzin Bankın niyə məzənnəni qaldırmadığı mənə dəqiq aydın deyil. Yəqin ehtiyatlı siyasət yürüdür ki, nəsə baş verərsə, yenidən devalvasiya etməsin”. 

E.Bayramlı bildirib ki, bu il Qarabağın bərpası üçün milyardlarla vəsait tələb olunacaq: 

“Strateji ehtiyatlarımızdan bir neçə milyardını bu məqsədlə ölkəyə cəlb edib dollar tələbatını kəskin aşağı salmaq olar. Bundan başqa, MB əhalinin, şirkətlərin öz ehtiyatlarını, əmanətlərini manatda saxlamasını stimullaşdıracaq tədbirlər görə bilər”.