Dodaq quruluğundan həkimə müraciət edənlərin sayı artıb

Çarəsi var, amma yetər ki, düzgün diaqnoz qoyulub, müalicə olunsun

Dodaq quruması insanları narahat edən və ən sıx yaşanılan problemlərdən biridir. Dodaqlar quruduqdan sonra çatlayır və bu dodaqda qanamalara səbəb olur. Bəs dodaq quruluğu hansı səbəblərdən yaranır?
Sualımızı cavablandıran dermatoveneroloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında qeyd edib ki, dodaq quruluğu səbəbi ilə həkimə müraciət edən dəri xəstələrinin sayı olduqca çoxdur.  Həkim qeyd edib ki, quruluq şikayəti ilə müraciət edən xəstələrdə adətən dodaqların qabıq qoyması və qaşıntı əlamətləri, bəzilərində əlavə olaraq qızartı şikayətləri də olur:

"Dodaq kənarlarında ağrılı çatlar quru dodaq problemi ilə üst-üstə düşə bilər. Belə xəstələrdə qidalanma zamanı dodaqlarda ağrı, yanma və göynəmə fonunda ümumi diskomfort hissinin yaranması mümkündür". 

Dermatologiya uzmanı vurğulayıb ki, dodaqların quruluğu bir çox ekzogen və endogen səbəbdən yarana bilər: "Endogen səbəblər dedikdə daxili orqan və sistemlərin patologiyaları fonunda yaranan dodaq xəstəlikləri nəzərdə tutulur. Buraya qastroenteroloji, endokrinoloji, revmatoloji, onkoloji, psixiatrik, nevroloji və digər xəstəlikləri aid etmək olar. 

Dodaqda quruluq səbəbi həm də ekzogen faktorlara bağlıdır. Havada quraqlıq, günəşin ultrabənövşəyi şüaları, küləkli hava, soyuq hava, mexaniki təkrarlanan travmalar və s. aiddir".

Dermatoloq qeyd edib ki, dodaq quruluğu həm də dəri xəstəlikləri səbəbi ilə də meydana gəlir:

"Bu cür dəri xəstəlikləri birbaşa quru dodaq problemi səbəbi rolunda iştirak edir. Ümumiyyətlə, dodaq xəstəlikləri bir çox hallarda dodaqlarla məhdudlaşır. Lakin bəzi dəri xəstəlikləri dodaq ətrafı sahələrdən və ağız boşluğundan başlayaraq dodaqlara da sirayət edə bilər.

Dodaqların quruması problemi ilə bərabər dodaqlarda şişmə, irinləmə, eroziv yaralar, axıntı şikayətləri də ola bilər. Əgər bu əlamətlər yoxdursa, o zaman dodaq qurumasının daha bəsit səbəblərdən meydana gəldiyini düşünmək olar.

Dodaqda quruluq səbəbi nə olursa olsun, bu problemin çarəsi var. Səbəb tapıldıqdan sonra hətta dodaq quruluğunun tam müalicəsi belə mümkündür. Dodaqların qurumasının hansı səbəbdən yarandığını müəyyənləşdirmək üçün dermatoloq xəstəni laborator, radioloji, bakterioloji, funqal və s. testlərdən keçirməlidir. Hətta ehtiyac olduğu təqdirdə dəri biopsiyası da alına bilər".