"Xeyli sayda tələbələr var ki, təhsil haqqını ödəyə bilmir"

Kamran Əsədov: "Əgər tələbələrin təhsil xərcləri obyektiv seçim əsasında müəyyən fondlar vasitəsi ilə ödənilərsə, Azərbaycanda ali təhsilli insanların sayı çoxalar"

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən xeyli sayda tələbə var. Hazırda ölkənin ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır ki, onların da 167 mini bakalavr, 15 mini isə magistraturada təhsil alır.  
Bu gün ali təhsil alan tələbələrin hər 100 nəfərdən 56-sı dövlət sifarişli yerlərdə oxuyur. 33 faizdən çox tələbə isə ödənişli əsaslarla təhsilini davam etdirməyə çalışır. 

Ölkəmizdəki təhsil ocaqlarının ixtisaslar üzrə ortalama təhsil haqqı 2500 manat təşkil edir. Hətta bəzi ixtisaslar və fərqli universitetlər üzrə bu rəqəm 6500, 5000, 4500 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, ötən illər ərzində  7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, universitet həyatından imtina edib.

Qeyd edək ki, sözügedən məsələdən çıxış yolu kimi Təhsil Nazirliyi tələbələr üçün güzəştli kreditlər nəzərdə tutmuşdu. 
Yanvarın 22-də keçirilən brifinq zamanı Təhsil naziri Emin Əmrullayev bu məsələyə bir daha toxunaraq təhsil kreditlərini iki qrup üzrə verməyi planlaşdırdıqlarını nəzərə çatdırıb. Nazirin sözlərinə görə,  təhsil kreditinin birinci qrupda daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda isə borcların bacarığa görə verilməsi nəzərdə tutulur. 

Fəqət, nəzərə almaq lazımdır ki, bir ilə yaxın zaman kəsiyində koronavirus pandemiyası səbəbi ilə ölkədə əksər iş yerləri bağlanıb və insanların, o cümlədən, tələbələrin işləmə qabiliyyəti minimuma enib.  Belə olan halda ya tələbə, ya da onun valideyni həmin krediti bağlamaq iqtidarındadırmı? Və ya, tələbənin o qədər krediti götürüb hazırkı distant təhsil üçün ödəməsi nə dərəcə məntiqlidir?

İndiki pandemiya şəraiti ilə hər kəs kimi uzlaşmağa, eyni zamanda təhsil almağa can atan tələbə mövcud durumdan necə çıxmalıdır ki, həm təhsil haqqını kreditlə ödəyə bilsin, həm də həmin krediti işləyib ödəməyə imkanı olsun?

Məsələ ilə bağlı bu və ya digər suallarımızı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında cavablandırıb:

"Bu gün universitetlərimizdə təhsil alan tələbələrin 67 faizi dövlət sifarişi əsasında, qalanları isə ödənişli əsaslarla təhsil alırlar. Bu da böyük saydır. Azərbaycanda təhsil haqları yüksəkdir və məlumdur ki, insanlar COVİD-19 virusu səbəbindən iş yerlərini itiriblər və onların gəlirləri ciddi şəkildə aşağı düşüb. Buna görə də ödənişli şəkildə oxuyan tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmir. Sözügedən məbləği ödəyə bilməyən tələbələr universitetdə semestr imtahanına buraxılmır və bu da onların növbəti problemlərinin yaranmasına gətirib çıxarır. 
Hesab edirəm ki, ilk növbədə kreditlərin verilməsi məsələsinə iki aspektdən baxmalıyıq. Dünya təcrübəsinə görə, təhsil alan tələbələrə kreditlər faizsiz olaraq verilir. Eləcə də təhsil aldıqları müddət ərzində onlardan həmin kreditlər tələb olunmur. Həmin şəxslər yalnız işə başlayandan sonra kreditin məbləği onların maaşlarından hissə-hissə tutulur. 

Bu əslində, yaxşı bir təcrübədir. Belə ki, təhsil alan şəxslərin işlə təmin edilməsi məcburi hala çevrilir. Bu halda ali təhsilini başa vurmuş şəxslər mütləq işləyirlər. 

Bir məsələ də ondan ibarətdir ki, tələbələrə kredit verən qurumlar onların işləyə biləcəyi müvafiq iş yerləri təklif edirlər. 
                                                               
 Məlumdur ki, Azərbaycanda işə götürən şirkətlər işçilərinin hər hansı bir təhsil xərcini ödəmir. Amma dünyada iri şirkətlər, holdinqlər tələbələri özləri öncədən yetişdirirlər. Düşünürəm ki, bu təcrübəni Azərbaycanda da tətbiq etmək lazımdır ki, həmin tələbələr mütləq şəkildə kreditini ödəyənədək işləməyə məcbur olsunlar". 

Ekspert K.Əsədov dünyanın bəzi ölkələrində tələbələr üçün yaradılan şəraitlərin Azərbaycanda da mövcud olmasının zəruriliyini vurğulayıb: 
"Qeyd edim ki, Azərbaycanda və dünyada tələbələrə kreditlərin verilməsi bir neçə formatda həyata keçirilir.

Onlardan birincisi faizsiz kreditlərdir ki, daha çox aztəminatlı və sosial təminatı zəif olan ailələrə verilir.

Hansı məbləğdə borc verilirsə, həmin məbləğ də geri qaytarılır. İkincisi isə odur ki, 2 və 4 faizlə kredit verilir və onlar təhsillərini başa çatdırdıqdan sonra həmin vəsaiti ödəyirlər. Lakin hazırda bunlar Azərbaycanda tətbiq edilmir. 

Düşünürəm ki, əgər tələbələrin təhsil xərcləri obyektiv seçim əsasında müəyyən fondlar vasitəsi ilə ödənilərsə, Azərbaycanda ali təhsilli insanların sayı çoxalar. 

Təhsilli şəxslərin sayının çox olması onların kənarda qalmasına şərait yaratmır. Çünki indi çoxlu sayda tələbələr var ki, təhsil haqqını ödəyə bilmir və oxumaqdan kənarda qalır. Bununla da nəticədə ölkə əmək bacarığı olan ixtisaslı kadrını itirir. 

Ona görə də zənn edirəm ki, kreditlərin verilməsi təhsilin əlçatanlığına və ali təhsilli insanların sayının artmasına zəmin yaradacaq".

Ağarza Elçinoğlu