ABŞ şirkətləri daha böyük üstünlüyə malikdir


Vüqar Bayramov deyib ki, bu ölkənin Qarabağda quruculuq işinə qoşulması çox faydalı olar

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb. Görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. ABŞ səfiri Örl Litzenberger regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.

Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.


Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, ABŞ şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin iqtisadi inkişafında yaxından iştirak etmək istəyi təqdirəlayiqdir. Deputat bildirib ki, ABŞ-la əməkdaşlıq həmin ərazilərimizin texnoloji baxımdan qurulmasına və müəyyənləşməsinə müsbət təsir göstərə bilər:

"Amerika Birləşmiş Ştatları innovasiyanın, texnologiyanın yayılmasında yaxından iştirak edən dövlətlərdən biridir. Eyni zamanda o, Azərbaycanın strateji müttəfiqlərindəndir. Bu baxımdan ABŞ şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında, eləcə də iqtisadi inkişafında yaxından iştirak etmək istəyi təqdirəlayiqdir". 

V.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-la uzunmüddətli strateji əməkdaşlığa malikdir:

"ABŞ şirkətləri infrastrukturun, eləcə də "smart city" ("ağıllı şəhər") prinsipinə uyğun olaraq infrastrukturun formalaşmasında yaxından iştirak edə bilər. Eyni zamanda ABŞ şirkətləri həm də fərqli sektorlarda müqayisəli üstünlüyə malikdir.

Xüsusilə, sənaye müəssisələri ətrafında imkanları genişdir. Həm infrastrukturun formalaşmasında, həm də növbəti mərhələdə sənaye müəssisələrinin yaradılmasında, eləcə də emaledici aqrar müəssisələrin formalaşmasında bu şirkətlərin iştirak imkanları mümkündür.

Düşünürəm ki, Azərbaycan-ABŞ əməkdaşlığı bütövlükdə strateji əhəmiyyət daşıdığı üçün işğaldan azad edilmiş ərazilərimizin texnoloji baxımdan qurulmasına və müəyyənləşməsinə pozitiv təsir göstərə bilər".