Parlamentarilər müharibə günlərində heç nəyə yaramadılar

"Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb, hansısa qazinin evini ziyarət etməyib. Uzaqdan zəng belə etməyiblər"

Qanunverici orqanda oturanların əksəriyyəti Azərbaycanın ictimai-siyasi rəyinə dəxli olmayan təsadüfi adamlardır, ona görə cəmiyyətdən narazılıq var

Sosial şəbəkələrdə Milli Məclis üzvlərinin aylıq əməkhaqlarını əks etdirən cədvəlin yayılması ictimaiyyətdə ciddi rezonans doğurub. Maaş cədvəlinə münasibət bildirənlərin əksəriyyəti deputatların bu qədər çox məvacib almasına kəskin etiraz ediblər. Narazılığın artmasından sonra Milli Məclisin mətbuat xidməti yayılan söz-söhbətə aydınlıq gətirib.

Parlamentdən vurğulanıb ki, bir sıra sosial şəbəkələrdə “Deputatların yeni əməkhaqqı cədvəli” başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir. Bəyan edilib ki, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir. Qeyd olunub ki, spiker 2 min 475 manat miqdarında, sədr müavinləri 2200, komitə rəhbərləri isə 1900 manat civarında aylıq maaş alır. Bundan başqa sədr və deputatlar əlavə xərclər üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. 

Siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət “Şərq”ə bildirib ki, cəmiyyət şəffaflıq istəyir və tələb edir ki, hər kəs layiq olduğu qiyməti almalıdır. Media nümayəndəsinin sözlərinə görə, Milli Məclis rəsmiləri iddiaları təkzib etmək əvəzinə deputatların əmək haqları ilə bağlı öz internet saytlarında açıq informasiya təqdim etsələr daha yaxşı olardı:

“Kim istəsə, parlamentin saytına daxil olar və sədr başqa olmaqla hansı deputatın nə qədər maaş, ezamiyyə xərcləri və digər əlavələr aldığını görər. Bu həm də informasiya əldə etmək haqqında konstitusiyamızın tələbidir və hər vətəndaşın haqqıdır. Lakin Milli Məclis açıq məlumat təqdim etmir. Nəticədə cəmiyyətdə dedi-qodu və şayiələr yayılır. Söz-söhbət yayılandan sonra iddiaları təkzib etməyin nə mənası var?! Parlament əvvəlcə özü şəffaflığı təmin etməlidir”. 

A.Həsrətin qənaətincə, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin Milli Məclisin tərkibinə çox ciddi reaksiyası və narazılıq var:

“İnsanlar parlamentin mövcud tərkibini həzm edə bilmir. Qanunverici orqanda oturanların əksəriyyəti Azərbaycanın ictimai-siyasi rəyinə dəxli olmayan təsadüfi adamlardır. Tariximizin ən mühüm hadisəsi olan 44 günlük Vətən müharibəsində belə səssizliyini qoruyanlar oldu. Bir dəfə olsun ağızlarını açmadılar. Hansısa xarici ölkənin parlamentinə, beynəlxalq təşkilatlara məktub yazdıqlarını görmədik. Belə adamların cəmiyyəti qıcıqlandırması normaldır. Deputatların sosial media hesablarına, feysbuk profillərinə nəzər yetirsək, görərik ki, dörd-beş parlament üzvünü çıxmaqla yerdə qalanlar görünmürlər. Deputat olduqları hiss olunmur”.

Jurnalist vurğulayıb ki, əksər parlamentarinin “fəaliyyəti” Vətən müharibəsində özünü daha aydın büruzə verdi:

“Müharibə dövründə və sonrakı dönəmdə ölkəmizin müxtəlif bölgələrinə, şəhər və kəndlərimizə şəhidlərimiz gətirildi: “Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb, hansısa qazinin evini ziyarət etməyib. Uzaqdan zəng belə etməyiblər. Bu cür deputatlara xalq arasında rəğbət və sayğı ola bilməz. Ona görə də parlament üzvləri ilə bağlı kiçik məsələ cəmiyyətdə neqativ tərəfdən yozulur və günlərlə müzakirə olunur.

Düşünürəm ki, cənab Prezidentin icra strukturlarında həyata keçirdiyi sürətli islahatlar parlamentə də sirayət etməlidir. Çünki indiki tərkibin böyük hissəsi müharibə günlərində heç nəyə yaramadıqlarını aydın göstərdilər”.