Görüş: Qazağın 7 kəndi masada? – “Sənəddən çıxarılıb, lakin...”

“Qarşılıqlı anklavlar məsələsi olduğundan Qazaxın 7 kənddini sonrakı mərhələyə saxladılar”

“Qarşıdakı dönəmlərdə bu məsələlər stabilləşəndən sonra Qazaxın 7 kəndin qaytarılması baş tutacaq”



Fevral ayı ərzində Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək. Moskvada baş tutacaq görüşdə bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.  Eyni zamanda iqtisadi kommunikasiyaya dair məsələlərin müzakirəsi də istisna edilmir. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi sona çatıb.

Ermənistan tərəfi noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyanatı imzalamaqla bir növ məğlubiyyətini etiraf etdi. Lakin sənəddə əks olunan bəzi məsələlər hələ ki, həllini tapmış deyil. Onlardan biri Qazaxın 7 kəndinin qaytarılmasıdır.



Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, bu məsələ gec-tez həllini tapacaq:

“Qazaxın 7 kəndinin qaytarılması üçtərəfli bəyanata daxil edilmişdi, lakin sonra çıxarılma prosesi baş verdi. Bu da onunla bağlı idi ki, bəyanatda kəndlərin qaytarılması göstərilirdi, amma şərtlər müəyyən edilməmişdi. Sözügedən məsələ mürrəkkəb konstruktiv yanaşma tələb edir. 

Bu da bölgələrin coğrafı durumu ilə bağlıdır. Məsələn, ermənilərin də Azərbaycanın hansısa ərazisinə qarşı iddiaları var.

Söhbət sövet dönəmində verilmiş ərazilərdən gedir. Qarşılıqlı anklavlar məsələsi olduğundan Qazaxın 7 kənddini sonrakı mərhələyə saxladılar”.

Ə.Əlibəyli vurğulayıb ki, Qazaxın sərhəd olan kəndlərinin qaytarılmasını həll etmək problem deyil:

“Lakin ermənilərin Kərki kəndi və Gədəbəyin Başkəndi kimi iddiaları var. Bu iddialar əsasında qarşılıqlı anlaşılmazlıqlar başladı. Nəticədə proses ertələnmiş oldu. Amma bu, o demək deyil ki, Qazaxın 7 kəndi ilə bağlı çıxış yolu yoxdur.

Sadəcə hazırda ümumi gedişat ondan ibarətdir ki, Dağlıq Qarabağ və ətraf rayonlardakı vacib məsələlər öz əksini tapmalıdır: ilk növbədə ətraf rayonların məskunlaşdırılması və böyük qayıdış proqramı baş tutmalıdır.

Sonra isə xalqların birgə yaşayış mühiti inkişaf etdirilməldir və bölgədə problem yarada biləcək məqamlar həllini tapmalıdır.

Qarşıdakı dönəmlərdə bu məsələlər stabilləşəndən sonra Qazaxın 7 kəndin qaytarılması baş tutacaq”.