Ermənistanın ictimai rəyi Rusiyaya qarşıdır

Hətta Paşinyan hakimiyyətdən getsə belə, bu rəy dəyişməyəcək

"Ermənistan səfirinin Navalnı ilə bağlı belə bir fikir səsləndirməsi təsadüfi və təəccüblü deyil"

Rusiya mətbuatında Ermənistanla bağlı tənqidi məqalə dərc edilib. Yazıda müttəfiq hesab edilən Ermənistanın Rusiya əleyhinə tətbiq edilən sanksiyanı dəstəkləməsi qınanılıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağda Ermənistanı total məğlubiyyətdən xilas edən Rusiya müttəfiqinin belə sürətlə, açıq şəkildə anti-Rusiya mövqeyi tutacağını gözləmirdi.

44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətə cavab olaraq İrəvan informasiya müharibəsini təkcə Azərbaycanla deyil, indi də Rusiyaya qarşı genişləndirməyə qərar verib.

Məqalədə qeyd edilir ki, həm dostluq, həm də yaxşı münasibətin bütün zəmanətləri Ermənistan rəsmilərindən birinin, səfirin açıqlaması ilə aradan qalxıb.

İrəvandan müttəfiqlik öhdəliklərinə zidd açıqlamanın gəlməsi Moskvada məyusluq doğurub. Belə ki, Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayan bu ölkənin "Weekblad Elseveir" nəşrinə verdiyi müsahibədə Qərbin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini müsbət qiymətləndirib. Bəs görəsən, İkinci Qarabağ müharibəsindən sonra İrəvanın anti-Rusiya kampaniyasına qoşulması nə səbəbdən qaynaqlanır? 

Suallarımızı cavablandıran siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ermənistan bundan sonra heç vaxt Rusiyaya əvvəlki kimi tabe olan deyil. Siyasi şərhçi qeyd edib ki, hətta Paşinyan hakimiyyətdən getsə belə Ermənistan ictimai rəyi Rusiyaya qarşıdır:

"Yəni bu, birmənalıdır. Düzdür, indiki şəraitdə özlərini Rusiyaya meyilli kimi göstərməyə çalışırlar. Çünki müharibəni uduzduqları üçün vəziyyətləri çox çətindir. Yəni  Azərbaycanın qarşısında təkbaşına duruş gətirmək imkanları sıfırdır. Təbiidir ki, onları yalnız Rusiya xilas edə bilər. Bu baxımdan Rusiyaya bir qədər royal yanaşdıqlarını göstərirlər. Belə deyək ki, bir növ rola girirlər. Amma Rusiya da, Azərbaycan da yaxşı başa düşür ki, Ermənistan artıq Rusiyadan təmiz qopub. Hətta gələcəkdə də Ermənistanın Rusiyanın əlaltısı kimi davam etməsi mümkün deyil. Baxmayaraq ki, güc qarşısında Ermənistan məcburiyyət üzündən Rusiyanın əlaltısı kimi davranmağa məcburdur. Amma əlinə düşən ilk fürsətdə Ermənistan Rusiyaya xəyanət edəcək və arxa çevirəcək". 

A.Həsrət qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər həmişə olduğu kimi isti olmayacaq:

"Baxmayaraq ki, bəzi siyasətçilər yenidən dirçəldilir. Xüsusən də, Rusiyaya yaxınlığı ilə seçilən Robert Koçaryan dirçəldilir. Amma bu da vəziyyəti xilas edə bilməyəcək. Rəsmi İrəvanın siyasəti hazırda ona yönəlib ki, birincisi, Qarabağdan birdəfəlik canını qurtarsın. Bu, bəlkə də təəccüblü görünə bilər, amma rəsmi İrəvan Qarabağdan birdəfəlik canını qurtarmaq istəyir. Sadəcə olaraq, xalqın qarşısında duruş gətirmək çətin olduğuna görə, indiki şəraitdə rus sülhməramlılarının bölgədə olması, eyni zamanda ictimai rəylə manipulyasiya imkanlarının saxlanması başadüşüləndir. Yəni o baxımdan Ermənistan səfirinin Navalnı ilə bağlı belə bir fikir səsləndirməsi təsadüfi və təəccüblü deyil. Bu, Ermənistanın uzaq perspektivə hesablanmış siyasətinin görsənişidir. Yəni əslinə qalanda Ermənistan Qərbə də bir növ öz ismarıcını təkrar göndərir ki, biz Rusiya ilə davam etmək istəmirik. Bizim yolumuz Qərbədir. Belə olanda təbii ki, Rusiya artıq öz hesabını götürməli, kiminlə daha düzgün, daha uzaq gedən, daha dayanıqlı  siyasət qurmalıdır. Hesab edirəm ki, Rusiya artıq Azərbaycandan başqa seçim üzərində dayana bilməyəcək.

Azərbaycanın da öz istəkləri var, təbii ki, bu istəkləri də yerinə yetirmək lazımdır".