“Bəzi məmurlarımız milyarderlər siyahısına düşüblər” – Talana son! 

Dövlətimiz əhalinin rifahı, firavan yaşaması, xoş gələcəyi üçün çox işlər görür, məqsədyönlü siyasət həyata keçirir. Bu baxımdan cənab Prezident İlham Əliyev istəyir ki, idarəçiliyə cəlb etdiyi insanlar əhali ilə normal rəftar etsin, onlara həvalə edilən işləri Konstitutsiya çərçivəsində görsün. Ölkə başçısı məhz bu istiqamətdəki davranışı və atdığı addımlarla böyük nümunələr sərgiləyib. 

Lakin sirr deyil ki, bu günə qədər bəzi məmurların  fəaliyyətində ciddi problem və xoşagəlməz məqamlar üzə çıxıb. Onlar tutduqları vəzifədən sui-istifadə edərək dövlətin külli miqdarda vəsaitini mənimsəyiblər. Vəziyyət o yerə çatıb ki, ölkə başçısı bununla bağlı xüsusi açıqlamalar da verib. 
Məmurların vəzifə başında olarkən yığdıqları sərvətlər barədə mətbuatda kifayət qədər məlumatlar yayılır. Xalqın rifahını düşünməyən bəzi vəzifə sahiblərinin yalnız Azərbaycanda deyil, başqa ölkələrdə özləri üçün qurduqları biznes, bank hesabları, villalar və bizim bilmədiyimiz daha nələr var... 

Ortaya belə bir sual çıxır: hansı işlər görülməlidir ki, məmurlar xalqa vicdanla xidmət etsinlər. Və ən əsası elə bir sistem qurulsun ki, onlar vəzifə başında olarkən dövlət büdcəsini talamaq imkanları olmasın?



Sualımızı cavablandıran “AĞ” Partiya sədri Tural Abbaslı “Sherg.az”a təəssüflə bildirib ki, ölkəmizdə məmur özbaşınalığı bitmək bilmir:

“Məsələn, icra hakimlərinin həbsi davam etdiyi müddətdə paralel olaraq məlum olur ki, digər icra hakimləri də korrupsiya və rüşvət bataqlığındadırlar. 
Nazirlərin və nazir müavinlərinin isə büdcəyə çıxışı daha geniş və sərbəstdir.

Ona görə də onların əməlləri tənzimlənə bilmir. Onlar acgözlük, rüşvətxorluq xislətində olduqları üçün dövlət büdcəsindən və xalqdan oğurlamağa başlayırlar. Düzdür, deyə bilərik ki, şəffaflıq üçün müvafiq sistem qurulmalıdır. Amma korrupsiya, rüşvət faktlarını Avropa və Amerikada da görürük.

Bir çox hallarda deyirik ki, sistem dəyişilməsə, korrupsiya və rüşvət davam edəcək və məmurlar daha da azğınlaşaraq milyarderlər siyahısına düşəcəklər. Hətta bəziləri artıq bu siyahıya düşüb. Fikrimcə, istənilən qanunvericiliklə buna nəzarət etmək mümkündür”. 

T.Abbaslı vurğulayıb ki, hüquq-mühafizə orqanları qanunların işləməsində maraqlı olsa, heç bir məmur dövlət büdcəsini talan edə bilməz:

“Bir sözlə, sözügedən hadisədə insan və siyasi iradə faktoru var. İnsan faktoru hər zaman oğurluğa meyillidir, siyasi hakimiyyət istəsə, bu kimi hallara son qoyar.

Hansı nazir həbs olunanda bütün var-dövləti müsadirə edildi və ona 40-50 il həbs cəzası verildi ki, digərləri bunlardan dərs götürsün? Bizdə belə bir misal yoxdur. Sovet dönəmində dövlət əmlakını mənimsəməyə görə güllələnmə var idi.

Amerikada vergidən yayınan zaman 60 ilə qədər həbs nəzərdə tutulur. Amma bizdə həbs və cəzalar simvolik olduğu üçün insanlar risk almağı xoşlayırlar. Qanunsuz əməllərə görə adekvat cəza yoxdur. Hüquq-mühafizə orqanları, ədliyyə və məhkəmə sistemi işinin öhdəsindən gələ bilmir. Bu da qanunların acizliyinə görə deyil, siyasi iradənin olmaması və həmin vəzifədə oturanların öz işini görməməsindən irəli gəlir.

Düşünürəm ki, siyasi iradə olsa və qanunlar işləsə, məsələ birdəfəlik həllini tapar”.