Paytaxtımız boşalacaq


"Qarabağda məskunlaşma məhz böyük şəhərlərdə urbanizasiyanı səngidəcək"

"Həyat bərpa olunandan sonra bölgədə əhalinin artmasını da müşahidə edəcəyik"


Coğrafiya İnstitutu “İnsan coğrafiyası” istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov deyib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafını təmin etmək üçün urbanizasiya başlıca rol oynayır. Onun sözlərinə görə, Qarabağın tezliklə bərpa olunmasında, sosial iqtisadi durumunun dirçəlməsində xüsusən əlverişli imkanları olan iri şəhərlərin salınması vacibdir: “Qarabağda əhalisi bir neçə yüz min nəfər olan şəhərin yaradılması regionun inkişafı üçün mühüm addım olar. Mineral xammal ehtiyatları ilə zəngin Kəlbəcər rayon ərazisində 8 filiz mədəni, 19 tikinti materialları yatağı, 7 mineral termal su yatağı, eləcə də Söyüdlü (Zod), Ağduzdağ, Qızılbulaq qızıl yataqları movcuddur. Ərazinin təbii şəraiti və mövcud imkanları burada inkişaf etmiş iri sənaye şəhərlərinin salınması üçün geniş imkanlar açır”.

Alimin fikrincə, Xocalı və Ağdam şəhərlərinin inkişaf etdirilərək birləşdirilməsi, vahid bir məntəqə kimi yaradılması qarşıda duran ən vacib vəzifələrdən biri kimi müəyyən edilməlidir: “Yaxın 10 il ərzində əhalisinin sayını 500 minə çatdırmaqla, Bakı ilə rəqabət apara biləcək ikinci bir iri sənaye şəhəri əldə etmək mümkündür. Azərbaycanda əhali Abşeron yarımadasında cəmlənməkdə davam edir. Gəncənin əhalisi uzun müddətdir ki, zəif templə artır və yuxarı qalxmır. Bu, təsərrüfatın inkişafı üçün də, demoqrafik inkişaf üçün də böyük problemlər yaradır. Uzun müddət paytaxt olmuş Xankəndi vaxtilə respublikanın inkişaf etmiş sənaye mərkəzi olduğundan oranın əhalisi 65 minədək artmışdı”.

Alimin açıqlamasını “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Qarabağın quruculuğunda fərqli yanaşmalar var. Amma bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin inşası ilə bağlı xüsusi plan hazırlanır. Deputatın fikrincə, bütün planlar “Böyük Qayıdış” proqramı fonunda reallaşacaq:

“Bizim yanaşmamız ondan ibarətdir ki, Qarabağın inkişafı istiqamətində “ağıllı şəhər” və “ağıllı kənd”lərin salınması bütövlükdə ölkə üzrə urbanizasiya prosesinin azalmasına gətirib çıxaracaq. Son illər, xüsusən 2000-ci ilin əvvəlindən 2015-ci ilədək paytaxta və digər böyük şəhərlərə insan axınını müşahidə edirdik.

Qarabağda məskunlaşma məhz böyük şəhərlərdə urbanizasiyanı səngidəcək. Əlbəttə, proses sistemli şəkildə həyata keçiriləcək. Artıq 4 mərhələ müəyyənləşib.

Yaxın günlərdə Füzulidə və digər iki rayonumuzda beynəlxalq hava limanı istifadəyə veriləcək. Bu addımlar bölgəyə sərmayənin cəlb edilməsi üçün yeni imkanlar yaradacaq.

Bütövlükdə Qarabağ yaxın illərdə ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək. İri şəhərlərdə məskunlaşmış məcburi köçkünlərimiz yenidən öz ata-baba yurdlarına geri dönəcəklər. Qarabağda həyat bərpa olunandan sonra bölgədə əhalinin artmasını da müşahidə edəcəyik”.