Dinamik və sosial ədalətə əsaslanan cəmiyyət qüdrətli dövlətin əsasıdır - Politoloq


“Hər bir fərdin öz bacarığı və qanunun verdiyi imkanlar çərçivəsində varlanması, fərqli peşələrə malik olması, digərləri ilə müqayisədə üstünlük qazanması sosial ədalətsizlik anlamına gəlməz. Əksinə bu bir rəqabət mühiti formalaşdırır və insanların daha yaxşı yaşamasına stimul verir. Nəticədə dövlətinin özünün inkişafına və böyüməsinə gətirib çıxarır”.

 Sherg.az xəbər verir ki, bu sözləri politoloq Ramid Hüseynov deyib. Politoloq vurğulayıb ki, lakin dövlət sosial təbəqələr arasında fərqin dərinləşməsinin qarşısını almaq mexanizminə malikdir:

“Vergi siyasəti, inzibati resurslar, stimullaşdırıcı tədbirlər və s. bu prosesin tənzimlənməsinə kömək edir. Bu sosial ədalətin təmin edilməsi ilə bərabər həm də sosial, siyasi, etnik, dini və s. qruplar arasında gərginliyin, münaqişələrin də baş verməsinin qarşısını alır. Çünki, sosial qruplar arasında davamlı ziddiyyətlər qaçılmazdır. Dövlət də hər zaman bu ziddiyyətlərin qarşısının alınması üçün sosial tarazlığın qorunub saxlanılmasına çalışır. Sosial tarazlığın təmini ilk öncə maddi resursların vətəndaşlar arasında ədalətli bölgüsünü şərtləndirir. Dövlət müəyyən qrup insanlara həddən artıq varlanmaq imkanı verməməməklə, hər hansı bir şəxsin və ya qrupun həddən artıq hakimiyyət əldə etməsinin də qarşısı almış olur. Amma bu işdə cəmiyyətin nəzarət və təsir mexanizminin rolu da önəmlidir”.

Politoloq qeyd edib ki, maddi resursların qazanılması mənəvi dəyərlərin əldə olunması ilə paralel getməli və fərdin ləyaqətinin itirilməsinə səbəb olmamalıdır:

“Məhz cəmiyyətin yaratdığı, etibar etdiyi dövlət onun ləyaqətli yaşaması, milli mənliyinin qorunub saxlanılması üçün mühüm addımlar atmaq imkanına malikdir. O, bu vəziyyəti nizamlamaq, tarazlaşdırmaq və ədalətli bir sistem yaratmaq funksiyasını yerinə yetirir. Yəni dövlət təkcə cəmiyyətin maddi ehtiyaclarını təmin etməklə kifayətlənmir, o həm də onların intelektual səviyyəsinin yüksəlişinə də nail olmalıdır. Çünki, cəmiyyətin bu inkişafı ümumilikdə maddi resursların bərabər və ədalətli bölgüsünə müsbət təsir etmiş olur. Başqa sözlə özünü dərk etmiş, yüksək intelektə malik fərdlərin maddi resurslara olan marağı, istəyi onların ehtiyaclarına və cəmiyyətdəki fəaliyyətinə uyğun olaraq müəyyənləşir. Əks təqdirdə pozulmuş qanunauyğunluq maddi resursların bölgüsünün pozulmasına və sosial ədalətsizliyin yaranmasına gətirib çıxarır. Beləliklə, qeyd etmək olar ki, demokratik - sivil cəmiyyətin mövcudluğu dövlətin sabitliyi, dayanıqlı inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Deməli dövlət vətəndaşının ehtiyaclarını, ləyaqətli yaşayışını təmin etməklə, onların dünyagörüşünün, intelektual səviyyəsinin inkişafına, maariflənməsinə, mədəni yüksəlişinə nail olmaqla paralel özünün də daimi mövcudluğunu, daxili və xarici təsirlərə qarşı dayanıqlığını, hakimiyyətinin xalq tərəfindən etimad qazanmasını təmin etmiş olur”.