Xocalı harayına biganə yanaşmağa haqqımız yoxdur

"Vətən savaşında göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımı ərəfəsində də nümayiş etdirməliyik"


“Xocalı soyqırımı tariximizin qanlı səhifəsi, ağrılı yerimizdir. Nə vaxtsa Qarabağda təkrar ermənilərlə birlikdə yaşasaq belə, onların vəhşiliyini, dəhşətli qətliamları əsla unutmamalıyıq”.

Bu barədə “Şərq”ə Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Hüquq müdafiəçisi bildirib ki, soyqırımın ildönümü ilə bağlı əvvəlki tədbirlər daha çox qisas, intiqam, torpaqların azad olunmasına yönəlik çağırışlarla müşahidə olunurdu. Lakin indi vəziyyət dəyişib, torpaqlarımız işğaldan azad olunub və erməni silahlılarına ağır zərbə vurulub, düşmən ordusu məhv edilib:

“Keçmiş şüarlar artıq aktuallığını itirib. Bundan sonra Xocalı soyqırımı ilə bağlı keçirilən mərasimlər, anım tədbirləri başqa formatda olmalıdır. Təbliğatı fərqli istiqamətdə aparmalıyıq. Aldığım məlumata görə, dünyanın bir çox nüfuzlu telekanalları, o cümlədən qardaş Türkiyədən jurnalistlər Azərbaycana gələcək və hökumət xətti ilə Xocalıya gedəcəklər. Bu, məntiqli addımdır.



Qanlı soyqırımın hadisənin baş verdiyi ərazidən, həm də şahidlərin dili ilə dünyaya təbliğ olunması daha təsirli vasitədir. Ümumiyyətlə, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında fasilə vermək olmaz. Təsəvvür edin, bir tərəfdə müharibədən sonrakı vəziyyət müzakirə olunur, regionun inkişafı üçün layihələr hazırlanır, kommunikasiyanın bərpasından söhbət gedir, ancaq Ermənistanda revanşist düşüncədə olanlar boy göstərir.

Hələ də düşmən ölkədə Xocalı soyqırımını törətdiyi üçün qürrələnən, əliyalın insanları, uşaq, qoca və qadınları öldürməyi “qəhrəmanlıq” bilən məxluqlar var. Ona görə də Xocalı soyqırımını, erməni vandalizmini daha geniş miqyasda təbliğ etməliyik. Soyqırımı daha çox ölkənin rəsmən tanımasına çalışmalıyıq”.

Ə.Şahidov vurğulayıb ki, dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı qətliamlardan xəbərdar olmalıdır ki, erməni vəhşiləri bir daha bu cür alçaqlığa cəsarət etməsinlər:

“Əgər bədnam qonşularımız revanşist təfəkkürdədirsə, qisasçılıq düşüncəsi ilə yaşayırlarsa, bizim Xocalı soyqırımına biganə yanaşmağa haqqımız yoxdur. Ola bilsin, Xocalı soyqırımı ilə bağlı tədbirlər pandemiya səbəbindən bir qədər məhdud səviyyədə keçirilsin.

Bəlkə Bakıda və xaricdə silsilə tədbirlərin təşkili mümkün olmayacaq. Amma çalışmalıyıq ki, soyqırımla bağlı informasiyalar, erməni vəhşiliyini əks etdirən video-kadrlar dünyanın nüfuzlu telekanallarında verilsin. Xarici KİV-lərə çıxışı olan hər kəs soyqırımın təbliğatını aparmalıdır, erməni qatillərinin insanlıqdan kənar əməllərini pisləməlidir.

Həmçinin, sosial şəbəkələr üzərindən təbliğatımızı genişləndirməliyik. Şəxsən mən xarici media orqanları ilə əlaqə qurmuşam və soyqırım günü bir neçə beynəlxalq telekanalda ingilis dilində çıxışım olacaq.

Belə milli və həssas məsələlərdə heç kim bacardığını əsirgəməməlidir. Vətən savaşında göstərdiyimiz həmrəyliyi Xocalı soyqırımı ərəfəsində də nümayiş etdirməliyik”.