Tıxacdan qurtulmağın bircə yolu var: Tramvay xətləri...

“Metro şəbəkəsi və avtobusların sayı məhduddur, xidmət keyfiyyəti bərbaddır”

“Bu səbəbdən də müvafiq narazılıqlar olur, yollarda tıxaclar yaranır”

“...Fürsətdən istifadə edib tramvay xətlərini yenidən yaratmaq olar”


Paytaxtımızda tramvay xətlərinin yenidən qurulması müzakirə edilir. Əslində tramvay yollarının bərpası çoxdanın müzakirə mövzusudur.  Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev də bildirib ki, ölkədə tramvay xətlərinin bərpasına dair müvafiq işlər gedir:


“Çox istərdik ki, paytaxtda tramvaylardan istifadə olunsun.  Bu istiqamətdə tədbir görülür. Eyni zamanda, velosiped sürənlər də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır”.



Məsələ ilə bağlı “Sherg.az”a danışan “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 15 il öncə paytaxtda tramvay yollarının ləğv edilməsi çox kobud səhv idi:

“Şəhər infrasturukturundan anlayışı olmayan adamlar bu cür yanlışlığa yol verdilər. İndi məcburuq ki, həmin şəxslərin səhvini düzəldək. Bakını müasir şəhərə çevirmək, əhalinin harasa rahat getməsi və qayıtm
ası üçün ictimai nəqliyyatın alternativi yoxdur. Hazırda Bakıda ictimai nəqliyyat çox bərbad vəziyyətdədir: Metro şəbəkəsi və avtobusların sayı kifayət qədər məhduddur, xidmət keyfiyyəti bərbaddır. Bu səbəbdən də müvafiq narazılıqlar olur, yollarda tıxaclar yaranır”.

Ekspert diqqətə çatdırıb ki, paytaxtda ictimai nəqliyyat sahəsini mükəmmələşdirməklə xeyli məsələləri həll edə bilərik. Bunun üçün tramvay xətlərinin bərpası yaxşı variantdır:

“Tramvay xətlərinin yenidən qurulmasında hansısa problem yoxdur. Müəyyən mərhələlər üzrə işlər görülə bilər. Bu dəqiqə paytaxtdakı bütün yolları söküb tamvay xətlərini salsaq, bunun üçün çox vəsait lazım olacaq. Şəhərin bərpa və abadlıq gedən yerlərində fürsətdən istifadə edib tramvay xətlərini yenidən yaratmaq olar. Dövlət vəsaitindən düzgün və səmərəli istifadə etmək lazımdır. Real nəticələr əldə olunmalı və ona uyğun işlər görülməlidir”.