Reaksiya ! - Fermerlərin 1700 ton soğanı ortada qalıb: nə alan var, nə satan...

“Xarici ölkələrdən gətirilən soğan onların məhsullarının satılmasına mane olur”

“Fermerlərin həm yarmarkalara, həm də bazarlara çıxışı asanlaşdırılmalıdır”

“Fermerlərə rəqabətli mühit yaratmaq üçün onların işi asanlaşdırılmalıdır”

  
Şəmkirli fermerlərin min bir əziyyətlə becərdiyi məhsulu alan yoxdur. Yeni Həyat kəndinin sakinləri əkib-becərdikləri soğanı sata bilmirlər. Bu il məhsul bol olsa da, alıcı yoxdur.  Fermerlər bildirir ki, xarici ölkələrdən gətirilən soğan onların məhsullarının satılmasına mane olur. Hazırda kənddə təxminən satılmayan 1700 ton soğan qalıb.



Mövcud problemdən alternativ çıxış yollarını “Sherg.az”a sadalayan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, 1700 tonun ölkə istehlakında cüzi bir rəqəm olmasına baxmayaraq, istənilən sahibkar və fermerin belə bir problemi olduqda dövlət bu olanlara reaksiya verməlidir.

Ekspert vurğulayıb ki, dövlətin müəyyən qurumları dəstək proqramlarını açıqlamalıdırlar:

“Ənənəvi olaraq Azərbaycanda kənd təsərrüfatı istehsalı xırda fermer təsərrüfatlarında maya dəyərini artırır. Çünki başqa ölkələrə nisbətən Azərbaycanda intensiv metodlarla kənd təsərrüfatı məhsullarının istehsalı ilə rəqabət apara bilmirlər. Baxmayaraq ki, ölkəmizdə yetişdirilən məhsulların əksəriyyəti orqanikdir, daha məqsədəuyğundur.

Lakin bunu təbliğ etmək lazımdır. Fermerlərin həm yarmarkalara, həm də bazarlara çıxışı asanlaşdırılmalıdır. Onların istehsal etdikləri məhsulların maya dəyərini azaltmaq üçün müxtəlif addımlar atılmalıdır. Ayrı-ayrı şəxslər biznes araşdırması aparmadan yerlərdə hansısa məhsulun becərilməsi ilə bağlı ənənəyə uyğun addım atırlar. Kənd təsərrüfatı məhsullarının becərilməsində rayonlaşdırma az tətbiq olunur”.

N.Bəydəmirlinin sözlərinə görə, kolxoz və sovxozlar ləğv olunduqdan sonra pay torpaqlarının uzun müddət pərakəndə istifadəsi, xaricdən idxala daha çox üstünlük verilməsi ölkədə aparılan aqrar siyasətin normal olmadığı anlamına gəlir:

“Dövlət ildə təqribən 800 milyon manat ərzaq alışına vəsait xərcləyir. Hərbi hissələr, bağçalar, internat məktəbləri və digər müəssisələrin ərzaq ehtiyacı qarşılanır.

Son zamanlar İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə belə müəssisələrin ehtiyacları üçün alınan kənd təsərrüfatı məhsullarında daha çox yerli istehsala önəm verilməsi işləri görülür.

Baxaq görək bunun  nəticəsi nə olacaq. Lakin aqrar ticarət şirkəti kimi Kənd Təsərrüfatı Nazirliyinin yanında bir MMC yaradılması, dövlət büdcəsi hesabına ticarətlə məşğul olunmasına qarşıyam. Hesab edirəm ki, bu dövlət vəsaitinin səmərəsiz xərclənməsidir.

Kənd Təsərrüfatı Nazirliyi ümumi dövlət siyasətini həyata keçirərək həm də antiinhisar fəaliyyət haqqında qanuna riayət etməlidir. Fermerlərə rəqabətli mühit yaratmaq üçün onların işi asanlaşdırılmalıdır. Bu zaman effektiv nəticələr əldə oluna bilər”.