Maykl Rubin Türkiyənin düşməni sayılır

Türkiyəni Kiprin “işğal”ında suçlamaq absurd yanaşmadır

ABŞ, Avropa Birliyi və onların ərəb müttəfiqləri Kiprin “işğalına” görə Türkiyəyə sanksiyalar tətbiq etməlidirlər. Bu iddia ilə amerikalı konqresmen Maykl Rubin çıxış edib. Konqresmenə görə, Türkiyəyə ciddi sanksiyalar tətbiq etməyin zamanı çatıb: “BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri Kiprin “işğalına” son qoymayıb. Kipr dalanından çıxmaq üçün indi başqa yanaşmya ehtiyac var”. Siyasi şərhçilərin sözlərinə görə, amerikalı konqresmen Maykl Rubinin Kiprin “işğalı”na görə Türkiyəyə sanksiya çağırışı absurd və savadsız bir yanaşmadır.

Kipr adasında heç bir işğal faktoru yoxdur. Ötən əsrin 70-ci illərində Yunanıstan Enozis planı çərçivəsində adanı işğal etmək üçün cəhd göstərib. Türkiyə isə öz növbəsində həm bu cəhdi aradan qaldırmaq, həm də adadakı türk əhalinin təhlükəsizliyini qorumaq üçün hərbi müdaxilə etdi. Bunun adı isə heç bir halda işğal ola bilməz. Bu gün əgər Kipr adasında gərginlik hökm sürürsə, bunun günahkarı rəsmi Ankara yox, Afinadır. Bu cür əsassız iddialar ABŞ-Türkiyə münasibətləri üçün də ciddi təhdiddir. 

Politoloq Natiq Miri “Şərq”ə vurğulayıb ki, Maykl Rubin Türkiyə düşməni kimi tanınır. Onun sözlərinə görə, Rubinin Türkiyəyə qarşı çıxması indiki gərginliklə bağlı deyil:

“Türkiyədə hərbi çevrilişə cəhd zamanı Amerikalı konqresmenlərin ən “aktivi” məhz Rubin idi. O, AKP hakimiyyətinin devrilməsini ciddi şəkildə dəstəkləyənlərdən biri olub. Hər vəchlə Türkiyəyə ağır sanksiyaların tətbiqini tələb edib. Türkiyəni Kiprin “işğal”ında suçlamaq absurd yanaşmadır. Daha doğrusu, açıq-aşkar yalan iddiadır.

Kipr əsrlərdir müsəlman toplumunun yaşadığı ərazi olub, Osmanlının tarixi torpağı sayılıb. 1974-cü ildə Türk Ordusunun Kiprə girməsi sayəsində adada yaşayan türklərin soyqırımının qarşısı alındı.

Əks halda böyük qətliam baş verərdi. Halbuki, bu dəhşətli faciələr bütün gün “insan hüquqlarından” dəm vuran Qərbin gözü qarşısında baş verirdi. Ancaq heç kim türklərin qətlinə qarşı çıxmırdı. Əgər Türkiyə geciksəydi, adadakı türklərin mühüm hissəsi öldürüləcək, yerdə qalanlar isə qovulacaqdı. Ona görə də ortada tarixi cəhətdən heç bir işğal faktı yoxdur. Təbii ki, belə şəraitdə hansısa sanksiyadan söhbət gedə bilməz”. 

N.Mirinin qənaətincə, ABŞ gündən-günə güclənən Türkiyəni qarşısında deyil, yanında görmək istəyir:

“Ankara hökuməti başda Amerika olmaqla NATO üzrə müttəfiqlərini neytrallaşdırmaq üçün Rusiya və Çinlə siyasi-iqtisadi əməkdaşlıqdan çəkinmir. Türkiyəyə qarşı sanksiya NATO-nun cənub sərhədlərinin boş qalması deməkdir. Sanksiya və təzyiq dilində danışmaq zamanı çoxdan ötüb”.