Şuşa fatehinin anası:“Deyib, çox pis yerdəyik, qayıtmaq...” - Fotolar

Sədi Şirazi deyirdi ki, döyüş meydanında can versə, insan, xoşdur namərdliklə qoyub qaçmaqdan. Görünür, doğrudan, belədir. 44 günlük hərbi əməliyyatlar zamanı biz əsrlər əvvəl deyilmiş bu fikrin həqiqiliyini sübut etdik. Qazilərimizin, şəhidlərimizin hər biri ən uca zirvəni fəth etməklə həm də qəlblərdə taxt qurdular. 1996-cı il təvəllüdlü Ramil Əliyev də belə igidlərimizdəndir.
O, Hacıqabul rayonunda anadan olub. 2002-ci ildə Şirvan şəhərindəki 9 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olub. 2013-cü ildə Şirvan şəhərindəki humanitar kollecdə tədrisin növbəti mərhələsinə başlayıb. Ardınca isə N saylı hərbi hissədə Vətənə borcunu yerinə yetirib. 2017-18-ci illərdə iki dəfə Kərbəlanı ziyarət edib. Ramil şəhid olanadək Kərbəlaya zəvvarlar aparırdı.

 Görünür, Tanrı qatında sevimli bəndə olduğuna görə, ən ali zirvəyə ucaldı. Anası Xuraman xanım oğlunun döyüş yolu barədə “Sherg.az”a danışdı:

 “Cənab general Polad Həşimovun şəhid olması Ramilə çox pis təsir etdi. Könüllü cəbhəyə yollandı. Amma onun könüllü olduğunu yalnız şəhədətə qovuşandan sonra öyrəndik.

Bizə yalan danışmışdı. Demişdi ki, çağırış gəlib. Oğlumla oktyabrın 23-ü danışandan sonra bir neçə gün xəbər tuta bilmədik. Xəbər tutanda düşmənin arxasına keçdiklərini, mühasirəyə düşdüklərini söylədi. Demə, əlavə qüvvə gəlib, onları xilas edib.  Sonuncu dəfə oktyabrın 28-i səsini eşitdim.

Xüsusi bir şey söyləmədi, sadəcə“Allaha əmanət olun” dedi. Amma qohumlarla danışanda onlara söyləyibmiş ki, çox pis yerdəyik, qayıtmaq mümkün deyil. Bunu sonradan bildim. Ramil Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Laçında döyüşüb. Şuşada isə şəhid olub. Noyabrın 5-də dəfn etmişik.

Prezident, Ali Baş Komandan İlham Əliyev oğlumu “Vətən uğrunda”, həmçinin Cəbrayılın və Qubadlının azad edilməsinə görə müvafiq medallarla təltif edib. Övladımla fəxr edirəm”.