Qarabağda partizanlıq daha keçməz

"Yeni müharibə Ermənistan üçün fəlakətdir" 

Müzəffər Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan silahlı qüvvələri martın 16-dan 20-dək hərbi təlim keçirmək niyyətindədir. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Ordunun döyüş qabiliyyətinin yoxlanılacağı təlimdə ümumilikdə 7500 hərbçi, 100 zirehli texnika və hava hücumundan müdafiə sistemi cəlb ediləcək. Xatırladaq ki, martın 15-də Azərbaycan Ordusu 10 min şəxsi heyətlə və çoxsaylı müasir zirehli hərbi texnikalarla genişmiqyaslı hərbi təlimlərə başlayıb.

44 günlük müharibə nəticəsində çökmüş düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə paralel təlim keçirtmək niyyətinə düşməsi heç də təsadüfi deyil. Ekspertlərin fikrincə, təlimlərdə məqsəd erməni ordusunun tamamilə məhv olmadığını göstərmək məqsədi daşıyır. 



Düşmənin təlim hazırlığını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov bildirib ki, bu təlimlər Azərbaycan Ordusunun genişmiqyaslı manevr hərəkətlərinə ermənisayaq “cavab”dır. Analitikin sözlərinə görə, Ermənistan “qonşudan qeri qalma” prinsipi ilə “təlim” qərarı verib:

“44 günlük müharibədə darmadağın olmuş Ermənistan hansı ordu ilə təlim keçirir?! Yenə də özlərini gülünc vəziyyətə qoyurlar. Paradda keşişləri nümayiş etdirənlər, təlimlərdə öz tanklarını vuranlar, xaricdə təşkil edilən hərbi döyüş texnikasının nümayişi əvəzinə buklet paylayanlar indi də “təlim” xülyasına düşüblər.

Ermənistan olmayan ordusu ilə yenidən müharibəyə hazırlaşır?! Əgər elədirsə, bu, Ermənistan rəhbərliyinin ağılsızlığının göstəricisidir.

Çünki cəmi 44 gün göstərdi ki, Azərbaycan düşməndən on qat daha üstündür. Ermənistan rəhbərliyi başa düşməlidir ki, yeni müharibə ölkənin tam məhvinə gətirib çıxara bilər. Savaşdan sonra bəzi ermənilər partizan üsuluna əl atsalar da, istəkləri alınmadı. Ermənistan indiyədək yalvarır ki, tutulan terrorçular qaytarılsın.

Ermənistan mənasız təlim əvəzinə oturub düşünməlidir ki, illərlə apardığı yararsız və təhlükəli siyasəti necə dəyişə bilər. Bütün qonşu ölkələrlə normal münasibət qurmağın yollarını tapmalıdır. Düşdükləri acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur. Yeni müharibə Ermənistan üçün fəlakətdir”.