Səməniyə 600 manat verdi: "Bu, cahillik əlamətidir, geridə qalmaqdır"



Novruz bayramının simvollarından biri, bəlkə də birincisi səmənidir. Bazarda isə səmənilərin qiymətləri müxtəlifdir. 50 qəpikdən 50 manata qədər formasına və ölçüsünə görə dəyişir. Lakin “Xəzər TV”-nin bazardan hazırladığı reportajda maraqlı bir fakt üzə çıxıb. Satıcılardan biri xüsusi sifarişlə hazırlanan səmənini 600 manata satdığını söyləyib. 

Bəli, təəccüblənməmək mümkünsüzdür. Solduqdan sonra atılan səməniyə niyə külli miqdarda pul verilsin ki? İsrafçılıq deyilmi? Əlbəttə elədir. Hələ də keçdiyimiz çətin, ağrılı günlərdə bu xəbər absurd səslənir.



“Sherg.az"la həmsöhbət olan sosioloq-alim Əhməd Qəşəmoğlu məsələ ilə bağlı bunları söyləyib:

“Son illər ölkəmizdə və dünyada maddiyyatla bağlı insanlarda kompleks yaranıb. Öz maddi üstünlüklərini göstərmək üçün müxtəlif yollara əl atırlar. Bu da mədəniyyətsizlikdir. Pandemiya dövründən, müharibədən  əvvəl də belə olub.

Dəfələrlə mətbuatda deyirəm ki, cəmiyyətdə maddi dəyərlər öndə olmağa başlayanda, problemlər yaranır. Ona görə çalışmalıyıq ki, mənəvi dəyərlərə önəm verək. Birinci halda get-gedə gərginlik yaranacaq, ikincidə isə cəmiyyət özü-özünü tənzimləyəcəkdir. Səmənini alan kimdir bilmirəm.

Bu adam 600 manat səməniyə verib, bəlkə də ehtiyacı olan adamlara da köməklik göstərib.  Soruşsaq, deyəcək ki, istəyirəm alıram. Həm də şəhid, qazi ailələrinə və digər ehtiyacı olanlara kömək edirəm.

Lakin ictimai qınaq yaratmalıyıq. İnsanlar bir-birilə mənəvi dəyərləri, mədəniyyəti ilə yarışmalıdır. Elə onlar da hörmətə layiqdirlər. Maddiyyatla yarışmaq cahillik əlamətidir, geridə qalmaqdır. Bir də mənə indi küçədə pulsuz səməni versələr, evə gətirmərəm.

Çünki təhlükəlidir. Nə bilim, o səmənini hazırlayanda virus olub, ya yox? Belə təhlükəsizlik tədbirlərinə görə almaram”.