Köşə yazılarının seyrəlməsinin səbəbləri çoxdur

Oxucu artıq mətni böyük olan yazıları oxumağı sevmir, artıq multimedia dövrüdür

"Yazarlar bu gün hansısa sayta köşə yazısı yazmaqdansa, feysbukda status yazmağı üstün tuturlar"

Köşə yazıları müasir jurnalistikanın cəlbedici və mühüm sahələrindən biridir. Qəzet və saytların künc sütunlarında dərc olunan, siyasi, iqtisadi, ədəbi, sosial və digər ictimai problemlərlə bağlı müəllifin şəxsi fikirlərini ifadə edən yazılar "köşə” sayılır. Köşələr adətən günü və ya həftəni əks etdirir. Minlərlə insan köşə yazılarının əsasında özlərində siyasi və ictimai fikir formalaşdırırdılar. Məhz bu baxımdan, dünya mediasında köşə yazarları yüksək qiymətləndirilir. Müəyyən sahədə ixtisaslaşan və ekspertə çevrilən köşə yazarları 2-4 min işarəlik yazılarında bəzən bütöv bir kitabda deyildiyindən daha çox fikir deyə bilərlər. Ekspertlərə görə, köşə yazmaq, əslində olduqca çətin və məsuliyyətli işdir. Bizim ölkədə isə vəziyyət fərqlidir. Düzdür, bizdə "mətbuatın onurğa sütunu” sayılan köşə yazarları var. Amma köşə yazılarının sayı əvvəlki qədər çox deyil. Bu silsilədən olan yazılar azalıb. Bəs, köşə yazılarının sayının azalmasının səbəbi nədir?

"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli "Şərq"ə açıqlamasında bildirib ki, çox təəssüf ki, son dövrlər Azərbaycan mediasında köşə yazılarına çox rast gəlinmir. H.Heydərli düşünür ki, bunun da obyektiv və subyektiv səbəbləri var:

"İnternet media olmadığı dönəmdə insanlar əlavə şərhə, müəllif yazısına, alternativ fikrə daha çox maraq göstərirdi. Qəzetin ən gözəl yerində köşə yazılarına yer ayrılırdı. Hətta köşə yazarları gündəmə təsir gücünə malik idilər. Ancaq təəssüf ki, internet mediada köşə yazılarına çox az hallarda rast gəlirik".

H.Heydərli əlavə edib ki, internetdə köşə yazarları funksiyasını bloqlar yerinə yetirir:

"Bloq yazıları əslində köşə yazılarının onlayn versiyasıdır, ancaq oxucu kütləsi tərəfindən sevilərək oxunan köşə yazarları çox azdır. Məncə, xəbər portalları və informasiya agentlikləri daha çox operativliyə qaçdıqları üçün bu tip yazıları ikinci plana keçiriblər. Həm də yazarlar bu gün hansısa sayta köşə yazısı yazmaqdansa, feysbukda status yazmağı üstün tuturlar. Özü də qısa və lakonik şəkildə. Çünki oxucu uzun yazıları oxumağı sevmir, artıq multimedia dövrüdür. İndiki zamanda fikri qısa və konkret ifadə etmək lazımdır. Dünyanın ən məşhur sosial şəbəkələrindən olan "tvitter" maksimum 156 şrift yazıya imkan yaradır. Dünyanın ən məşhur yazarları, siyasətçiləri bu səbəbdən qısa yazı ilə kifayətlənir. Azərbaycanda da bu tendensiya mövcuddur, uzun və yorucu yazıların kütləsi yox dərəcəsindədir. Köşə yazıları da qısa və lakonik olarsa, bəlkə də uğurlu olar. Ancaq bizdə yazısına və fikrinə rəğbət bəslənən yazarlar da çox təəssüf ki, yalnız status yazmaqla kifayətlənirlər. Bəlkə də internet media portalları yaxşı qonorar versə, həmin yazarları cəlb edə bilər. Bu baxımdan düşünürəm ki, sosial şəbəkələrin sayəsində bu gün hər kəs yazardır, hər kəs köşə yazır. Yazan çox olan yerdə də oxuyan az olur və bu səbəbdən köşələr ikinci plana keçir".

"Lent.az” saytının baş redaktoru, tanınmış jurnalist Qabil Abbasoğlu "Şərq"ə açıqlamasında bildirib ki, internet mediasının inkişafı və çap mediasını sıxışdırması köşə yazılarına marağın azalmasına səbəb olub:

"Belə bir deyim var: əvvəl iri balıqlar xırda balıqları yeyirdi, indi isə sürətli balıqlar daha çox yaşaya bilirlər. Texnologiya inkişaf edir, media, informasiya daşıyıcıları da onun kimi. Bu inkişaf sürətli xəbər daşıyıcılığını zəruri edib. Ona görə də xəbər bütövlükdə medianın aparıcı, əsas məhsuluna çevrilib. İnsanlar başqalarının fikirlərini oxumaqdansa, xəbər istehlakına daha çox üstünlük verirlər. Bu, məsələnin bir tərəfidir. İkinci səbəb, internet mediasının inkişafı və çap mediasını sıxışdırması ilə bağlıdır. Köşə yazıları daha çox çap mediasının janrı sayılır. Üçüncü səbəb isə fikri azad ifadə etmək imkanları ilə bağlıdır. Köşə yazısı müəllifin və KİV-in mövqe ifadə etməsi üsuludur. Mövqe həm subyektiv olduğu, həm də müəyyən risklər yaratdığı üçün yazarların bu janrdan imtina etməsini anlamaq olar". 

Jurnalist Elman Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, ötən əsrin 90-cı illəri və qismən də 2000-ci illərin əvvəlləri Azərbaycan mediasının çox parlaq dövrü idi:

"O zaman mediamızda çox nüfuzlu, tirajlı köşə yazarları vardı. Oxucu qəzetin yazdığına, müəllifin fikrinə inanırdı. Bir sözlə, qəzetlərin, ümumilikdə medianın cəmiyyətdə etibarı vardı. Müəllif ictimai fikri yönləndirə bilirdi. Hansısa hadisəni şərh edirdi. Müəllif mövqeyi tək qəzetlərdə deyildi, televiziyalarda da vardı. Məsələn, Orxan Fikrətoğlunun, Etibar Hüseynovun tele-köşələri vardı". 

E.Cəfərli əlavə edib ki, əslində medianın işi təkcə cəmiyyəti informasiya ilə təmin etmək və maarifləndirmək deyil:

"Baş verən hadisələri təhlil etmək də medianın missiyasına daxildir. Məsələn, oxucu baş verən hadisələrə bəzən düzgün qiymət verə bilmir. Lakin müəllif köşə yazısında nə baş verdiyini izah edir, yönləndirici rol oynayır. Lakin son zamanlar xəbər məkanında rəqabət, informasiya axınının sürətlənməsi vəziyyəti dəyişib. İndi xəbərləri hər kəs əlindəki smartfondan istifadə edərək sosial şəbəkələrdən alır. İndi izləyicinin güvəndiyi video-blogerlər, internet televiziyalar var. Xəbəri də, baş verən hadisənin izahını da böyük ölçüdə onlardan alırlar. Bir ara tanınmış jurnalistlərdən biri özünün “youtube” kanalında tele-köşə layihəsi etdi. Lakin bu özünü doğrultmadı. Çünki indiki dövrün özünün “internet ulduzları” var. Mənim fikrimcə, media iqtisadi müstəqillik əldə edərsə, reklam bazarına çıxış imkanı qazanarsa, qəzetlər informasiya məkanında mövqeyini bərpa edə bilər. İnformasiya çevikliyini təmin etmək üçün səhər və axşam qəzetləri çıxa bilər. Jurnalist əməyi əvvəlki kimi dəyərləndirilərsə, köşə yazarları yenə oxunacaq”.

25 ildən artıqdır ki, müxtəlif qəzet və saytlarda köşə yazısı ilə çıxış edən publisist, jurnalist Səbuhi Rəhimli "Şərq"ə açıqlamasında bildirib ki, son dövrlər ölkəmizdə təkcə köşə yazısına münasibət deyil, o cümlədən digər informasiyaları da oxumaq prinsipi zəifləyib və oxumaq əmsalı çox aşağı düşüb:

"Hesab edirəm ki, qəzetlər özünün köşə yazıları, təhlilləri  ilə oxucusunu cəlb edə bilər.  Düzdür, köşə yazısına bəzi saytlarda müəyyən sayda rast gəlmək mümkün deyil. Çünki bu yazıları cəmiyyətdə oxuyanlar var. Təbii ki, onu da az adam oxuyur. Çünki cəmiyyətdə oxumağa qarşı sanki bir tənbəllik prosesi başlayıb. İnternet və yeni texnologiyalar da obyektiv səbəbdir. Hazırda yalnız video şərhləri dinləyənlər var  və onların sayı da kifayət qədərdir. Biz bunu müharibə dönəmində də gördük. Hansısa bir siyasi situasiya ilə bağlı bir təhlil videosu, araşdırma olarsa, ona kifayət qədər çox adam baxır. Bəzən 100 min, 200 min. Adi bir məsələni qeyd edim ki, 44 günlük Vətən müharibəsi dönəmində araşdırma yazıları yazırdım və cəbhədə nə baş verir  barədə danışırdım. Bir günə 100 min, 150 min insan bu yazılara, videolara baxırdı. Mindən çox rəy yazılırdı".

S.Rəhimli əlavə edib ki, çox təəssüf ki, bu gün gənclər köşə yazısının nə olduğunu bilmirlər:

"Bu istiqamətdə gənc jurnalistlər çox zəifdilər. Bunun da təbii ki, bir neçə səbəbi var. Əsasən də informasiyasızlıqdandır. Çünki rəsmi orqanlardan hansısa bir məlumatı dəqiq öyrənməlidir ki, hansısa hadisə ilə bağlı bir paralelliklə təhlil aparsın. Məsələn, biz Xankəndinə niyə gedə bilmirik? Qarabağda əslində nə baş verir? Rus ordusu doğrudanmı erməniləri ordan keçirdir? Bəs bunun sonu necə olacaq? və s. Köşə yazarı bu barədə ilk növbədə ətraflı məlumat almalıdır və bundan sonra bir qanuna uyğun formada ortaya bir təhlil çıxartmalıdır. Əgər onu doğru yazsa belə informasiya olmadığına görə insanlar onun doğru olub-olmayacağını bilməyəcəklər.

Bu da təbii olaraq diqqət çəkməyəcək. Adi 1994-1998-ci illərdə "Şərq" qəzetində gündəmi dəyişə biləcək köşə yazıları yazılırdı. Amma artıq şərtlər dəyişib. Belə deyək ki, Azərbaycan mühitindən artıq köşə yazısı dövrü də sanki gedib. Amma "New York Times" da  "Washington Post"da, Türkiyənin də ən çox da "Hürriyet" qəzetində bəzən bir köşə dövlətlərarası münaqişəyə və yaxud da hansısa skandala səbəb olur.

O dərəcədə ciddi yanaşırlar ki, burada köşə yazılarına. Bir məsələni də vurğulayım ki, Türkiyə mediasında da bir çox əlaqələrim var. Orada çox yüksək qonorarla köşə yazısı yazırlar. Əgər köşə yazarı yaxşı, bacarıqlı yazardısa onu xüsusi olaraq oxuyurlar. Amma təəssüf ki, bizdə qorxu var. Adi heç bir ad çəkmədən mən iki-üç köşə yazısı vermişəm.

Bir çox saytlar və qəzet orqanları onları qəbul eləmədi. Çünki oradakı adi tənqiddən belə media orqanlarımız çəkinir. Məsələn, adi təhsildəki problemləri deyirəm. Nə ad, nə də ünvan çəkirəm. Belə deyək ki, ümumiləşdirilmiş söz yığını. Köşə yazarı içindən gələnləri acılı-şirinli deməlidir. Sən içindən doğruları çıxardıb təqdim eləyə bilməyəcəksənsə, o zaman köşə yazısı da bir o qədər uğurlu alınmayacaq. Məsələn,  Zamin Hacı bir vaxtlar nə qədər məqalələrlə çıxış edirdi. 

Hətta onun 100 minlərlə oxucusu vardı. Əldən-ələ keçirdi yazısı. Azərbaycanda vaxtilə çox güclü köşə yazarları olub. Bu günləri mediada adamın eyninə olmayan informasiyalar verirlər. Nə düşündürücüdür, nə hiddətləndiricidir, nə ümidvericidir, nə də bir gizlinləri açan bir köşə yazıları var. O baxımdan sanki onun dövrü bitib.

Köşə yazan insan özü həm yazıçı, psixoloq, həm də siyasətçi olmalıdır. Politoloji məsələləri və geopolitik mənzərəni tam bilən insanlar olmalıdır. Əgər bu gün mətbuatlar köşə yazarının üzünə bağlıdırsa, müəyyən müddət keçəndən sonra yazanın da həvəsi öləcək. İtmiş və donmuş istedadı bərpa eləmək isə olduqca çətindir. Ona görə də bu məsələdə bu gün tək gəncləri qınamaq olmaz. Onlar da yalnız hazırda gördüklərini edir.

Adicə bu günləri mətbuatımızda Qarabağ döyüşləri ilə bağlı araşdırma yazıları yoxdur. Ancaq şəhidin anası, atası, bacısı, qardaşıyla söhbətlər edirlər, onlar da ağlayırlar kamera qarşısında  və ancaq da cəmi bir-iki söz deyirlər. Müxbirlər də ancaq statistik məlumat verir. Ortada da heç bir araşdırma yoxdur.  Amma buna yaradıcılıq baxımından, dünyəvilik baxımdan ciddi yanaşmaq lazımdır. Yəni elə bir material hazırlanmalıdır ki, bunu fransız dilinə də, ingilis dilinə də, hind dilinə də çevirsən maraqlı olsun. Amma çox təəssüflər olsun ki, nə bu cür çəkən, nə də ki, yazan var.
Hesab edirəm ki, köşə yazılarının inkişafı üçün müəyyən müsabiqələr təşkil oluna bilər. Fikrimcə, o zaman köşə yazılarını diriltmək mümkün olar.  Amma təəssüf ki, belə müsabiqələr təşkil olunmur".