ABŞ-la əlaqələr daha dinamik xarakter alacaq

Vaşinqton Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Bu, iki ölkənin dövlət başçıları arasında ilk rəsmi təmasdır. Ağ Ev rəhbərinin məktubunda Azərbaycana, onun regionda əhəmiyyətli aktorlardan biri olmasına diqqət çəkilir. Bayden Amerikanın Azərbaycanla əməkdaşlıq siyasətinə sadiqliyini vurğulayıb. O, təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional sülh məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışmaq niyyətini bildirib.

Bundan başqa, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladan Bayden ölkəsinin firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edib.

Qeyd etmək lazımdır ki, bu fikir 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirilən siyasi kursa uyğundur. Bayden həmçinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə etdiyini vurğulayıb. ABŞ prezidenti ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu da ifadə edib. 

Rəsmi Bakı ilə Vaşinqton arasında fəal siyasi dialoq, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə ədən əməkdaşlığın inkişaf etdirilməsi Ağ Evin Cənubi Qafqaz regionunda siyasi prioritetləri sırasına daxildir. 

Millət vəkili Anar Məmmədov ABŞ-Azərbaycan əlaqələrinin strateji xarakter daşıdığını deyib. Deputatın sözlərinə görə, Baydenin təbriki iki dövlət arasında olan münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisi kimi qəbul edilə bilər:

“Azərbaycanın xarici siyasət prioritetləri arasında ABŞ-la münasibətlər mühüm yer tutub. Bu münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər iki dövlətin milli maraqlarına cavab verir. Dünyanın super dövləti olaraq Amerika ilə münasibətlərin normal səviyyəyə qaldırılmasında ölkəmizin demokratik dünyaya inteqrasiyası mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Bakı-Vaşinqton münasibətlərini dərinləşdirən faktorlardandır. Təsadüfi deyil ki, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi”ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda Amerika şirkəti təmsil olunur. Bildiyimiz kimi, Prezident Co Baydenin vəzifəsinin icrasına başlamasından sonra iki ölkə arasında ali siyasi səviyyədə təmas olmayıb. Bu məktub ABŞ-ın yeni prezidentinin Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu göstərir”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan Amerikanın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir:

“ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. 2001-ci ildə törədilən dəhşətli terror aktında Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Lakin Azərbaycan qeyd-şərtsiz Ağ Evi dəstəklədiyini bəyan etdi və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərdi. İndi ABŞ-ın yeni Administrasiyası İkinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür. Bu reallıqlar çərçivəsində Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təminatında, o cümlədən qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət olduğunu aydın dərk edir. Ötən illər ərzində iki dost ölkə arasında münasibətlərin təhlili də göstərir ki, Azərbaycanla Amerika arasında olan münasibətlər mahiyyət etibarilə dinamik xarakter daşıyır”.