"Arutyunyan və Balasanyan hərbi tribunal qarşısına çıxmağa hazırlaşsınlar" - Partiya sədri 

"Onsuz da haqq, ədalət gec-tez öz yerini tutacaq”


“Əli Xocalı sakinlərinin qanına batmış terrorçu Vitali Balasanyanın “heç vaxt Azərbaycanın tərkibinə daxil olmayacayıq”, “öz ordumuzu yaradırıq” kimi sərsəm və avantürist fikirləri xəyalpərəstlikdən başqa bir şey deyil”.

Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, separatçı Balasanyanın sərsəm bəyanatları Koçaryan, Sarkisyan və Manukyan kimi quldurların açıqlamalarından heç nəylə fərqlənmir: 

“Yaxşı olar ki, quldur Balasanyan separatçıların başı Araik Arutyunyanın İkinci Qarabağ müharibəsi ərəfəsində verdiyi pafoslu bəyanatları, lovğa ədalarını gözünün qabağına gətirsin. Arutyunyan da bir vaxtlar rəsmi Bakıya meydan oxuyurdu. Araikin və Paşinyanın lovğalıqlarının sonunun nəylə qurtardığı hamıya bəllidir. Biz bu cür xəstə təfəkkürlü, revanşist ermənilərin bəyanatlarını, müsahibələrini qətiyyən ciddiyə almamalıyıq. Arutyunların, Balasanyanların və digər qatı millətçi-faşist ünsürlərin, terrorçuların "qatar"ı artıq gedib. Onlar hazırda Xankəndidə sadəcə fiziki olaraq mövcuddurlar. Arutyunyanın özünü "dqr"in "prezident"i kimi, Balasanyanın isə “təhlükəsizlik şurasının katibi” kimi aparması siyasi şoudur. Onların məsələsinin birdəfəlik həllinə elə də çox qalmayıb”.

Ə.Hüseynov bildirib ki, Qarabağdakı ermənilərin taleyi Azərbaycana aid olan məsələdir: 

“Balasanyan kimilərin Rusiyaya arxalanması tamamilə absurddur. Rəsmi Moskva heç bir perspektivi olmayan avantürist erməni “generalına” görə 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatı təhlükə altına almaz. Arutyunyan və Balasanyan “ordu” yaratmaq xülyasına düşməkdənsə, hərbi tribunal qarşısına çıxmağa hazırlaşsınlar. Onsuz da haqq, ədalət gec-tez öz yerini tutacaq”.