Türkiyə modelini seçəcəyik

Peşəkar zabitlərin irəli çəkilməsi vacibdir

"Açar vəzifələrə Vətənin dar günündə onun harayına yetən, ermənilərlə müharibədə canını, qanını əsirgəməyən hərbçilərimiz təyin olunmalıdır"



Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda dincəldiyini əks etdirən videogörüntülər hələ də müzakirə olunmaqdadır. Görüntülərin nə zaman çəkildiyi dəqiq məlum olmasa da, hesab edilir ki, bu, Nəcməddin Sadıkovun Baş Qərargah rəisi vəzifəsindən azad edilməsindən sonrakı dövrdür.

Hələlik general bu iddialara reaksiya verməyib. Ümumən, Nəcməddin Sadıkov Azərbaycan generalitetinin müəmmalı və ən çox tənqid olunan simalarından sayılır. Onun Rusiya ilə bağlılığı, Azərbaycan Ordusundakı peşəkar zabitləri bu və ya digər şəkildə sıradan çıxardığı barədə iddialar gündəmdən düşmür. Hətta Nəcməddin Sadıkovu xəyanətdə ittiham edənlər də var. Xatırladaq ki, bundan öncə yayılan xəbərlərdə Nəcməddin Sadıkovun səhhətində problem yarandığı, Moskvada müalicə olunduğu bildirilmişdi. İctimaiyyət nümayəndələri 1993-cü ildən 2020-ci ilin yanvar ayınadək Baş Qərargah rəisi olmuş generalın və yaxın ətrafının cəzalandırılmasını, adı xəyanətdə hallandırılan bütün zabitlərin ordu sıralarından xaric edilməsini tələb edir. 



Müdafiə Nazirliyindəki prosesləri “Şərq”ə dəyərləndirən ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öz vəzifəsindən çoxdan uzaqlaşdırılıb. Ekspert bildirib ki, əvvəlcə sabiq Baş Qərargah rəisinin ölkədən kənarda olduğu deyilirdi. Sonra sosial şəbəkələrdə Dubayda istirahətini əks etdirən bəzi görüntülər paylaşıldı və ölkəyə çağırılması ilə bağlı xəbərlər yayıldı:

“Bunun mümkün olduğunu düşünürəm. Baş verən hadisələrdə, o cümlədən kifayət qədər səs-küylü, qalmaqallı olaylarda Nəcməddin Sadıkovun da dindirilməsi, ondan izahat alınması ictimaiyyətin zədələnmiş vicdanının bərpasına yardım etmiş olar. Ordumuzda gələcək islahatlarla bağlı ilk siqnal cənab Prezidentimiz tərəfindən verilib.

Vurğulanıb ki, biz Türkiyə modelini seçəcəyik. Bununla bağlı mənim də bir sıra məqalələrim var və orada öz təkliflərimi vermişəm. Düşünürəm ki, Türkiyə modelinin Azərbaycan Ordusunda tətbiqi ümumən zabitlərin karyerasında, daha üstün və peşəkar biliklərə yiyələnməsində, ordumuzun daha üstün vəziyyətə gətirilməsində mühüm rol oynayacaq. Kadr islahatlarına gəldikdə isə Azərbaycan Ordusu qalib ordudur və müharibə kifayət qədər ciddi potensiala malik sərkərdələrimizi, generallarımızı və zabitlərimizi ictimaiyyətə təqdim etdi”. 

Ə.Verdiyev vurğulayıb ki, gələcək islahatlarda Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, 44 günlük Vətən savaşında iştirak etmiş peşəkar zabitlərimizin yüksək vəzifələrə təyin olunması çox yaxşı olar:

“Bunun ilk sıqnallarını görürük. Hər iki müharibədə uğurla iştirak edən general-mayor M.Rzayevin birlik komandiri təyin edilməsi bunu əyani nümayiş etdirir.

Cəmiyyəti narahat edən məqamlardan biri bəzi zabitlərin birinci Qarabağ müharibəsində Azərbaycana qayıtmaması, Rusiyada hərbi xidmətlərini davam etdirməsi, sonradan isə ordumuzda yüksək vəzifələrdə təmsil olunmalarıdır.

Əlbəttə, bu məqam hərbçi kimi məni də çox narahat edir. Bu cür halların aradan qaldırılması üçün kadr islahatları zəruridir.

Hesab edirəm ki, mühüm əhəmiyyət kəsb edən açar vəzifələrə Vətənin dar günündə onun harayına yetən, ermənilərlə müharibədə canını, qanını əsirgəməyən hərbçilərimiz təyin olunmalıdır”.