Toysuz qalan müğənnilər çıxış yolu tapıblar - Kim nə edir? 

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bir ildir ki, ölkəmizdə toyların keçirilməsinə icazə verilmir. Bu üzdən çörəyi toydan çıxan insanlar işsizdir. Onlardan ən tanınanları isə  müğənnilərdir. Lakin bizim həmişə toyda-nişanda olan ifaçılarımız pul qazanmağın yolunu tapıblar. Şou əhlinin əksəriyyəti qonşu ölkə- Rusiyaya üz tutub, oradakı həmyerlilərimizin toylarında çıxış edirlər.

“Sherg.az” da həmin müğənniləri sizin üçün araşdırıb, bir araya toplayıb.

Məsələn, Fədayə Laçın bir ildir ki, Rusiyada çalışır. Oğlu ilə birgə orada yaşayır.

Şəbnəm Tovuzlu da həmkarları kimi çıxış yolunu Rusiyada görənlərdədir. Müğənni həm konsertlərdə, həm də toylarda fəaliyyətini davam etdirir.

Son zamanlar ailə məsələləri ilə gündəmə gələn əməkdar artist Mətanət İsgəndərli pandemiya dövründə Rusiya ilə yanaşı Türkiyəyə də yollanıb. O hər iki ölkədə də məclislərdə iştirak edib.

Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova da anası ilə birgə Rusiyada toy məclislərində çıxış edir. Yaxın günlərdə xanəndə Elnarə Abdullayeva və müğənni Könül Kərimova da Rusiyaya yola düşüblər. Eyni zamanda Tacir Şahmalıoğlu, Əlikram Bayramov, Vəfa Şərifova kimi ifaçılar da çarəni qonşu ölkədə tapıb.

Meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı da müğənnilər kimi Rusiyada məclislərdən dəvət alıblar.