Çindən ABŞ-a mesaj !- “Anti-Atlantika alyansı yaradıla bilər”

“Çin-ABŞ münasibətlərində maraqlı dinamika davam edir. Pekin bir həftə öncə XİN rəhbəri səviyyəsində İran, Türkiyə və region ölkələrinə səfər təşkil etdi, Vaşinqtona mesaj verdi: çox sürətlə anti-Atlantika alyansı yarada bilər”.

Bu sözləri politoloq Əhməd Əlili deyib. O, məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“Süveyş kanalı “EverGiven” hadisəsini isə Çində özlərinə ünvanlanmış mesaj gördülər, ciddi təşvişə düşdülər. Pekində belə düşünənlər oldu ki, gəminin yenidən üzmə halına gətirilməsini yubatmaqla Vaşinqton Çin və Avropa ölkələri arasında dəniz tranzitinə süni maneə, qlobal nəqliyyat zəncirində ciddi böhran yaratdı. Bu sahədə onsuz da kəskin böhran var idi:

COVİD- 19 dövründə Çin çoxlu məhsul istehsal edib Avropaya, xüsusilə ABŞ-a göndərsə də, həmin ölkələrdən Çinə çox az məhsul gəlirdi. Nəticədə "konteyner böhranı" meydana çıxmışdı: Çindən dünyanın digər ölkələrinə məhsul daşımaq üçün konteyner tapılmırdı, bütün konteynerlər Avropa, ABŞ portlarında toplanıb istifadəsiz qalmışdı.

Yaponiya şirkəti olan "EverGreen"ə aid gəminin yaratdığı böhran isə Pekinə onun necə də həssas bir vəziyyətdə olduğunu göstərdi. Başqa sözlə, ABŞ və NATO ölkələri aktiv bir formada fəaliyyət göstərməklə Çini dənizdə hərbi blokadaya ala bilərlər. Bu kontekstdə NATO hərbi gəmilərinin Çin ətrafı dənizlərdə toplanması barədə xəbərlər diqqətdə saxlanılması vacib olan bir məqamdır.

Deməli, Çin quru-dəmiryolu daşımaları keçən ölkələrdən asılı vəziyyətə düşə bilər. Bu dəmiryollarının hansı ölkələrdən keçməsi və həmin ölkələr üçün yaranan prioritetlər barəsində qənaətə gəlməyi isə oxucuların öhdəsinə buraxıram”.