“Erməni əsgərlərin fərariliyi təəccüb doğurmamalıdır” – Polkovnik!

Səfərbər olunmuş ehtiyatda olan erməni əsgərlərinin 95 faizi fərarilik edən olub. Bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın müşaviri Vladimir Poqosyan deyib.
Qeyd edək ki, Ermənistan ordusunda fərariliklə bağlı mütəmadi olaraq xəbərlər yayılırdı. Məsələn, aprel hadisələrindən sonra ermənilər polis və daxili qoşunları cəlb etmişdilər ki, qazan əsgərlərin qarşısını alsınlar. Eyni zamanda Ermənistan ordusunda intizamsızlığın hökm sürdüyü də bir həqiqətdir.



Mövzu barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistan ordusunda çoxlu sayda əsgər hərbi hissələri tərk edib:

“Belə məlumatlar İkinci Qarabağ müharibəsindən öncə də var idi. Hər bir hadisənin səbəbi var. Bu fərariliyin səbəbi isə odur ki, erməni əsgərləri xidmət etməyə hazır deyillər. Erməni gəncləri çox gözəl bilir ki, Azərbaycan torpaqları işğal olunmuşdu.

Onlar yaxşı bilirdilər ki, ordumuz gec-tez torpaqlarına sahib çıxacaq. Ermənistanda əsgər anaları dəfələrlə Müdafiə Nazirliyi qarşısında etirazlarını bildiriblər və istəməyiblər ki, övladları Ermənistan orudusunda xidmət etsinlər.

Hətta müharibə bitəndən sonra da erməni cəmiyyəti etiraz aksiyası keçirib tələb edirdi ki, övladları Ermənistanda xidmət etməsinlər”.

Ş.Ramaldanov qeyd edib ki, sözügedən hadisədə psixoloji faktoru da nəzərə almaq lazımdır:

“Yəni, Ermənistanda artıq oğlan övladı dünyaya gələndə evdə müəyyən narahatlıq olurdu. Uşaq böyüyəndə erməni ailələrində gərgin psixoloji narahatlıq keçirirdi ki, Qarabağ problemi həll edilməyib, amma övladları hərbi xidmətə getməlidirlər.

Bir sözlə, erməni gəncləri bu ab-havada böyüyürdülər. Kimin imkanı varıydısa, oğlan övladlarını 16 yaşı tamam olmamış başqa ölkələrə göndərirdilər ki, əsgərliyə getməsin. Erməni cəmiyyətində belə hal varsa, əlbəttə orada fərariliyin olması istisna edilmir.

Məsələn, azərbaycanlı gənclər doğulandan Qarabağla bağlı həqiqətləri və torpaqları azad etməli olduqlarımızı eşidiblər. Gənclərimiz bu mühitdə böyüyüb.

Təbii ki, vaxtı gələndə də əllərinə silah götürüb vətəni qorumaq üçün Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olublar.
Ona görə də erməni əsgərləri arasıda fərariliyin yüksək həddə olması bizim üçün təəccüblü olmamalıdır”.