Planlar var, icra olunur

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da güclənəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib. Sazişə əsasən, Türkiyə ilə Azərbaycan arasında yeni birgə komissiya yaradılıb. Birgə komissiyanın üzvləri Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrindən ibarət olacaq.

Hər iki tərəfin bərabər təmsil olunacağı Birgə Komissiya sazişin müddəalarının həyata keçirilməsi və lazım olduğu tədqirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək. Bu arada Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinə də start verilib. Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur. Təlimlər aprelin 8-də başa çatacaq. 

Mühüm saziş və birgə təlimlərlə bağlı “Şərq”ə danışan ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdədir. Hərbi ekspertin sözlərinə görə, Türkiyə və Azərbaycan orduları arasında xüsusi birgə təlim planları var və mütəmadi icra olunur:

“Təlimlərin məqsədi müasir hərbi vasitələrin istifadə qaydasını öyrənmək, döyüşlərdə tətbiq etmək və təcrübə mübadiləsi aparmaqdır. Türkiyə ilə Azərbaycan arasında təsdiqlənmiş hərbi saziş qardaş ölkə ilə hərbi əməkdaşlığın əhatə dairəsini daha da genişləndirəcək.

Ankaranın siyasi-mənəvi və hərbi dəstəyini hər zaman hiss etmişik. Türkiyənin savaşlarda istifadə etdiyi müasir hərbi silah-sursatın hamısı sınaqdan üzüağ çıxıb və real döyüşlərdə yüksək nəticə göstərib. Ona görə də Azərbaycan hərbçiləri Türkiyə istehsalı olan modern hərbi vasitələrin istifadə qaydasına mükəmməl şəkildə yiyələnməlidir.

Şübhə yox ki, zamanla hərbi sənaye müəssisələrimiz arasında da ortaq layihələr olacaq, qardaş ölkə ilə birgə müasir silahların istehsalına başlanılacaq”.