Füzulidə “Araz” qəzetinin redaksiyası bərpa olunacaq

Əflatun Amaşov: "Bölgələrdəki media orqanlarımızın dirçəldilməsinə məhz bu baxımdan ehtiyac var"


1931-ci ildə Füzulidə yaradılmış “Araz” qəzetinin redaksiyası bərpa ediləcək. Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb. O bildirib ki, “Araz” qəzeti Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı olub: “İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik”. Media nümayəndələri bu təşəbbüsü təqdirəlayiq hesab ediblər. Heş şübhəsiz, işğaldan azad edilmiş ərazilərimizdə qurucluq işləri başa çatdıqdan və əhalinin bölgəyə köçü başladıqdan sonra regional media orqanları da paralel fəaliyyətə başlayacaq.

Zamanla həm yeni mətbuat qurumları meydana çıxacaq, həm də işğaldan əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası prosesi başlayacaq. Ekspertlərə görə, yeni reallıqlar, informasiya siyasəti və Qarabağın yenidən dirçəldilməsi baxımından bölgədə müxtəlif media orqanlarının fəaliyyəti olduqca önəmli və zəruridir. 

Təşəbbüsü “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, aparılmış araşdırmalara görə, Azərbaycanın bölgələrinə aid ümumən 70-ə yaxın qəzet var. MŞ rəhbərinin sözlərinə görə, bölgə mətbuatı institutu dünyanın bir çox yerlərində mövcuddur və həmin ölkələrdəki yerli əhali informasiya əldə edilməsində onlara üstünlük verir:

“Təbii ki, nəşrlər həmin istəyə adekvat fəaliyyət göstərirlər. Azərbaycanda da bölgələrdəki media orqanlarımızın dirçəldilməsinə məhz bu baxımdan ehtiyac var. Onların müstəqilliklərinin qorunması yerlərdə ictimai rəyin dügün formalaşması üçün müstəsna əhəmiyyət daşıyır. 50-100 il sonra elektron resursların indiki kimi populyar olub-olmayacağını proqnozlaşdırmaq mümkün deyil.

Bölgə nəşrlərinin qorunması və inkişaf etdirilməsi ona görə lazımdır ki, bu media vasitələri fəaliyyətləri ilə gələcəkdə hazırkı dövrdə təmsil etdikləri ərazinin tarixini öyrənmək üçün əvəzsiz mənbə rolunu oynayacaqlar. Hələ sovet dövründə işğaldan azad olunmuş bölgələrimizin bir çoxunun kifayət qədər populyar mətbuat orqanları olub. Onların bəziləri işğal müddətində də fəaliyyətini  davam etdirdi. Bu, şübhəsiz ki, böyük fədakarlıq tələb edirdi”. 

Ə.Amaşov vurğulayıb ki, hazırda işğal başa çatıb və bölgə nəşrlərinin qarşısında mühüm vəzifə dayanmaqdadır:

“Onlar həmin ərazilərin, obrazlı desəm, “döyünən ürəyinə” çevrilməlidirlər. Elə fəaliyyət qurulmalıdır ki, öz bölgələri ilə bağlı informasiya mənbəyi rolunu oynasınlar. Təsəvvür edin ki, Füzulidə beynəlxalq hava limanı inşa edilir. Bu o deməkdir ki, bölgənin siması tam dəyişəcək. Orada həyat qaynarlaşacaq. Bu durumda ərazinin informasiya təminatı məsələsi aktuallaşmaqdadır.

Çünki bölgəyə maraq yaranacaq. Söhbət həm də beynəlxalq maraqdan gedir. Belə olan durumda bölgə mediası həmin marağı qarşılamağı bacarmalıdır. Eləcə də Şuşanı qeyd etmək istərdim. Həm Şuşa, həm Füzuli, həm də digər işğaldan azad edilmiş bölgələrimiz eyni zamanda turizm potensialına malik yerlərdir. Bunu dünyaya bəyan etmək üçün medianın standartları da fərqli olmalıdır. Hələ mən bölgələrin nəhəng magistral layihələrin mərkəzində olacağı reallığını demirəm. Bir sözlə, dünyanın diqqəti bölgədə olacaq. Bu diqqət mütləq şəkildə qarşılanmalıdır.

Bu baxımdan istər "Araz" qəzetinin, istərsə də digər media orqanlarının fəaliyyətinin bərpasını zəruri sayıram. Onların fəaliyyəti həm bərpa edilməlidir, həm də beynəlxalq standartlara uyğun şəkildə qurulmalıdır”.