Rəsmi Bakı tam haqlıdır

“İsgəndər M” raketləri ciddi məsələdir, Rusiya cavab verməlidir

"Mövzunu mümkün qədər ictimailəşdirməli, müzakirələri beynəlxalq müstəviyə daşımalıyıq"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda mühüm məqamlara toxunub. Dövlət başçısı növbəti dəfə Şuşaya atılan “İsgəndər M” raketlərindən bəhs edib. Ölkə rəhbəri Ermənistanın “İsgəndər” raketindən istifadə etməsini hərbi cinayət adlandırıb: “Movsesyan “İsgəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib. Sonra isə “İsgəndər”dən istifadə edilməsinin videogörüntüsünü əldə etdik. Mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”. Prezident “İsgəndər” raketinin qalıqlarının tapılmasından sonra baş verənlərin qəribə olduğunu da vurğulayıb.

Bildirib ki, Ermənistanın Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib: “Bunu necə başa düşə bilərik? Cavab ya “hə”, ya da “yox” olmalıdır. Əlbəttə, “hə”. Belə olmasaydı, “İsgəndər”dən istifadə etmədiklərini deyərdilər”. Dövlət başçısı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə edib:

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik”. Xatırladaq ki, ölkə rəhbərinin bəyanatından dərhal sonra Rusiya tərəfindən də açıqlama gəlib. Kremlin mətbuat katibi Dmitri Peskov məsələnin Rusiyada araşdırıldığını söyləyib. Onun sözlərinə görə, Moskva və Bakı “İsgəndər-M”lə bağlı məsələdə sıx dialoq vəziyyətindədir: “Dağlıq Qarabağda “İsgəndər-M” raketinin qalıqlarının aşkarlanması barədə Bakının məlumatı ilə bağlı Rusiya və Azərbaycan hərbçiləri sıx dialoq vəziyyətindədir. Bütün müvafiq məsələlər müzakirə olunur”. 

Qeyd edək ki, həm Ermənistan, həm də Rusiyanın rəsmi məlumatlarında bir neçə il əvvəl erməni ordusuna “İsgəndər E” raketlərinin satıldığı əks olunurdu. Şuşada “İsgəndər”in M tipli növünün tapılması isə ortaya yeni suallar qoyur. Raketlərin Rusiya tərəfindən Ermənistana gizli yolla satılması və ya hansısa yolla İkinci Qarabağ müharibəsində istifadə edilməsi ciddi məsələdir.

Çünki kifayət qədər ağır silah növü sayılan və satılmasına icazə verilməyən, hədəfi vurma məsafəsi 500 km-ə qədər olan “İsgəndər M” raketləri tam gücü ilə partlasaydı, müharibənin aparıldığı kiçik ərazidə ciddi fəlakətə səbəb ola bilərdi. O səbəbdən “İsgəndər M” raketlərinin Ermənistana verilməsi və ya bu raketlərin hansısa yolla Şuşaya atılması məsələsi Azərbaycan ictimaiyyətinin haqlı narahatlığına səbəb olub. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində “İsgəndər”dən istifadə etdiyini, lakin atılan raketlərin "partlamadığını, ya da 10 faiz partladığını" demişdi. Müharibə bitdikdən bir neçə gün sonra keçmiş Baş Qərargah rəisi Movses Akopyan “İsgəndər”in istifadəsi ilə bağlı sualı cavablandırarkən demişdi: “Atıldığını bilirəm, amma haraya atıldığını deməyəcəm”. İlin əvvəlində sabiq prezident Serj Sarkisyan adıçəkilən raketin müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyi barədə etibarlı məlumatlara malik olduğunu bildirərək, “İsgəndər”in atıldığını açıqlamışdı. Azərbaycan tərəfinin “İsgəndər” raketlərini nümayiş etdirməsindən sonra reallıq qarşısında qalan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan raketlərin atıldığını faktiki olaraq təsdiq etsə də, Şuşaya raket atılması məsələsinin “sirr” olduğunu iddia edib. 

Günlərdir müzakirə olunan mövzunu “Şərq”ə dəyərləndirən AMİP sədri Arzuxan Əlizadə “İsgəndər” raketlərinin ciddi məsələ olduğunu və rəsmi Bakının sonadək gedəcəyini deyib. Partiya rəhbərinin sözlərinə görə, “İsgəndər M” raketi Rusiya silah arsenalının ən güclü kütləvi qırğın silahlarından biridir:

“Bu raket nüvə başlığı daşıyır. Orta və uzaq mənzilli raketlərlə bağlı beynəlxalq razılaşmaya görə, Rusiya həmin silahları digər ölkələrə satmamaq barədə öhdəlik götürüb. Yəni “İsgəndər M” sadəcə Rusiya ordusunda olmalıdır. İndiyədək açıqlanan məlumatlarda Ermənistana verilən raketlərin “İsgəndər E” olduğu bildirilirdi. E tipli raketlər nisbətən yaxın mənzillidir. Ancaq konkret olaraq Şuşa şəhərində “İsgəndər M” tipli raketlərin qalıqlarının tapılması Ermənistan tərəfinin bundan istifadə etdiyini göstərir. Rusiyanın razılığı olub-olmadan baş verməsi isə başqa müzakirə mövzusudur. Ən böyük ehtimallardan biri raketin Gümrüdəki 102 saylı rus hərbi bazasından atılmasıdır. Faktlar ortadadır və əlimizdə kifayət qədər dəlil-sübut var”. 

A.Əlizadə vurğulayıb ki, nüvə başlıqlı raketin Ermənistana verilməsinin özü hərbi cinayətdir:

“Həmin silahdan istifadə də hərbi cinayət sayılır. Məsələ çox ciddi araşdırılmalıdır. Dövlət başçısının raketlərlə bağlı xəbərdarlığı və mesajı çox önəmlidir. Rəsmi Bakı haqlı olaraq Rusiyadan hesabat tələb edir. Çünki günlərdir barəsində danışdığımız raket ruslara məxsusdur və Ermənistana da onlar tərəfindən verilib. Moskvadan cavab gözləməyə haqqımız var. Bunu mümkün qədər ictimailəşdirməli, müzakirələri beynəlxalq müstəviyə daşımalıyıq. Kütləvi qırğın silahının tətbiq edilməsinə görə bütün iştirakçı tərəflər məsuliyyət daşıyır. Rusiya öz nüfuzunun zədələnməsini istəmirsə, qısa zamanda məsələni tam araşdırıb hesabat təqdim etməlidir. Nəticə bizi qane edəcək səviyyədə olanadək məsələnin üzərinə getməliyik”.