"Hərbi Qənimətlər Parkında muzey qaydaları tətbiq olunsun" - Qorunmalıdır

“Bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq. Neçə gündür sosial şəbəkələrdə parkda çəkilmiş görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni həqiqi erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim”.

 Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 
 Politoloq “Sherg.az”a açıqlamasında mövcud vəziyyətlə bağlə təəssüfünü dilə gətirdi:

“Hərbi Qənimətlər Parkı ona görə yaradıldı ki, gənc və gələcək nəsil əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olsun. Ancaq əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa, göstərməyə bir şey qalmayacaq. Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki, qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də, Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”.