Müəmmalar qalır: İşsizlər də icbari tibbi sığortadan faydalanmalıdır

İnsanların hara müraciət etməsi məsələsinə aydınlıq gətirilməlidir


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib ki, hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilərlər. Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir: "İcbari Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir.

İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da Xidmətlər Zərfidir. Xidmətlər Zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər. Hazırda İcbari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir".

Mövzu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə danışıb. O vurğulayıb ki, İcbari Tibbi Sığorta məsələsində bir çox çatışmazlıqlar mövcuddur: 

"Əslində bu cür suallar niyə ortaya çıxır? Bu işin təşkilat məsələlərində xeyli qüsurlar var. Yəni maarifləndirmə işi normal qurulmayıb. Hansı xəstəxanaların konkret olaraq İcbari Tibbi Sığortaya cavab verməsi kimi məsələlər birmənalı olaraq açıqlanmayıb. Məhz bu səbəbdən də icbari tibbi sığortada bir sıra çatışmazlıqlar hələ də mövcuddur".

A.Qeybulla əlavə edib ki, əhalinin İcbari Tibbi Sığortadan faydalanması üçün bir sıra məsələlərin aydınlıq gətirilməsinə ehtiyac var:

"Hesab edirəm ki, işsiz əhalinin də icbari tibbi sığortadan faydalanması üçün geniş maarifləndirmə prosesinə ehtiyac var. İlk növbədə İcbari Tibbi Sığortaya insanların hara müraciət etməsi məsələsinə aydınlıq gətirilməlidir.

Onlar yaşayış yeri üzrə, yoxsa müvəqqəti qeydə alınma üzrə müraciət etməlidir? Yəni xeyli məsələlər var ki, hələ də müəmmalar qalmaqdadır. Təbii ki, bu da bir çox suallar doğurur. Qeyd edim ki, işsiz vətəndaşlar birbaşa dövlət büdcəsindən maliyyələşirlər. İqtisadi sistemi düzgün qurulmuş bir sıra ölkələrdə isə işsizlər əmək birjaları tərəfindən maliyyələşirlər. Çünki bunlar əmək birjalarında qeydiyyatdan keçirlər.

Ona görə də əmək birjaları onları maliyyələşdirir. Bizdə bu sistem olmadığına görə işsiz vətəndaşlarımız dövlət büdcəsindən maliyyələşirlər. Ona görə də onlar da bu icbari tibbi sığortadan faydalanmalıdırlar".