Qanlı ADNA terroru: Daxili, yoxsa xarici sifariş? - Gizli əllər göstərildi 

Tarix 30 aprel 2009-cu ili göstərir. Bakıda günəş doğur, hər kəs işə, məktəbə, universitetə tələsir. Yəni sıradan bir gündür. Ta ki, o ana qədər. Birdən şəhərin mərkəzindən güllə səsləri gəlir. Keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU - red.) “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər isə xasarət alıb. Onların içərisində tələbələr, müəllimlər və digər universitet işçiləri də var. Yaralanan tələbələr sırasında xarici vətəndaşlar da olub. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü öldürüb. Sonradan məlum olub ki, o, Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirovdur. Onun universitetdə nə qədər güllə sərf etdiyi müəyyənləşdirilməyib. Lakin üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradan terrorçuluq ittihamı da irəli sürülüb. İstintaq-əməliyyat qrupu yaradılıb.

2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onlar Gürcüstandan olan azərbaycanlılardır. Terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli biliniblər.

Hökm zamanı cinayətlə əlaqələrinin olmadığını bildiriblər

İstintaqın məlumatına görə isə cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni təsilli Mardin Qumaşyandır. Onun müttəhimlərə yüklü miqdarda pul vəd etdiyi və terrorçuluğu maliyyələşdirdiyi söylənilib. Qumaşyan Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verib, qalanını isə cinayət törədildikdən sonra verəcəyinə razı salıb. Həm də Qədirov tərəfindən 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Amma bütün bunları sübut edən dəlillər təqdim edilməyib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyənləşdirib. O, cinayəti törətməzdən əvvəl mobil telefonu ilə video çəkib və bunu Azərbaycan cəmiyyətinə nifrət etdiyi üçün törətdiyini deyib. Qədirov Gürcüstana gəlməzdən əvvəl Rusiyada yaşayıb.

Vəkillər hüquq-mühafizə orqanlarının M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etmədiyini qeyd ediblər. Qumaşyanın evinə dəfələrlə jurnalistlər yollanaraq, onunla danışıblar.

O, bu işlərlə əlaqəsinin olmadığını, Fərda Qədirovu tanımadığını söyləyib. Hazırda isə M.Qumaşyan Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dindirilməyib.


İllər ötüb, akademiyanın adı da dəyişib. Lakin divarlarındakı nalələr, acı hadisənin izləri qalmaqdadır. Olayın niyə və nə üçün baş verdiyi isə məlum deyil. Görəsən, doğrudan da bu, Fərda Qədirovun psixoloji problemlərinin nəticəsi idi? Ya da Qumaşyanın hazırladığı terror aktı? Maraqlıdır ki, hər iki şəxs də məlum cinayəti maliyyələşdirəcək gücdə imiş kimi görünmürlər. Bəs kimdir təqsirkar? 13 həyata qıyan qanlı əllərin sahibləri kimlərdir?

 «10 nəfərin adını sadalayaram ki, cinayətin kimlər tərəfindən törədildiyini yaxşı bilirlər»

Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu “Şərq”ə deyib ki, ADNA-dakı terror Azərbaycanın müstəqillik tarixində törədilən səs-küylü, qanlı hadisələrdən biridir:

“Həmin olayların biri aydınlaşmayıb. Hələ 1994-cü ildə xüsusi idarənin rəisi, general Şəmsi Rəhimovla Milli Məclisin birinci müavini Afyəddin Cəlilovun eyni gündə müxtəlif yerlərdə qətlə yetirilməsi, ardınca Ziya Bünyadovun öldürülməsi, general-leytenant Rail Rzayevin qətli, Bakı metropolitenindəki terror aktı və bir neçə hadisələr, o cümlədən ADNA olayı da açılmamış ciayətlər silsiləsindədir. Sadalanan hadisələrin qaranlıq qalmalarının səbəbi isə xaricdən və siyasi sifarişli olmalarıdır. Güclü dövlət tərəfindən təşkil edilib və əsl cinayətkarların üzə çıxarılmasında Azərbaycanın hüquq-mühafizə orqanları səy göstərməyiblər. Ona görə ki, bu qətl hadisələri istintaq-tədqiqat məsələsi deyil, siyasidir. İlk növbədə siyasi qərar olmalıdır. Əminəm ki, o zaman rahatlıqla həmin cinayətlər açılar, sifarişçiləri tapılar. Qətllərin əksəriyyəti isə xaricdən sifariş olunmaqla yanaşı daxildəkilərin əli ilə həyata keçirilib. Bu da işləri bir qədər çətinləşdirir. Sifarişçilər də bunu nəzərə alıb, daxili icraçılar vasitəsi ilə reallaşdırıblar. Neft Akademiyasında baş verən terror aktı da onlardan biridir. Dəfələrlə demişəm, ADNA-da törədilən terrorun üstünün açılması üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərlərindən - Eldar Mahmudovdan, Hilal Əsədovdan “yapışmaq” lazımdır. Təbii ki, onlar dindirilərkən sifarişçilərin kim olduğunu da söyləyəcəklər. Dəfələrlə bu haqda yazmağıma baxmayaraq, nə Eldar Mahmudov, nə də onun müavini mənə etiraz edib, məhkəməyə veriblər. Səbəbi çox sadədir, bilirlər ki, cinayətin təşkilində iştirakları olub, onlara qarşı faktlar, sübutlar var. Həm də hadisənin canlı şahidləri mövcuddur. 10 nəfərin adını sadalayaram ki, cinayətin kimlər tərəfindən törədildiyini yaxşı bilirlər. Bu qətllər Azərbaycan dövlətinə təzyiq xarakteri daşıyırdı. Məsələn, həmin dövrdə Azərbaycanla Avropa arasında müxtəlif sahələrdə əməkdaşlıq sazişinə, enerji iş birliyinə hazırlıq gedirdi. Eyni gün ölkə başçısının təyyarəsi Brüsseldən qayıdırdı və onun Bakı hava limanına endiyi zaman, təxminən həmin dəqiqələrdə terror aktı törədildi. Araşdırmalar göstərdi ki, bu, təsadüf deyildi. Mesajlarla dolu terror hadisəsidir. Bütün bu cinayətlərdə günahsız insanlar şərlənərək həbs olunublar, əksəriyyəti hələ də məhkumdur. Törədənlər, sifariş edənlər, taladıqları milyardlarla, 100 milyonluq villalarda yaşayırlar. Keçmiş MTN-in 20-dən çox əməkdaşı mühakimə olunub, rəhbərləri isə bir ay belə həbs cəzası almadılar. Bunun özü də müəmmalıdır. Bu olayların arxasında nüfuzlu, güclü xarici sifarişçilər olduğundan nəinki cinayətlər açıldı, onlar başqa cinayətlərinə görə də mühakimə olunmadılar. Təkrar edirəm, MTN rəhbərlərinə bir kəlmə də deyilmədi. Bunun səbəbi nədir? Nə qədər ki, cəzasızlıq mühiti hökm sürür, bu cinayətlər də açılmayacaq”.

«O adam əvvəlcədən də hadisəyə hazırlaşıb. Lakin bir az sirli məsələlər qaldı”

Keçmiş polis rəisi Mahmud Hacıyev isə məsələyə bir neçə kontekstdən yanaşılmalı olduğunu düşünür:

“Terrordan hansısa ölkə sığortalanmayıb. Demək olmaz ki, niyə, nə səbəbdən bizdə oldu? Hansısa gündə, saatda istənilən ölkədə baş verə bilər. Məsələn, Amerikada da, Böyük Britaniyada da, Almaniyada da, Fransada da terror aktları müşahidə olunub. Bizdə də baş verdi. Hadisəni törədən isə sonda özünü öldürdü. Sağ ələ keçmədi, diri tutulsa, daha müəyyən açıqlamalar olardı. İstintaq apardılar və belə qənaətə gəlindi ki, həmin adamın psixi problemləri var imiş. Əvvəlcədən də hadisəyə hazırlaşıb. Lakin bir az sirli məsələlər qaldı”.

«MTN zabiti İlqar Əliyevin hansısa formada bu cinayətdən xəbərdar olduğunu da iddia edirdilər»

Politoloq Azər Rəşidoğlunun fikrincə isə bu hadisədə müəmmalar çoxdur:

“Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunması, Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması, Elçin Quliyev və İlqar Əliyevin həbsi məsələnin yenidən araşdırılmasını tələb edir. O vaxtlar İlqar Əliyevin hansısa formada bu cinayətdən xəbərdar olduğunu da iddia edirdilər. Düşünürəm ki, burda həddindən artıq müəmmalar və cavabı tapılmayan suallar mövcuddur. Həmin məsələnin tədqiqatına ehtiyac duyulur, jurnalist araşdırması və ictimai nəzarətin olması vacibdir”.

«Burda xarici iştirak vardı. Həm xarici faktorlar, həm də daxildəki “beşinci kolon” ciddi rol oynadı»  

Keçmiş milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər deyib ki, ADNA terroru cəmiyyətimiz üçün ağır hadisə idi:

“Əslində ölkəmizin geoiqtisadi maraqları ilə əlaqəlidir. O zaman Azərbaycan qazının dünya bazarlarına çıxarılması layihəsinə qarşı törədilən terror aktı idi. Burda xarici iştirak olduğuna görə, istintaq sona qədər, obyektiv şəkildə aparılmadı. Həm xarici faktorlar, həm də "beşinci kolon" ciddi rol oynadı. Xalqımız da bu günə qədər terror hadisəsinin təşkilatçıları üzə çıxarılmadığına görə narazıdır və narahatlığını da hər zaman dilə gətirir. Bu işin açılmamasının səbəbi qeyd etdiyim kimi, xarici xüsusi xidmət orqanlarının iştirakı və onların Azərbaycandakı uzantılarının araşdırmalara mane olmasıdır”.


 “Fərda Qədirovu uzaqdan gördüm, sonuncu mərtəbədə damdan çıxa biləcəyini fikirləşirdi. Dam da bağlı idi, qaça bilmədiyi üçün özünü öldürdü”

Gəlin bir də həmin günün fəryadını, olayın şahidi, ADNSU-nun (ADNA - red.) 2010-cu il məzunu Elnur Eyvazovdan eşidək. Deyir ki, o vaxt 20-21 yaşlarında gənc tələbə olub:

“Aprelin 30-u başqa günlərdən fərqlənmirdi, universitetə getdik, dərsə girdik. Birdən partlayış səsləri eşitdik. Gənc idik, hərbidə olmamışdıq deyə, əvvəlcə başa düşmədik. Müəllimimiz isə şübhələndi, dedi ki, atəş səsi gəlir. İkinci dəfə bu sözü təkrarlayanda dəhlizə çıxdıq. Gördük ki, tələbə yoldaşımızın biri yerdə uzanıb, silahlı bir şəxs dəhliz boyu irəliləyir. Əvvəlcə onun psixi problemli tələbə olduğunu düşündük. Universitetin dəhlizini sona qədər gedəndə, dalana dirənir. Cinayətkar isə bunu bilmirdi. Ona görə dəhlizin sonundan geri qayıtdı. Mən də tələbə yoldaşlarımla birgə ona baxırdım, anlamırdıq ki, bizə də atəş aça bilər. Sonra güllə atmağa başladı, biz də terrorçu olduğunu görüb, auditoriyaya girdik. Dərhal müdafiə mexanizminə keçdik. Bir tələbə yoldaşımız qaçdı ki, qapını bağlasın. Bu zaman terrorçu onu boğazından vurdu. Xoşbəxtlikdən o ölmədi, huşunu itirdi. Silahlı şəxs əlini qapıdan salıb, sinifə atəş açdı. Güllələri fasiləli şəkildə atdığı üçün biz özümüzü, tələbə yoldaşlarımızı qoruya bilirdik. İki yoldaşımız orda xəsarət aldı, biri yüngül, digəri ağır yaralanmışdı. Qeyd edim ki, o, auditoriyalara girmirdi, aşağı mərtəbədən yuxarıya doğru qalxır, dəhlizdə kimi görsə, vururdu. Bizim sinif isə dekanın otağı ilə yanbayan idi və ora eyvan vasitəsilə keçmək olurdu. Planlaşdırdıq ki, bir qismimiz ağır yaralılarla qalaq, digərləri isə daha təhlükəsiz yerə getsin. Belə də etdik. Biz 3-4 nəfər vəziyyəti ağır olan yoldaşlarımızın yanında durduq. Elə orda öləcəyimizi düşünürdük. Sonra o birilər kömək üçün geri qayıtdılar və bizi də çıxartdılar. Yenə də atəş səsləri gəlirdi. O an silahlı şəxs rus bölməsində oxuyan tələbələrə atəş açırmış. Hətta bir tələbə yoldaşımız elə bilib ki, o, zarafat edir. Əlini terrorçuya uzadıb,” neynirsən?” deyəndə, vurulub. Yaxın məsafədən güllə başından dəyib, həmin dəqiqə dünyasını dəyişib”.

E.Eyvazov onu da əlavə edib ki, qatil çox sərrast güllə atırmış:

“Yanına kimsə yaxınlaşa bilmirdi. Onun üzərinə hücuma keçmək mümkün deyildi. Xüsusi xidmət orqanları da dərhal gəldilər. Onlar belə terrorçunu tezliklə zərərsizləşdirə bilmədilər. Onu mərtəbə-mərtəbə izləyirdilər. F.Qədirov isə sonuncu mərtəbədə damdan çıxa biləcəyini fikirləşirdi. Dam da bağlı idi, qaça bilmədiyi üçün özünü öldürdü. Mən onu bir az uzaqdan gördüm. Məsələn, arada sual verirlər ki, doğrudan da Fərda Qədirov idimi və neçə nəfər olublar? Bəli, təkcə o idi. Bir də ki, onun etdiyini yalnız xüsusi hazırlıqlılar bacara bilərdi. Çünki tapançadan düzgün istifadə edirdi,  sərrast atırdı. Biz də özümüzü və yoldaşlarımızı atəş altından çıxarmaq missiyasını müvəffəqiyyətlə yerinə yetirdik. Polislərlə geri qayıdıb, yaralıları təxliyyə edirdik. Orda həlak olan, qatıq satan bir xala vardı, onun meyitini biz daşıdıq. Zənn etdim ki, xala yaşayır, demə ölübmüş. O zaman gənc tələbələrin çətin bir stiuasiyada operativ davrandıqlarını gördüm. Biz yaralılarla məşğul olanda, digər dostlarımız qapıya partaları düzdü ki, terrorçu içəri girəndə ləngisin. Ona görə itkimiz də az oldu.
Əliyalın şəkildə vəziyyətdən çıxa bildik. Müəyyən bir müddət psixoloji təsirləri qaldı. Pisxologiyamız tamam korlanmadı, sadəcə şok yaşadıq, sonra həyatımıza davam etdik”.

Hazırladı: Samirə Ərəblinski