Güzəşt gözləməyin! Ali məktəblər təhsil haqları ilə yaşayırlar


Ondan tam imtina təhsil müəssisələrinin bağlanmasına gətirib çıxarar

Pandemiya ilə əlaqəli olaraq bəzi iş yerlərinin bağlanması və insanların gəlir yerlərindən məhrum olması bir çox çətinliyi də özü ilə bərabərində gətirdi. Belə çətinliklərdən biri də işsiz qalan valideynlərin övladlarının təhsil haqlarını ödəməkdə çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, sosial təminatı aşağı olan, valideynlərinin birini, yaxud hər ikisini itirən tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün təhsil aldığı müəssisədən çıxarılma təhlükəsi ilə üzləşmişdi. Artıq növbəti semestrə sayılı günlər qalıb. Sosial baxımdan həssas əhali qrupuna aid olan ailələri bu günləri təhsil haqlarının necə ödəyəcəkləri düşündürür. 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlama verib. Ekspert bildirib ki, artıq dövlət burada öz missiyasını həyata keçirib: 

“İlk növbədə qeyd edim ki, 2020-ci ildə dünya, eyni zamanda Azərbaycan təhsil sistemi yeni formata keçid etdi. Bu formatda məsafədən tədrisin həyata keçirilməsinə nə biz, nə də dünyanın heç bir ölkəsi hazır idi. Bununla yanaşı, bilirik ki, məhz pandemiya səbəbindən təkcə təhsil prosesi formatı dəyişmədi, minlərlə insan iş yerini itirdi və bu da onların gəlirindən məhrum olmasına gətirib çıxardı. Bu zaman bizim hökumət yükü öz üzərinə götürdü və humanist bir addım atılaraq dövlət büdcəsindən 40 milyon manat vəsait ayrıldı. Bu vəsait hesabına dövlət pandemiyadan zərər çəkmiş ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi prosesini öz öhdəsinə götürdü. Qeyd edim ki, proqram çərçivəsində ümumlikdə 20 mindən çox şəxsin 2 semestrlik təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənildi ki, bu da təhsilin əlçatanlığı üçün vacib bir addım idi".

Ekspert hesab edir ki, təhsil haqlarının tam şəkildə ödənilməsindən imtina etmək təhsil müəssisələrinin bağlanmasına gətirib çııxara bilər:

"Doğrudur, pandemiya bütün insanlara təsir göstərib. Yəni iş yerlərinin bağlanması, əmək haqlarının azalması insanların ödəmə qabiliyyətlərini azaldıb. Düzdür, müəyyən iş yerləri açılıb, amma tam olaraq proses başa çatmayıb. Qeyd edim ki, Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda “Təhsil haqqında” Qanuna görə istedadlı şəxslərin təhsil haqlarının ödənilməsi dövlət üzərinə götürülən bir öhdəlikdir. Hesab edirəm ki, burada məsələ təkcə təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi ilə həll olunmamalıdır. Bilirik ki, sosial həssas ailə qruplarının təhsil haqları dövlət büdcəsi tərəfindən ödənilir. İndi də belə olacaq. Fikrimcə, aztəminatlı ailələrə təhsil haqlarının ödənilməsində müəyyən güzəştlər edilməlidir. Amma bir məsələni də nəzərə alaq ki,  ali təhsil müəssisələrinin özləri də əməkdaşlarının əmək haqlarını verməli və digər xərclərini ödəməlidirlər. Yəni bir tərəfdən baxsaq güzəşt edilməlidir, amma  digər tərəfdən isə təhsil haqları ödənilmədikdə universitetlərin gəlirləri aşağı düşür. Nəticədə onlar da öz əməkdaşlarının maaşlarını verə bilmir. Tövsiyə olunur ki, maksimum ali təhsil haqlarının ödənilməsi ilə bağlı güzəştlər olunsun, tələbələrə vaxt verilsin və ya ən azından hissə-hissə ödəməyə imkan yaradılsın. Amma tam şəkildə ödəmədən imtina etmək, hesab edirəm ki, bu, təhsil müəssisələrinin bağlanmasına gətirib çıxara bilər. Çünki bizim universitetlər yalnız tələbələrin ödədikləri təhsil haqları ilə yaşayırlar və gəlirləri yalnız budur".