“Uşaqlıq xatirələrim bir-bir məni tərk edir"

Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında dünyasını dəyişib. Bu barədə onun qızı Aydan Salahova mətbuata açıqlama verib. T.Salahov Almaniyada vəfat eidb.

“Sherg.az” xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova da tanınmış rəssamın ölümündən yazıb:

“Uşaqlıq xatirələrim bir-bir məni tərk edir. Onu ilk dəfə 1985-ci ildə Moskvada keçirilən Gənclərin və tələbələrin 12-ci Ümumdünya festivalında görmüşdüm.  M.Qorki adına parkda Azərbaycana aid kompleksdə konsertimizə gəldi və ifamdan sonra yaxınlaşıb, təbrik etdi. Dedi ki, Aybəniz, mütləq sənin rəsmini çəkəcəm. Festival müddətində bir ay gündə 3 dəfə konsert verdik. Artıq sonuncu günlər idi. Tahir müəllim keçmiş komsomolun birinci katibi başda olmaqla bizi Moskva rəssamlar ittifaqına öz sərgisinə dəvət etdi. Orada milli geyimdə rəsmimi görəndə elə bildim dünyaları mənə bəxş etdilər. Əvəzsiz bir gün idi. Kaşki o rəsmimi utanmayıb, ondan istəyərdim.  Pandemiyadan öncə onun Bakıdakı ev muzeyinin müdirindən soruşdum, bir məlumatının olmadığını söylədi. Söz verdi ki, Moskvadakı rəsmlərindən tapsa, Bakıya gətirəcək. Ümid edirəm ki, ölmədən o rəsmi yenidən görə biləcəm. Bu gün çox pis oldu. Tahir müəllimin ölüm xəbərini eşitdim. Tahir Salahov Sovet dövrünün ən parlaq simalarından idi. Azərbaycanın fəxri olub və olacaq! Ruhun şad, yerin behişt olsun, fəxarətli insanımız! Görüşənədək, əziz Tahir Salahov!”