Samir Şərifov reallıqlara gözünü qıyıb baxır


Azərbaycan iqtisadiyyatı 2020-ci ilin şoklarından qismən çıxa bilib, tam çıxmayıb


"Ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub". Bunu Maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib. Nazir qeyd edib ki, operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətnlə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında  bu fikirlərlə qismən razı olduğunu ifadə edib. O diqqətə çatdırıb ki, Azərbaycan bütün sınaqlardan üzüağ çıxmağı həqiqətən də bacarıb:

"Gəlin ilk növbədə Prezident İlham Əliyevin çıxışına nəzər yetirək. Bildiyimiz kimi, Gürcüstandan keçən dəmir yoluna mane olmaq üçün Avropa Birliyi ölkəmizə təsir etmək istəyirdi. Yəni Avropa ölkələri istəyirdi ki, Azərbaycan münaqişə vəziyyətində belə yolları Ermənistanla açsın. Ancaq nəticədə Azərbaycan öz gəlirləri ilə Gürcüstana kredit verib dəmir yolunun çəkilməsinə dəstək oldu. Əgər ölkə asılı vəziyyətdə olsaydı, o, bu cür təziqlərə davam gətirə bilməzdi. İkinci məqam ondadır ki, müharibə çoxlu vəsait tələb edir. İqtisadiyyatın güclü deyilsə, sən müharibə apara bilməzsən. İndi gəlin Ermənistana baxaq. Onlara o qədər pulsuz silah verilsə də, bu günləri aciz durumdadır. Yəni Ermənistan kimlərinsə dırnaqarası desək, yalına arxayın olub nəsə etmək istəyirdi. Azərbaycan bütün dünya üzrə pandemiyaya baxmayaraq, iki cəbhədə vuruşaraq qalib gəlməyi bacardı. Yəni istər virusla mübarizədə, istərsə də müharibədə üzüağ çıxdı. Düzdür, bəzi xırda narazılıqlar oldu. Bu, istənilən inkişaf etmiş ölkədə ola bilər. Demək Cənab Prezident hər şeyi yaxşı anlayırdı və yəni nəyi necə etməyi bilirdi".

R.Qarayev sahibkarlara edilən dəstək planından da söhbət açıb:

"Məlum olduğu kimi, 2020-ci ildə sahibkarlara da dəstək planı həyata keçirildi. Yəni zərər çəkənlər az da olsa bu məqamda maliyyə baxımından yardım ala bildilər. Yenə də xırda nöqsanları nəzərə almasaq, ümumilikdə, deyə bilərik ki, Azərbaycan 2020-ci ilin sınaqlarından qalib olaraq çıxmağı bacardı. Baxmayaraq ki, qonşu ölkələr tərəfindən bizə çox təzyiqlər edilirdi. Təbii ki, bu təzyiqlərə də tab gətirmək üçün hər şeyi illər öncə ölçüb-biçmək lazım idi. Bir faktı da qeyd edim. Deyirdilər ki, hərbidə böyük korrupsiyalar var. Düzdür, korrupsiya faktı var. Amma qeyd edim ki, bu tək bizim ölkədə deyil, istənilən ölkədə mövcuddur. Əgər ölkədə bu fakt geniş vüsət alsaydı, bu halda biz məğlub tərəf olardıq. Ona görə də maliyyə nazirinin dediyi bəzi məqamlar ilə razılaşıram".