Azəri qızı Günel Tatlısəslə xatirələrindən DANIŞDI: “Dedi ki, ananın öldüyünü...”

"İlk albomum və PR-ımla əlaqəli bütün xərcləri İbrahim Tatlısəs ödədi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Özəl” proqramında müğənni Günel Zeynalova( Azəri qızı Günel) söyləyib. O ilk albomunun 2 milyona qədər satıldığını xüsusi vurğulayıb:
“İbrahim bəy də şokda idi. Hətta burada kasetin plagiatı satılırdı. Üz qapağındakı fotoda sifətim qıpqırmızı düşmüşdü, özümü tanıya bilmədim. Mən hər iki ölkəmə  də təşəkkür edirəm. Biz iki dövlət, bir millətik”.

İfaçı türkiyəli ulduz İbrahim Tatlısəslə xatirələrindən də söz açıb:

““Beni anneme götürün” mahnısını ifa edirdim. İ.Tatlısəs dedi ki, ananın öldüyünü düşün, elə oxu.  Adama belə söz deyərlər? Mənim də zəif nöqtəm ailəmdir. Onların yoxluğu ağlıma gələndə çox pis oluram. Ona görə həmin mahnını oxuyanda duyğusal idim, hətta ağladım da”.

G.Zeynalova deyib ki, onun həyatı bir film kimidir:

“Gələcəkdə ömür yolumdan kitab yazacam. Öncə valideynlərimdən yazmağa başlayacam. Çünki onların bir sevgi hekayəsi var. Biz də bu məhəbbətdən dünyaya gəlmişik. Hələ özəl həyatımda nələrisə yaşamamışam. Mən də sevib evlənmək istəyirəm. Yəqin ki, həyat yoldaşımın gözlərinə eşqlə baxmağı, belə mahnı oxumağı arzulayıram. Bir də ki, kefim olmayanda, ya da əsəbi halda yaxşı ifa edirəm. Mahnıdan çox şey asılıdır. Məncə, sənətçi hər durumda özünü mahnıya uyğunlaşdırmalıdır. Nənəm rəhmətə gedəndə konsertim var idi. Bir saat sonra səhnəyə çıxmalı idim və çıxdım”.